Dövlət başçısı: “Onlar əks-hücumu dayandırmaq üçün alçaq hərəkətlərə əl atırlar”backend

Dövlət başçısı: “Onlar əks-hücumu dayandırmaq üçün alçaq hərəkətlərə əl atırlar”

“Qarşıdurmanın budəfəki eskalasiyası sentyabrın 27-də başlanıb. O vaxt Azərbaycanın işğal edilmiş ərazilərindən bizim yaşayış məntəqələrinə, habelə döyüş mövqelərimizə artilleriya atəşləri başlanıb, nəticədə bu hücumun elə ilk dəqiqələrində dinc sakinlər və hərbi qulluqçular həlak olub. Biz adekvat tədbirlər görməyə məcbur olduq, operativ surətdə əks-hücuma keçdik. Bu əks-hücum nəticəsində düşmənin çox sayda atəş nöqtələrini, döyüş mövqelərini susdurduq, şimal və cənub istiqamətlərində işğal altında olan ərazilərin bir hissəsini azad etdik, bununla da Azərbaycanın bir sıra yaşayış məntəqələri, oradakı vətəndaşlar bu gün artıq normal şəraitdə yaşaya bilərlər, çünki ermənilərin artilleriya atəşləri artıq oraya çatmır”.

TİA.AZ -ın xəbərinə görə, bunu Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində deyib.

“Lakin son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir, bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, cinayətdir, müharibə cinayətidir. Bu gün səhərdən münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin atəşə tutulması yenidən davam edir. Əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisi də atəşə tutulub. Mingəçevirdə bizim ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalır. Bu, erməni tərəfin köhnə taktikasıdır. Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumu dayandıra bilmirlər və bilməyəcəklər”, – dövlət başçısı əlavə edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki