“Döyüşməkdən imtina edən rus hərbçilərin sayı artır”- “Qarşıda strateji dalan var” (VİDEO)backend

“Döyüşməkdən imtina edən rus hərbçilərin sayı artır”- “Qarşıda strateji dalan var” (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibə yalnız Ukrayna Silahlı Qüvvələri və Ukrayna dövlətçiliyi tamamilə darmadağın edildikdən sonra bitə bilər. Lakin Rusiya Federasiyası özünü gücə salmadan bunu edə bilməyəcək. Müharibə “xüsusi əməliyyat” çərçivəsində başa çatmayacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu Donetskdəki separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan və terrorçu kimi beynəlxalq axtarışa verilən İqor Strelkov (Qirkin) son açıqlamasında bildirib.

Qirkin deyib ki, hazırda Rusiyanın regionlarında yaradılan 70-ə yaxın batalyon, yəni, təxminən 35 min döyüşçü Ukraynada vəziyyəti dəyişməyəcək. Çünki həmin batalyonlara cəlb edilənlərin nə döyüş təcrübəsi və bacarıqları, nə də motivasiyası var. Bu səbəbdən, terrorçunun fikrincə, yeni döyüşə atılacaq bölmələrin itkiləri hazırda Ukraynada döyüşən nizami ordunun itkilərindən ən azı 3 dəfə artıq olacaq.

Həmçinin, Strelkov deyib ki, həmin 35 min nəfərin döyüşlərə cəlb edilməsi ordunun canlı qüvvə itkisini kompensasiya etməyəcək. Çünki Ukraynada döyüşməkdən imtina edən və müqavilələrini cırıb atan rusiyalı hərbçilərin sayı getdikcə çoxalır.

Onun fikrincə, bu gedişlə rus ordusunun Ukraynada əldə edə biləcəyi ən böyük nailiyyət yalnız ukraynalıları Donetsk şəhəri həndəvərindən 10-15 kilometr uzaqlaşdırmaq olacaq: “Bunun ardınca isə strateji dalan gəlir”.

Əvəzində, Ukrayna tərəfinin canlı qüvvə sarıdan üstünlük əldə etdiyini bildirən Qirkin deyib ki, müharibəni tezliklə sona çatdırmaq lazımdır: “Müharibəni bitirmək lazımdır. Onu nə qədər tez bitirsək, düşmənin istədiyi kimi, Rusiyanın daxilində təlatümlərin baş qaldırması şansı da bir o qədər az olacaq. Ona görə də hesab edirəm ki, əməliyyatın üçüncü – Ramzan Axmatoviçin(Kadırov-red.) dediyi “effektiv” etapı Rusiya Federasiyası üçün heç nə ilə bitəcək!”

Qeyd edək ki, Qirkin bundan öncə də Rusiya hərbi-siyasi rəhbərliyini, xüsusilə də Müdafiə naziri Sergey Şoyqunu sərt tənqid edib və korrupsiya da daxil olmaqla , bir çox cinayətlərdə ittiham edib.

Son zamanlar isə o, bir qədər də irəli gedərək, Putini tənqid etməyə başlayıb. Onun fikrincə, indiyə qədər Rusiya hakimiyyəti ümumi səfərbərlik elan etməli və daxili idarəçiliyi tam hərbi relslərə keçirməli idi. Əks halda, Ukraynada uğur qazanmaq mümkün olmayacaq. Bir çox KİV-lər Qirkini Kremldəki hakimiyyətdaxili qruplaşmalardan birinin danışdırdığı qənaətindədir.