Tribuna İnformasiya Agentliyi

Dünyada qiyməti 11,5%, Azərbaycana idxalı isə 40% bahalaşıb

21 İyun

Azərbaycana kərə yağının idxalı miqdar ifadəsində azalsa da, idxal dəyəri artmaqdadır. Kərə yağının idxal dəyəri 11 milyon 248 min dollar artıb.

TİA.AZ Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 36 milyon 336 min dollar dəyərində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Ötən ilin ilk 5 ayında 25 milyon 88 min dollar dəyərində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Miqdar ifadəsində isə kərə yağı idxalı azalıb. Belə ki, ötən ilin yanvar-may aylarında idxal edilmiş kərə yağının miqdarı 6 290 ton təşkil etmişdi. 2018-ci ilin yanvar-may aylarnda bu miqdar 6 147 ton təşkil edib.

İdxalın miqdarının azalmasına baxmayaraq dəyərinin artmasının səbəblərindən biri dünya bazarlarında süd məhsullarının bahalaşmasıdır. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, Süd Məhsullarının Qiymət İndeksi mayda əvvəlki aya nisbətən 5,5 faiz, keçən ilin eyni ayı ilə müqayisədə isə 11,5% artıb. Bu dəyişikliyə, Yeni Zelandiyanın ixracının azalması səbəb olduğu güman edilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı və süddən hazırlanmış digər yağların statistik idxal dəyəri 45% artıb. Miqdarı isə 2,3% azalıb. Qısası, cüzi miqdar azalmasını nəzərə alsaq, kərə yağının Azərbaycana idxalı 40% civarında bahalaşıb.