Dost İsrailin isti münasibətləri Azərbaycanın ölkədəki yəhudilərə göstərdiyi diqqət və qayğının nəticəsidirbackend

Dost İsrailin isti münasibətləri Azərbaycanın ölkədəki yəhudilərə göstərdiyi diqqət və qayğının nəticəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yəhudilər həmişə dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan tolerant və çoxmədəniyyətli ölkədir. Azərbaycan İsrail və yəhudi xalqı üçün yeni dost deyil. Bu dostluq əlaqələri əsrlərin dərinliklərinə gedib çıxır.

Təsadüfi deyil ki, ölkədəki Qırmızı qəsəbə İsrail və ABŞ xaricində ən böyük yəhudi şəhərciyidir.

1-ci Qarabağ Müharibəsində şücaət göstərərək şəhadət zirvəsinə ucalan, dəfnində həm yəhudi, həm də müsəlman ritualları yerinə yetirilən Albert Aqarunovu ölkədə tanımayan yoxdu. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan dağ yəhudisi Albert Aqarunovun ölkənin ən yüksək mükafatı olan Milli Qəhrəman adına layiq görülməsi, Bakıdakı küçələrdən birinə onun adının verilməsi, onun şərəfinə heykəl qoyulmasını bütün yəhudilər qürur hissi ilə qeyd edir.

İsrailin Diaspor İşləri naziri Omer Yankeleviç Azərbaycanda yəhudi icmasına olan qayğıdan, dini tolerantlıqdan böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb, İsraildəki Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirdiyini deyərək, Vətən Müharibəsi dövründə Azərbaycan ərazisində müharibə getməsindən böyük təəssüf hissi keçirərək qeyd etmişdi ki, öz tariximizdən dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik, həmişə sizin yanınızdayıq və bu çətin vaxtda dualarımız sizinlədir.

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski bütün çıxışlarında bildirir ki, hər iki ölkə mənim vətənimdir və burada bizim həyatımız çox gözəl keçir. Bu gün İsrailin, haqlı mübarizəsində, Azərbaycanın yanında olması və onu müdafiə etməsi çox vacibdir.

Vətən müharibəsi dövründə İsraildəki Azərbaycan Evinin rəhbəri Şirin Nexamiya Ermənistan ordusunun Azərbaycan ərazisində törətdiyi qanlı cinayətlər və terror aktlarından ciddi narahat olduqlarını və ölkəmizin haqlı mövqeyini İsrail cəmiyyətinə daim çatdırdıqlarını bildirmiş, Azərbaycanda sinaqoqların və yəhudi məktəblərinin fəaliyyətinə Azərbaycan dövlətinin diqqət və qayğısı bütün dünya üçün nümunəvi bir model olmasını diqqətə çatdırmışdı.
Belə qürurverici xəbərlərin sayı-hesabı yoxdur. Bu gün isə ölkə gündəmini qardaş İsraillə bağlı başqa bir xəbər zəbt etdi, qürur, sevinc, minnətdarlıq hissləri gözlərimizi yaşartdı. İsrailli qadın 55 yaşlı rəhmətə getmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb. İsrail dövləti, səhiyyə rəhbərliyi orqanların Azərbaycana gətirilməsinə icazə verib. Bu fədakarlığın nəticəsi olaraq Vətən müharibəsi iştirakçısı, qazimiz Arif Hacıyevin bunun sayəsində görmə qabiliyyəti bərpa edilib. İsraildən gələn həkimlər qazilərimizə xidmətə görə, ödəniş almaqdan da imtina ediblər.

Bu dostluq, qardaşlıqdı. Bu, dosta dar gündə əlini uzatmaqdı. Yaralı həbrçilərə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə İsrailin səhiyyə işçiləri komandasına və səfirliyinə minnətdarıq. Bu, ölkələrimiz arasındakı dostluğun, qardaşlığın, həmrəyliyin rəmzidir.

İsrail həkim köməyi ilə kifayətlənməyib, Azərbaycanla strateji əməkdaşlığı genişləndirir. İsrail şirkətləri İkinci Qarabağ müharibəsində zərər çəkən ərazilərin bərpasında Azərbaycan hökumətinə yardım təqdim ediblər.

İsrail-Azərbaycan əməkdaşlığı üzrə tanınmış ekspert və “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut deyib: “İsrail-Azərbaycan strateji tərəfdaşlığı iki ölkənin müxtəlif səviyyələrdə sıx əməkdaşlığı və tərəfdaşlığı sayəsində inkişaf edib. İsrail-Azərbaycan münasibətləri strateji və hərbi-texniki xarakter daşıyır, ən yüksək hökumətlərarası və dövlətlərarası səviyyədə etimadla və daimi qarşılıqlı dialoqla dəstəklənir.
Azərbaycan-İsrail münasibətlərindən danışanda onu da xüsusi qeyd edək ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.

Avrasiyanın heç bir ölkəsi İsraillə Azərbaycan qədər sıx dostluq əlaqələrinə malik deyil. Bu, danılmaz faktdır. Hazırda İsrail və Azərbaycan arasında bu strateji tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki tərəfdaşlıq sahələrində həyata keçirilir. İsrail Azərbaycan neftinin alıcılarındandır. Azərbaycanın işğal altında olan əraziləri onun müzəffər ordusu sayəsində azad ediləndən sonra İsrail hökumətinin yüzlərlə azərbaycanlı əsgər və zabitə göstərdiyi tibbi yardımla yanaşı, rəsmi şəxslər və İsrail şirkətləri bu ərazilərə investisiya yatırılmasında çox maraqlıdırlar.

Bu, Azərbaycana İsrail Dövləti tərəfindən ən böyük dost dəstəyidir.

Dost İsrailin isti münasibətləri Azərbaycanın ölkədəki yəhudilərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Vətən müharibəsindən əvvəl də, müharibə zamanı da Azərbaycan dost İsrailin dəstəyini hiss edib. İnşallah işğaldan azad olmuş torpaqlarımızda da İsrail dövlətinin, dövləti təmsil edən şirkətlərin tərəfdaşlığından istifadə edəcəyik və bu tərəfdaşlıqdan məmnunluq duyacağıq. Yaşasın Azərbaycan-İsrail dostluğu!

Məşhur Məmmədov,
Milli Məclisin deputatı