Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıbbackend

Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni elektron informasiya sisteminin yaradılması və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət Nəzarəti İnformasiya Sisteminin yaradılması haqqında” 2021-ci il 30 yanvar tarixli 1275 nömrəli Fərman imzalanmışdır.

TİA.AZ xəbər verir ki, Fərmana uyğun olaraq artıq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında bütün sahələr üzrə imzalanmış fərman və sərəncamların, o cümlədən verilmiş digər tapşırıqların vaxtında və tam şəkildə icrasına nəzarətin gücləndirilməsini təmin edəcək yeni elektron sistem yaradılıb.

Yeni sistem vasitəsilə bütün tapşırıqların icrasına nəzarətin elektron formada təşkili, hesabat vermənin sadələşdirilməsi, icrası gecikən tapşırıqlar üzrə problemlərin müəyyən edilərək aidiyyəti tədbirlərin görülməsi və onların aradan qaldırılması, nəticə etibarilə yerinə yetirilən işlərin əsaslı qiymətləndirilməsi mümkün olacaq.

Hazırda bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət şirkətləri, publik hüquqi şəxslər yeni yaradılmış Dövlət Nəzarəti İnformasiya Sisteminə qoşulub. Ötən dövrdə onlara sistemdən istifadə ilə bağlı təlimlər keçirilib. Artıq 2021-ci il üzrə icraya nəzarət yeni sistem üzərindən onlayn qaydada həyata keçirilir.

Eyni zamanda, sistem vasitəsilə ölkənin rayonlarının müxtəlif sahələr üzrə cari vəziyyəti və inkişafını xarakterizə edən meyarlar əsasında hazırlanmış əsas səmərəlilik göstəricilərinin tətbiqi ilə qiymətləndirilməsi aparılır. Qiymətləndirmə nəticəsində regionların inkişaf meyilləri, nəzərdə tutulan prioritet istiqamətlərdə işlərin yerinə yetirilməsi vəziyyəti, aktual problemlərin vaxtında aşkar edilməsi və inkişaf üzrə rayonlararası rəqabət mühitinin formalaşdırılması mümkün olacaqdır.

Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətə başlaması ümumilikdə ölkə üzrə yuxarıda qeyd edilən istiqamətləri əhatə edən mərkəzləşdirilmiş məlumat bazasının yaradılması və idarə olunması, obyektiv və nəticəyönümlü hesabatlılığın təşkilini təmin edəcəkdir.

Bununla yanaşı, göstərilən çərçivədə yerinə yetiriləcək tədbirlərin nəticəsi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatların sürətləndirilməsi, prioritet sahələr üzrə hədəflərin düzgün müəyyənləşdirilməsi və onlara nail olunma dərəcəsinin ölçülməsi, həmçinin icra edilən işlərin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaqdır.