DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR – Dünya iqtisadi krizisə girə bilərbackend

DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR – Dünya iqtisadi krizisə girə bilər

ABŞ-ın Goldman Sachs bankı dolların taleyi ilə bağlı xeyli bədbindir. Bunun əsas səbəbi COVID-19-a qarşı effektiv vaksinin tapılmaması və ABŞ-da gözlənilən prezident seçkiləridir. 

Bank analitikləri hesab edirlər ki, yaxınmüddətli dövrdə dolların əsas valyutalara qarşı məzənnəsində azalma baş verəcək. Buna görə də onlar investorları valyuta bazarında qısamüddətli pozisiyalar üzrə fəaliyyət göstərməyə çağırıblar. Bu siyasət valyutanı sonradan daha ucuz məzənnə ilə almaq üçün satmağı nəzərdə tutur.

Goldman Sachs ekspertləri bildiriblər ki, effektiv vaksinin əldə olunması prosesi yubandığına görə dolların möhkəmlənməsi ehtimalı aşağıdır. AG Bisset şirkətinin baş investisiya direktorun Ulf Lindalın fikrincə, gələn il ərzində dollar avroya münasibətdə 36 faiz dəyərsizləşəcək ki, bu da son on ildə ən aşağı həddir. Qeyd edək ki, dolların digər əsas valyutalar səbətinə qarşı məzənnəsi cari il ərzində maksimuma çatandan sonra 11 faiz azalıb. Əksər ekspertlər bu azalmanın 30 faizə çatacağını proqnozlaşdırırlar. Bu isə bütün dünyada ciddi iqtisadi böhrana səbəb ola bilər. Belə ki, əksər ölkələr öz valyuta ehtiyatlarının böyük hissəsini məhz dollarda saxlayırlar.

Qeyd edək ki, dolların son 3 həftə ərzində ucuzlaşma trendi göstərməsinin əsas səbəbi olaraq ABŞ-da pandemiyadan zərərçəkən biznesə dəstək tədbirlərinin növbəti mərhələsi üzrə Konqresdə razılaşmanın əldə olunmamasıdır. Böyük yardım paketi üzrə danışıqlarda çətinliklərin yaranmasından sonra ötən bazar günü prezident Donald Tramp Konqresi kiçik biznesin kreditləşməsi üçün ayrılan vəsaitdən qalan məbləği əhatə edən ixtisar olunmuş qanun layihəsini qəbul etməyə çağırıb.

Konqresdə iqtisadiyyatı stimullaşdırıcı layihənin razılaşdırılması yubandıqca ABŞ iqtisadiyyatının zərəri də artır. Bəzi ekspertlərin hesablamalarına görə, seçkilərə qədər layihə qəbul olunmasa, ölkə iqtisadiyyatı 1,8-2 trilyon dollar zərər çəkəcək.

2019-cu ilin yekununda dünyada olan valyuta ehtiyatlarının (11 trilyon dollar) 61 faizi, dünya üzrə borcların 40 faizi dollardadır. Dollar həmçinin Foreks bazarında əsas valyutadır – ticarət əməliyyatlarının 90 faizi bu valyuta ilə həyata keçirilir.

Qeyd edək ki, dollar Azərbaycanın valyuta ehtiyatlarında da üstün çəkiyə malikdir. Belə ki, bu il iyulun 1-nə valyuta ehtiyatlarımızın əsas hissəsi cəmləşən Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 42 milyard 636,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,4 faiz çoxdur. Fonddan verilən məlumata görə, hesabat tarixinə ARDNF-in investisiyalarının 68,4 faizi ABŞ dollarında yerləşdirilib. Bu, illik müqayisədə 13,8 faiz bəndi çoxdur. Əvəzində fond investisiya portfelində avronun payını 34,1 faizdən 20,3 faizə endirib, ingilis funt sterlinqinin payını isə 4,6 faizdən 4,9 faizə qaldırıb.

İqtisadçı-ekspert, bank sahəsi üzrə mütəxəssis Elman Sadiqovun “Yeni Müsavat”a bildirdiyinə görə, hazırda dünya bazarlarında dolların ucuzlaşması prosesini sürətli hesab etmək olmaz: “Dolların müxtəlif valyutalara qarşı hərəkəti fərqlidir. Azərbaycan, ərəb və digər resurs ölkələrində milli valyutaların məzənnəsi inzibati qaydada tənzimlənir. Əksər hallarda bu məzənnə neftin qiymətindən asılı olaraq təzyiqlərə məruz qalır, yaxud təzyiq olmur və sair. İkinci növ valyutalar sərbəst dönərli valyutalardır: ingilis funt-sterlinqi, İsveçrə frankı, avro, Kanada dolları, Yapon yeni və sair. Bunlar tam üzən məzənnə rejimində olan valyutalardır. Lakin dövlətlər çalışırlar ki, öz milli valyutalarının yersiz möhkəmlənməsinə imkan verməsinlər. Məsələn, bir çox ekspertlər bildirirlər ki, yaxınmüddətli dövrdə 1 avro 1,3 dollara qədər bahalaşacaq. Lakin avronun 1,2 dolları keçməsi Avropa iqtisadiyyatı üçün mənfi siqnal deməkdir. İxracata əsaslanan iqtisadiyyatlarda yerli valyutanın bahalaşması ixracatın azalmasına gətirir. Buna görə də Avropa Mərkəzi Bankı avronun 1,25 dollardan yuxarı keçməsi şəraitində bazara intervensiya edəcəyini açıqlayıb. ABŞ prezidenti Donald Trampa dəfələrlə Avropa Mərkəzinin Bankının belə intervensiyalarını pisləyən bəyanatla çıxış edib ki, bu, azad ticarət qaydalarına ziddir. Yəni qısa desək, dolların məzənnəsi müəyyənləşdirilən valyuta səbətində ən böyük paya avro malikdir. Bu şəraitdə avronun 1,24 dolları keçməsi şəraitində investorların gözü Avropa Mərkəzi Bankına dikilir ki, intervensiya etsin. Bu baxımdan, indiki mərhələdə avronun 1,25 dollardan yuxarı həddə qalxıb, uzun müddət qalması real deyil”.

Mütəxəssisin sözlərinə görə, ABŞ özü dolların ucuzlaşdırılması siyasətini yürüdür: “ABŞ dolları 20 faiz ucuzlaşdırmaq niyyəti güdür. Lakin bu sahədə böyük irəliləyişə nail ola bilmir. Dünya investorlarının dollara inamı azalmır. Hətta dünyada böhran olanda da investorlar güvənli liman kimi dollara üz tuturlar. Bunun da əsas səbəbi odur ki, hər hansı iqtisadi zonada iqtisadi böhran olarsa, Amerikanın o böhranları aradan qaldırmaq gücü var. Amma ABŞ-ın özündə maliyyə sistemi çökərsə dünyanın heç bir iqtisadi mərkəzinin bu ölkəni, eləcə də dünyanı xilas etməyə gücü çatmaz. Bu səbəbdən də dünya investorları əmindirlər ki, dünyada hər hansı böhran olarsa, ABŞ-ın onun təsirlərindən çıxmağa imkanı çatacaq. Bu inam dolların zəifləməsinin qarşısını alır. Hazırda avronun dollara münasibətdə ucuzlaşması gedir, funt sterlinqin Brexit problemi var. Yapon yeninə gəlincə, bu valyutanın qiyməti qalxdıqca, Yaponiya Mərkəzi Bankı bazara intervensiya edərək bunun qarşısını alır”.

Ekspertin fikrincə, nə qədər ucuzlaşsa belə, dollar dünya valyuta ehtiyatlarındakı hökmran mövqeyini itirməyəcək: “Müəyyən qədər azalma ola bilər, lakin hansısa valyutanın dolları bu sahədə üstələyəcəyi mümkün deyil. Çox yaxşı olardı ki, bütün dövlətlər öz ehtiyatlarını yalnız dollar deyil, diversifikasiya olunmuş şəkildə digər valyutalarda da saxlasınlar. Dolların əmtəələrə münasibətdə dəyərinə gəlincə, qiymətli metallarda kəskin bahalaşma gedir. Bu isə dolların dəyərinin aşağı düşməsi deməkdir. Ərzaq məhsulları isə hazırda bütün dünyada bahalaşır: pandemiya, iqlim dəyişiklikləri və sair səbəbdən. Bu isə dolların əmtəələrə münasibətdə ucuzlaşması deməkdir”.

