Dumanın spikeri Rusiya ordusunun çətin durumda olduğunu etiraf edir… (ŞƏRH)backend

Dumanın spikeri Rusiya ordusunun çətin durumda olduğunu etiraf edir… (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya rəsmiləri dolayı yolla olsa da, öz ordularının Ukraynada çətin durumda qaldığını etiraf etməyə başlayıblar.
Belə ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz “Telegram” kanalında bildirib ki, Qərb ölkələri ABŞ-la birlikdə, əgər onlar sülh istəyirsə, vəsaiti Ukraynaya silah və ya muzdlular göndərməyə deyil, ölkə əhalisinə humanitar yardım göstərməyə yönəltməlidir.
“Tez bir zamanda sülh istəyirsənsə, dərhal qərarlar qəbul edin. ABŞ və NATO ölkələri Ukraynaya silah tədarükünü və muzdlu əsgər göndərməyi dayandırmalıdır”, – Dövlət Dumasının spikeri əlavə edib.
Bu açıqlama ilə Rusiya parlamentinin spikeri ilk növbədə məhz Rusiya ordusunun təcavüzü nəticəsində Ukraynada humanitar krizisin yarandığını etiraf etmiş, yəni dolayısı ilə Ukraynada ağır durumun yaranmasında öz ölkəsinin günahkar olduğunu təsdiqləmiş olur.
İkinci bir tərəfdən, Ukraynadakı humanitar fəlakətin aradan qaldırılmasına başlıca dəstəyi elə ABŞ başda olmaqla Qərb verir. Hazırda Ukraynadan qaçqın düşmüş əhalinin sayı 3 milyonu keçir ki, onun da mütləq əksəriyyəti məhz Qərb ölkələrinə sığınıblar. Qərb Ukrayna vətəndaşı olan bu insanlara humanitar baxımdan hərtərəfli yardım göstərir.
Başlıcası isə odur ki, Volodin bilərəkdən və ya bilməyərək həmin açıqlaması ilə Rusiya ordusunun Ukraynada irəliləyə bilmədiyini, çətin vəziyyətə düşdüyünü etiraf etmiş olur. Hansı ki, Kreml rəsmiləri bunu inkar etsələr də, bu barədə dünya mətbuatında ətraflı məlumatlar verilib. Müharibənin uzanması, 24 gündür davam edən döyüşlərə baxmayaraq, rus ordusunun iri şəhərləri tuta bilməməsi, aldığı ağır zərbələr Rusiyanın hərbi planlarının puça çıxdığını göstərir. Volodin həmin sözlərilə həm də onu təsdiqləyir ki, rus ordusunun irəliləməsinə maneə olan amillər sırasında Ukrayna əhalisinin əzmkarlığı, döyüşkənliyiylə yanaşı, Qərbin, o cümlədən Türkiyənin onlara verdiyi silah və hərbi texnikanın da mühüm rolu olub.
Bu isə həm də rus silahının Qərb silahı qarşısında acizliyinin etirafıdır. Hansı ki, bu amil özünü Azərbaycanın torpaqların azad edilməsi uğrunda apardığı Vətən müharibəsində də göstərdi.