Kim aktiv istifadəçisi, kim isə aktiv əleyhidarı
Məlumat verdiyimiz kimi, yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda çıxış edən president İlham Əliyev bildirib ki, ildə 160 milyon dollar vəsait siqaret alınması üçün ölkədən xaricə gedir: “Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır. Əminəm ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün əlbəttə, yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin. Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. Xaricə 160 milyon dollar gedir. İndi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər”.
Onu da qeyd edək ki, dünyada ən çox siqaret Çində çəkilir: ildə adambaşına 4124 ədəd siqaret. Bu, gündə 11-12 siqaret deməkdir . Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Azərbaycanda adambaşına bir ildə 2114,33 ədəd siqaret çəkilir. Bu isə günə 6-7 siqaret deməkdir. Bu göstərici ilə Azərbaycan dünyada 13-cü yerdədir.
Qvineya dünyada ən az siqaret çəkən ölkədir. Burada adambaşına ildə cəmi 15 siqaret düşür.
ÜST-nin məlumatına görə, hər il dünyada siqaretdən 5,4 milyon nəfər həyatını itirir. Hesab olunur ki, 2030-cu ilədək bu rəqəm 8 milyona yüksələcək. Dünyada siqaret əleyhinə çoxsaylı qanunlar, konvensiyalar qəbul olunub. Əksər ölkələrdə siqaret çəkilməsini, siqaretin təbliğatını bu və ya başqa formada əngəlləyən qanunlar, qaydalar tətbiq edilir.
Dünya liderlərinin bir çoxu siqaret əleyhinə təbliğatın aktiv dəstəkçisi olsalar da, onlar arasında tütün məmulatlarının istifadəçisi olanlar da az olmayıb.
Müasir dünyada ABŞ-ın sabiq prezidenti Barak Obama siqaret çəkib. O, hətta birinci dəfə seçiləndə Ağ Evdə siqaret çəkilməməsi ənənəsinə sadiq olacağını bəyan etsə də, 2011-ci ilədək buna nail ola bilməmişdi.
Hazırda siqaret çəkən liderlər arasında Çexiya prezidenti Miloş Zemanın adı öndə gəlir.
İspaniyanın baş naziri Mariano Rahoy da bu zərərli vərdişə aludədir – kuba siqarlarını daim yanında gəzdirir. Hətta ölkənin səhiyyə nazirinin təkidli çağırışlarına rəğmən, bu vərdişindən əl çəkmək niyyətində deyil.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov siqaret çəkən siyasilərdən biridir. Onu jurnalistlər daim tədbirlərdən sonra siqaret çəkən görürlər.
Avropa Birliyi daxilində siqaret əleyhinə tədbirlər getdikcə sərtləşdirilir. 2020-ci ildə Birlik ölkələrində ətirləndirici siqaretlərin istehsalını qadağan edən qanun qüvvəyə minməlidir. Bir sıra birlik ölkələri bu qanuna ciddi etiraz edirlər. Polşa ilə Rumıniya isə artıq üzv ölkələrə ətirli siqaretlərlə bağlı müstəqillik verilməsi iddiası ilə məhkəməyə müraciət ediblər. Bundan əlavə, birlik daxilində siqaretlərin cəlbedici rənglənmiş qutularda satılması da qadağan edilib.
Onu da qeyd edək ki, tarixdə iz qoymuş çoxsaylı liderlərin tütün məmulatlarından istifadə etdikləri məlumdur. Bunlar arasında Çin Xalq Respublikasının yaradıcısı Mao Tsezedun, Böyük Britaniyanın baş naziri Uinston Çörçill, SSRİ diktatoru İosif Stalin, Kuba lideri Fidel Kastro, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy var.
Hazırda siqaretə qarşı aktiv mübarizə aparan ölkələr arasında Avropa Birliyindən əlavə, Türkiyə, Rusiya, Azərbaycan da var. Hər üç ölkədə son illərdə siqaretin reklamı, təbliğatı və çəkilməsinə məhdudiyyətləri nəzərdə tutan qanunlar qəbul edilib.
Rusiya prezidenti Vladimir Putin hətta ötən il Çexiya prezidenti Miloş Zemanla Rusiya xarici işlər naziri Sergey Lavrova publika qarşısında dediyi “Siqareti tərgitmək lazımdır” sözləri ilə diqqətə gəlmişdi.
Dünya SAKİT,