Dünyada  1 dəqiqədə 11 nəfər acından, 7 nəfər koronavirusdan ölür…backend

Dünyada 1 dəqiqədə 11 nəfər acından, 7 nəfər koronavirusdan ölür…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünyada aclıq və yetərsiz qidalanmadan dəqiqədə 11 nəfər ölür. Bu isə COVID-19-dan ölüm səviyyəsindən yüksəkdir. Belə ki, koronavirusdan dəqiqədə orta hesabla 7 nəfər dünyasını dəyişir. OXFAM təşkilatının bu gün iyulun 9-da açıqladığı “Aclıq virusu çoxalır” adlı hesabatında belə deyilir.
Hesabatda deyilir ki, münaqişə aclığın əsas səbəbidir. Pandemiya isə 2020-ci ildən bəri aclığın altı dəfəyədək artımına səbəb olub və yarım milyondan çox insanı aclığa sürükləyib. Hazırda dünyada 155 milyon nəfərin ərzaq təhlükəsizliyi ilə bağlı böhran həddində yaşadığı bildirilir. Bu, ötən ildəkindən 20 milyon çoxdur. Bu adamların hər üç nəfərindən ikisi ölkəsində müharibə, yaxud münaqişə getdiyi üçün ac gəzir.
Hesabatda koronavirus pandemiyasının, eləcə də iqlim böhranının səbəb olduğu iqtisadi sarsıntıların təsirindən də söz açılır. Təşkilat bildirir ki, on milyonlarla insan bu səbəblərdən aclığa sürüklənib. Kütləvi işsizlik, ərzaq istehsalının pozulması isə dünyada ərzağın qiymətini 40 faiz artırıb ki, bu isə son on ildə ən böyük artım deməkdir.
Oxfam Amerika təşkilatının prezidenti Ebbi Maksman deyir ki, müharibə tərəfləri pandemiya ilə mübarizə aparmaqdansa, bir-birləri ilə savaşıblar, çox vaxt iqlim fəlakətləri və iqtisadi sarsıntılar altında əzilənlərə son zərbəni vurublar. Amma pandemiyaya baxmayaraq, qlobal hərbi xərclər 51 milyard dollar artıb. Bu, aclığı dayandırmaq üçün BMT-yə lazım olan məbləğdən azı altı dəfə çoxdur.
Hesabatda “ən pis aclıq ocaqları” sadalanır. Bu sıraya Əfqanıstan, Efiopiya, Cənubi Sudan, Suriya və Yəmən daxildir. Təşkilat dövlətləri münaqişələri dayandırmağa, yardım agentliklərinin münaqişə zonalarında işləməsinə şərait yaratmağa səsləyib./virtualaz/