E.Sadiqov hesab edir ki, dolların ucuzlaşması dünya ölkələrinə mənfi təsir göstərə bilər: “Xüsusilə resurs fondlarının (məsələn, Azərbaycanda Dövlət Neft Fondu) vəsaitlərinin azalmasına gətirib çıxara bilər. Buna görə də belə fondlar bu risklə bağlı xüsusi strategiya hazırlamalıdılar. Uğurlu diversifikasiya, investisiya siyasəti sayəsində bu sahədə zərərdən yayınmaq mümkündür. Bunun sayəsində digər valyutaların dəyərindəki artımla itkiləri kompensasiya etmək mümkündür. Düşünürəm ki, dolların əmtəələrə münasibətdə ucuzlaşması davam edəcək. Lakin bu, heç bir halda dolların dünya iqtisadiyyatındakı hökmranlığının başa çatması demək olmayacaq. Bu gün dünyada dolları əvəz edəcək ikinci bir valyuta yoxdur. Buna görə də dolların digər valyutalara münasibətdə dəyərsizləşməsi müvəqqəti və daim təkrarlanan prosesdir”.

Onu da qeyd edək ki, “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi dünya valyuta bazarında baş verən proseslər fonunda müharibə aparan Azərbaycan və Ermənistanın dollar istiqrazlarının vəziyyətinə dair hesabat açıqlayıb. Hesabata görə, Azərbaycanın dollar istiqrazları Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistan istiqrazlarına nisbətən daha yaxşı vəziyyətdədir, bu da neft və qaz sərvətləri ilə Bakının bu böhranın daha yaxşı öhdəsindən gələ biləcəyini göstərir.

Hesabatda qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan ərazilər uğrunda sentyabrın 27-dən etibarən döyüşlərin başlaması ilə hər iki dövlətin istiqrazlarının gəlirliliyi aşağı düşüb. Ancaq adambaşına düşən gəlirə görə yoxsul ölkə olan Ermənistanda daxili problemlərlə bağlı bu ölkənin istiqrazları daha da ucuzlaşıb. Lakin adambaşına düşən gəlirə görə yoxsul ölkə olan Ermənistanda daxili problemlərlə bağlı bu ölkənin istiqrazları daha çox dəyərdən düşüb.

Münaqişə ərəfəsində sentyabrın 21-dən bəri Azərbaycanın 2024 və 2029-cu illərədək tədavül müddəti olan istiqrazların gəlirliliyi təxminən 1 faiz, Ermənistanın 2025 və 2029-cu illərə olan istiqrazlarının gəlirliliyi isə müvafiq olaraq 4,5 faiz və 3,5 faiz azalıb.

Qeyd edək ki, Azərbaycan istiqrazlarının gəlirliyi koronavirus pandemiyasından öncəki pik həddən yalnız 2 faiz ucuzdur.

“Azərbaycan istiqrazları daha yaxşı vəziyyətdədir, çünki münaqişə və pandemiyanın qısamüddətli mənfi riskləri azdır”, – bunu ölkənin xarici valyuta ehtiyatlarına və tədavüldə olan 3 milyard ABŞ dollardan az avrobondlara əsaslanaraq “ING Bank”ın strateqi Trieu Pham deyib (“Report”).

Xatırladaq ki, “Fitch” tərəfindən kredit reytinqi “BB+” səviyyəsində təsdiqlənən Azərbaycan, ölkəni maliyyə buferi ilə təmin edən ümumi daxili məhsulun (ÜDM) təqribən 85 faizinə bərabər 43,2 milyard ABŞ dollarlıq suveren sərvət fonduna sahibdir. Bu il neft qiymətlərinin düşməsi və koronavirusdan zərər görən Azərbaycan iqtisadiyyatının kiçiləcəyini, ancaq dövlət borcunun ÜDM-ə nisbətinin aşağı olacağını gözləyir.

“Fitch” sentyabr ayında Ermənistanın kredit reytinqini isə “B+” səviyyəsinə endirib. Agentlik, döyüşlərin davam etməsi və pandemiya səbəbindən bu il Ermənistan iqtisadiyyatının 6,2 faiz kiçiləcəyini, dövlət borcunun ÜDM-ə nisbətinin isə 63,9 faizə yüksələcəyini proqnozlaşdırıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki