Tribuna İnformasiya Agentliyi

Dünyanın unutduğu, aclıq hökm sürən Yəmən

08 Noyabr

Yəməndə atəşkəs çağırışları ərəb koalisiyasının hücumlarının artması ilə müşahidə olunur;  Səudiyyə Ərəbistanının Yəməndəki inadının arxasında dayanan amillər…

Yəməndə müharibə, aclıq və epidemiya nəticəsində insanların kütləvi ölümlərinin sayı artıb. UNİCEF-in məlumatına görə, hazırda hər 10 dəqiqədə bir yəmənli uşaq aclıq və xəstəlikdən dünyasını dəyişir. Bu barədə təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Girt Kepler İordaniya paytaxtında keçirdiyi mətbuat konfransında məlumat verib.

Yəmənin “uşaqların cəhənnəminə” çevrildiyini deyən UNİCEF rəsmisi vəziyyətin ölkənin 60 faizində deyil, bütün ərazisindəki uşaqlar üçün eyni dərəcədə fəlakətli olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda Yəməndə 1,8 milyon uşaq aclıq çəkir və normal qida ala bilmir. Bundan başqa, 400 uşaq isə aclığın yaratdığı xəstəliyi yaşayır. Bu uşaqların 40 faizi Hudeydə şəhərindədir. Vəziyyət isə günü-gündən daha da pisləşir. Kepler deyib ki, hər il 5 yaşdan aşağı təxminən 30 min uşaq xəstəlikdən dünyasını dəyişir. O, qida çatışmazlığının aradan qaldırılacağı təqdirdə bu ölümlərin qarşısının alına biləcəyini bildirib.

Yəməndə isə müharibə amansızcasına davam edir. Məlum olduğu kimi, 2015-ci il martın 26-da Səudiyyə Ərəbistanının liderliyi ilə 10-a yaxın ərəb və müttəfiq ölkələr Yəmənə hərbi müdaxilə edib. Əsas şüar isə Yəməndə 2014-cü ilin sentyabrında hakimiyyəti ələ keçirmiş husilərin Ənsarullah Hərəkatını hakimiyyətdən uzaqlaşdırıb devrilmiş prezident Mansur Hadini postuna geri qaytarmaqdır. Məlum olduğu kimi, 2012-ci ildə prezident Əli Abdullah Salehin iqtidarı bir ilə yaxın davam edən xalq etirazı nəticəsində devrilib və ölkəyə müvəqqəti olaraq vitse-prezident Mansur Hadi rəhbərlik etməyə başlayıb.

yemende ile ilgili görsel sonucu

Ancaq M.Hadi seçkilər keçirməyib və sonrakı illərdə siyasi qüvvələr və etnik qruplarla dil tapa bilməyib. Nəticədə 2014-cü ildə şimalda üsyan qaldıran husilər digər etnik qruplarla birləşərək mərkəzi hökuməti və paytaxt Sənanı ələ keçirib. Ancaq 2015-ci ilin yanvarında Kral Abdullanın ölümündən sonra vəzifəyə gələn Kral Salman Yəməndə şiə-zeydilərin hakimiyyətdə möhkəmlənməsinə imkan verməmək üçün bu ölkəyə təzyiqləri artırıb. Martda isə hərbi müdaxilə başladıb. Ancaq husilər Səudiyyə Ərəbistanı koalisiyasına qarşı ciddi müqavimət göstərib, bu səbəbdən də əməliyyat uzanıb və hələ də davam edir. Ərəb koalisiyası Yəmənin husilərin nəzarətində olan hissəsini havadan və dənizdən mühasirəyə alıb, ölkəyə qida, dərman keçirilməsinə imkan verilmir. Səna şəhərinin beynəlxalq hava limanı Səudiyyə aviasiyası tərəfindən bombalanaraq uçuşa yararsız vəziyyətə gətirilib.

yemende ile ilgili görsel sonucu

Hazırda Yəmənin husilər nəzarət edən bölgəsində dənizə yeganə çıxışı olan Hudeydə şəhəri uğrunda artıq 5 aydır qanlı döyüşlər gedir. Ərəb koalisiyası şəhəri ələ keçirmək və bununla da husilərin dənizdən yardım ala biləcəyi sonuncu limanı da nəzarətə götürmək istəyir. Ancaq husilər limanı hələ ki qoruyurlar. Yaz və yayda davam edən bir neçə hücum nəticəsiz olduğu üçün ötən həftə ərəb koalisiyası 10 yeni qüvvə ilə Hudeydəyə yeni hücum başladıb. İki gün əvvəl şəhərin ələ keçirildiyi xəbərləri yayılsa da, husilər növbəti dəfə təkzib ediblər.

Ötən gün Yəmən ordusunun sözçüsü Yəhya Səri bildirib ki, Hudeydə şəhərinə hücum zamanı 200-dən çox Səudiyyə Ərəbistanı hərbçisi öldürülüb. Hudeydə şəhəri koalisiyanın nəzarətinə keçərsə, bu, husilərin məğlubiyyəti anlamına gəlir. Çünki husilərə gələn yardım və qidanın 70 faizi Hudeydə limanından keçirilir.

yemende ile ilgili görsel sonucu

Maraqlıdır ki, Səudiyyə Ərəbistanı koalisiyası Hudeydə şəhərinə hücumu məhz ABŞ hökumətinin atəşkəs çağırışından sonra başladıb. Ehtimal olunur ki, dünya ictimai rəyində Səudiyyə Ərəbistanının nüfuzunun düşməsi, Qaşıqçı hadisələrinə sərt etirazların fonunda Ər-Riyada qarşı qəzəb də artıb. Belə bir vəziyyətdə ehtimal ki, ab-havanı yumşaltmaq üçün Vaşinqton krallığa atəşkəs üçün təzyiq etməyə başlayıb. Bu isə o deməkdir ki, Ərəbistan hakimiyyəti husilərlə atəşkəsdən sonra danışıqlar masasına oturacaq. Onlar isə Yəməndə savaşdan nəticəsiz çıxmaq istəmirlər. Bu səbəbdən də Hudeydə şəhərini, yəni husilərin sonuncu “nəfəsliyini” bağlamaq və atəşkəsə qədər onları məğlubiyyətə uğratmaq istəyirlər.

Yəmən Ali İnqilab Komitəsi sədri Məhəmməd Əli əl-Husi bildirib ki, Səudiyyə Ərəbistanının hücumları məhz ABŞ dövlət katibi Maykl Pompeonun atəşkəs çağırışından sonra artıb. Eyni zamanda o deyib ki, ərəb koalisiyasının qərb sahillərindəki hücumları sülh müzakirələrini zədələmək məqsədi güdür. Ancaq əl-Husi istənilən halda müqavimət göstərməkdə davam edəcəklərini bildirib.

Dünya ictimaiyyətində Səudiyyə Ərəbistanına qarşı təzyiqlərin artması, üstəlik, Yəməndəki humanitar böhranın fəlakətli vəziyyətə gəlməsi bu ölkədəki amansız müharibənin dayanacağı ilə bağlı ümid yaradır. Ancaq ərəb koalisiyası, eləcə də onun Qərb müttəfiqləri Yəməndə İranla yaxın əlaqələri olan husilərin legitimliyini qəbul etməkdə çətinlik çəkir.

Kənan RÖVŞƏNOĞLU