Döyüşə məhbuslar və fəhlələr gedir… – Rusiya hakimiyyəti “Vaqner”ə muzdlular yığırbackend

Döyüşə məhbuslar və fəhlələr gedir… – Rusiya hakimiyyəti “Vaqner”ə muzdlular yığır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya dövlət Birləşmiş Gəmiqayırma Korporasiyasında (OSK) və Lebedinsk dağ-mədən kombinatında işçilərə Ukrayna ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək təklif olunur”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə məlumatı sözügedən müəssisələrin adlarının çəkilməsini istəməyən işçilərinə istinadən “The Moscow Times” qəzeti yazıb.

Mənbələrdən birinin dediyinə görə, işçilərə “Vaqner” özəl hərbi şirkəti və ya Müdafiə Nazirliyi ilə müqavilələr bağlamaq təklif edilir. Mənbə əlavə edir ki, “Admiral tərsanəsində” işləyənlərə ayda 300 min rubl (4754 dollar) maaş təklif edilir.Qəzet yazır ki, belə təkliflər habelə OSK-ya daxil Baltika zavodunun fəhlələrinə edilir. Həmin mənbənin sözlərinə görə Ukraynaya getmək həm döyüş təcrübəsi olan yaşlı kişilərə, həm də hərbi xidmətdən yenicə qayıtmış gənclərə təklif olunur.

Milyarder Alişer Usmanovun Lebedinsk dağ-mədən kombinatına daxil “Metalinvest” qrupunun əməkdaşı qəzetə deyib ki, onun özü iki ay Ukraynadakı “Vaqner” qrupunda ezamiyyətdə olub. Həmin əməkdaş deyir ki, səfərbərlərə iş yerlərinin saxlanması ilə ayda 205 min rubl məvacib təklıif edilir. Bu kombinat Belqorod vilayətində yerləşir. Belə bir xəbəri bundan əvvəl “Verstka” saytı da vermişdi. Şirkətin mətbuat xidmətindən bu xəbərləri təkzib ediblər.

Bundan əvvəl “Vajnıye istorii” saytı Sankt Peterburq şəhəri və Leninqrad vilayətinin islah-əmək koloniyalarındakı məhkumlara Ukrayna müharibəsində iştirak etməyin təklif olunduğunu yazmışdı. Rusiyanın bir çox mediaları ölkədə üstüörtülü səfərbərliyin aparıldığını bildirirlər.

Kreml ümumi səfərbərlik elan edilə bilcəyinə dair xəbərləri bir qayda olaraq təkzib edir. Şərhçilərin fikrincə Vladimir Putin rəsmi səfərbərlik elan etməkdən çəkinir. Bunun həm cəmiyyətdə mənfi əhval-ruhiyyə yaradacağı və ya adamların səfərbərlikdən kütləvi yayınacağı düşünülür.