Tribuna İnformasiya Agentliyi

Dünya çempionatı ilə gündəmə gələn VAR sistemi nədir? – ƏTRAFLI

23 İyul

Dünya Çempionatı Fransa milli yığmasının 4-2 hesabla çempionluğu və Xorvatiyanın ürəklərin çempionu olması ilə yekunlaşdı.

Bu çempionat bir çox yeniliklərlə, ilklərlə yadda qaldı. Bunlardan biri də ilk dəfə “VAR” sisteminin Dünya çempionatında istifadəsi oldu. Statistikaya görə, VAR sistemi ilə birlikdə bu çempionatda penaltilərin sayı çoxalıb, ümumilikdə atılan 29 penaltidən 22-i qolla nəticələnib. Bu penalti qərarlarının 12-i VAR sisteminin köməyi ilə təyin edilib. Bəs bir çoxlarını məmnun edən, mübahisəli situasiyaların sayını xeyli azaldan VAR sistemi nədir?

Video köməkçi hakim (VAR)  əsas hakimə videoyazı ilə oyunun mübahisəli nöqtələrində qərarlar qəbul etməyə imkan verir.

(VAR) sistemi 2010-cu ildə Hollandiya Milli Futbol Assosiyasının təşəbbüsü ilə yaradılıb və ilk dəfə 2014-cü ildə matçlarda test edilib. 2016-cı ildə isə canlı oyunlarda istifadə edilib. Daha sonra populyarlığı artıb və Bundeliga və A seriyasının 2017-18-ci il mövsümündə özünə yer tapıb. Sistemin İngiltərədə ilk dəfə tətbiq edilməsi də 2017-18-ci il mövsümündə “Brayton & Huv Albian” və “Kristal Palas” arasında qarşıdurmaya təsadüf edir. Nəhayət, 2018-ci ilin martında FİFA-nın Kolumbiyanın paytaxtı Boqotada keçirdiyi konfransda bu sistemin 2018 FİFA Dünya Kubokunda tətbiq edilməsi barədə qərar qəbul edilib. Bu turnir VAR sisteminin bütün turnir boyunca hər oyunda istifadə edilməsi ilə də tarixə düşdü. Mundialda VAR-ın ilk tətbiqi 16 iyunda baş tutan Fransa-Avstraliya oyununda həyata keçib və qərara əsasən, Fransa penalti hüququ qazanıb. Mundialın sadəcə qrup mərhələsinin oyunlarında 335 vəziyyətə VAR vasitəsilə yenidən baxılıb ki, bu da orta hesabla hər oyun başına 7 yoxlanış deməkdir.

Çempionat bitəndən sonrakı şərhlərə baxsaq, VAR-ın bu sınaqda üzüağ çıxdığını deyə bilərik. FİFA-nın prezidenti Canni İnfantino da VAR-la bağlı müsbət fikirlər səsləndirib: VAR futbola mane olmadı. Əksinə futbolun daha şəffaf və ədalətli bir formaya düşməsinə köməkçi oldu. VAR ofsayt vəziyyətindən atılan qolların sonu deməkdir”.

Gələn ildən UEFA Çempionlar Liqasının matçlarında da VAR sisteminin tətbiqi nəzərdə tutulub. Bu il Çempionlar Liqası hakimlərin ədalətsiz qərarları, səhvləri ilə yadda salsa da, gələn ildən Avropanın ən böyük və nüfuzlu klub turnirində də ədalətin bərqərar olacağını düşünmək olar.