Dövlət qulluğuna test imtahanının nəticələri elan olunubbackend

Dövlət qulluğuna test imtahanının nəticələri elan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid qruplar üzrə keçirilən test imtahanlarının nəticələri açıqlanıb.

DİM-dən TİA.AZ-a verilən məlumata görə, imtahan nəticələri saat 18:10-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak üçün qeydiyyatdan keçən 1999 namizəddən 56 nəfər imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BA2 altqrupu üzrə 2 nəfər, BA3 altqrupu üzrə 6 nəfər, BA4 altqrupu üzrə 36 nəfər, BB1 altqrupu üzrə 124 nəfər, BB2 altqrupu üzrə 144 nəfər olmaqla, BB3 altqrupu üzrə 191 nəfər, BB4 altqrupu üzrə 229 nəfər ümumilikdə 732 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün fevralın 22-dən martın 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 22-24 fevral tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).