Dövlət qurumları niyə zərərlə işləyir? – Ekspertbackend

Dövlət qurumları niyə zərərlə işləyir? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda hələ də bir sıra dövlət qurumları zərərlə işləməkdə davam edir. “Azərsu” ASC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC kimi qurumlar dövlətdən böyük həcmdə maliyyə alsalar da, hər dəfə ilin sonunu zərərlə başa vururlar. Nəticədə dövlətin xeyli miqdarda vəsaiti belə qurumları saxlamağa sərf edilir. Məntiqlə isə bu qurumlar gəlirlə işləməlidir. Çünki satdıqları məhsula görə qazanc əldə edirlər.
Bəzi dövlət qurumları bu mənfi tendensiyanı niyə hələ də aradan qaldıra bilmir?

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, belə vəziyyətin yaranması, əslində, xərclərin təyinatı üzrə düzgün aparılmamasından qaynaqlanır:

“Burada məsələ heç də göründüyü kimi deyil. Məhsul istehsal edib, satan dövlət müəssisələri heç də deyildiyi kimi zərərlə işləmir. Müəssisələrdə xərclər təyinatı üzrə düzgün aparılmır. Xərclərin təyinatı üzrə istifadə olunmaması, büdcədən gələn dotasiyaların təyinatı üzrə xərclənməməsi, açıq şəkildə özünü göstərən inhisarçılıq sonda dövlət müəssisələrilə bağlı anoloji vəziyyətin yaranmasına gətirib çıxarır. Həmin müəssisələr ilin sonunda süni müflisləşmə, süni ziyan göstərmə ab-havası ilə hərəkət edirlər. İki il öncə Azərbaycan Prezidentinin sərəncamı ilə İnvestisiya Holdinqi yaradıldı. Həmin holdinq sözügedən problemin aradan qaldırılmasına xidmət etməli idi. Lakin yaranmasından iki ildən artıq vaxt keçməsinə rəğmən, icra mexanizmi olmadığından hələlik proses ləng gedir”.