Tribuna İnformasiya Agentliyi

Dubaydan Azərbaycana 22 min turist gəlib

04 Noyabr

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.  

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.


TİA.AZ-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib ki, yeni qanun layihəsinin maddələri azaldılıb.

Sektor müdiri bildirib ki, “Turizm haqqında” qanun layihəsi ilə bağlı fikir ayrılıqları olsa da, nəticə etibarı ilə ümumi məxrəcə gəlinib: “Qanun ilkin olaraq 135 maddədən ibarət idi. Müzakirələrdən sonra mövcud vəziyyət, tələblər və edilən təkliflər nəzərə alınaraq 97 maddəyə endirilib. Artıq Maliyyə Nazirliyi daxil olmaqla bütün dövlət qurumları qanun layihəsi ilə bağlı rəylərini bildirib. Qanunda əsas hədəf kimi Mədəniyyət və Turizm Nazirliyi 2001-ci ildən bu günə qədər olan təcrübəsi, ölkədə formalaşan və beynəlxalq müəssisələrdə təhsil olan mütəxəssislərin və turizm şirkətlərinin verdikləri təklif tövsiyələr, eləcə də 

Ümumdünya Turizm Təşkilatının bizə verdiyi tövsiyələr götürülüb. Layihədə eyni zamanda Avstriya və Litva tərəfindən bizə təqdim olunan təkliflər nəzərə alınıb”.

Nazirliyin şöbə müdiri qeyd edib ki, turizm sahəsində Türkiyə praktikası mütləq öyrənilməlidir: “Turizmin inkişafında bələdiyyələrin rolu Türkiyə təcrübəsindən götürülməlidir. 

Orada bələdiyyələr turizmin inkişafına çox böyük töhfə vermək imkanına malikdirlər. 

Bələdiyyələr müstəqil formada öz ərazisində müəyyən turizm təsisatı yaradıb, gəlir gətirmək, sakinləri üçün yeni iş yerləri yaratmaq səlahiyyətlərinə malikdir”.

Mahir Qəhrəmanov bu il Azərbaycana gələn turistlərin sayını açıqlayıb: “Ölkə başçısı tərəfindən viza məsələsi ilə bağlı turistlərə verilən dəstək yay mövsümundə turistlərin ölkəmizə axınına şərait yaratdı. 

2015-ci ildə Dubaydan ölkəmizə gələn xarici vətəndaşların sayı 750 nəfər olub.

 Ancaq 2016-cı ilin 6 ayında Dubaydan gələn xarici vətəndaşların sayı 9500-dən çox olub. 9 ayda isə bu rəqəm 22 minə çatıb. Bildiyiniz kimi, ölkə başçısının tapşırığı ilə hər bir vətəndaş “ASAN xidmət” vasitəsilə müvafiq qanunvericiliyə uyğun olaaq 3 gün müddətində viza ala biləcək. Bu da turizm inkişafnda mühüm əhəmiyyət kəsb edəcək”.