Tribuna İnformasiya Agentliyi

Doğrudanmı hər şey sovet dövründə qaldı?

05 Avqust

Hüseynbala Səlimov

İdeoloji sovet filmlərinə və hind “melodramalar”ına baxmaqdan kinemotoqrafik zövqü və hətta mədəniyyəti tamam aşınmış və sovrulmuş azərbaycanlılar ötən həftəninin bir gününü “Kinio günü” kimi qeyd etdilər, bütün günü kinodan danışdılar, amma məlum olmadı ki, biçarə azərbyacanlılara nə vaxt öz əsil milli kinolarını yaratmaq, əsl kino görmək qismət olacaq?

Mənim sevdiyim, biliyinə və zövqünə hörmət etdiyim kino adamlarından biri, çox gözəl bir rejisssor, amma real yox, potensial olaraq gözəl rejissor hesab edilən bir cavan kadrımız bir gündə üç telekanala kino ilə bağlı müsahibələr verdi və ondan çox şey soruşdular, amma bir məsələyə toxunmadılar və bu məsələ də odur ki, şəxsən o söhbətləri mən aparsaydım həmin rejissordan mütləq bir söz soruşardım: “Siz gənc və istedadlı rejissorsunuz, yaradıcılığınızın da əsl çiçəklənmə dövrüdür, bəs niyə, nə əcəb yeni film çəmirsiziniz, sovet dövrünün kino ənənələrindən və nümunələrindən danışmaq sizi yormayıbmı?”..

Soruşa bilmədiyim o sual və eləcə də mənim kino sənətimə hədsiz sevgim məcbur etdi ki, bu mövzuda kiçik cızma-qara edim. 2017-ci ildə, Böyük Oktyabr çevrilişinin yüzüncü ildönümü ərəfəsində sovet mədəniyyətinin demək olar ki, bütün sahələrilə bağlı – kino, ədəbiyyat, müsiqi və bir də sovet jurnalistikası haqda çox geniş yazılar yazmışdım və elə bu səbəbdən də oradakı fikirləri təkrar etmək istəmirəm. Sadəcə, bir detalı qeyd edim ki, əlbəttə, biz sovet kinomuzu unuda bilmərik, ən azı ona görə ki, bizim kinomuzun formalaşması həmin dövrə təsadüf edibdir və biz kino sənətinə, texnikasına məhz o dövrdə yiyələnmişik.

Amma bu heç də tamam-kamal Azərbaycan kinosu deyildi, üstəlik, qapalı sovet dövrü və ideoloji motivlər bizə dünyadakı yeni kino təcrübəsinə yiyələnməyə icazə vermirdi və düşünülürdü ki, müstəqillik-suverenlik dövründə digər sahələr kimi kino sənəti də yeni impuls alacaqdır.

Əlbəttə, 20-30 illik müstəqillik dövrü elə də böyük dövr deyil, böyük sənət elədir ki, o, hər on ildə yarana bilmir, bunun üçün də zaman tələb olunur, amma həm də düzgün yanaşma və düzgün təməl də tələb olunur. Bunlar isə hələ bizdə yoxdur; Azərbaycanda hələ də yaradıcılıq azadlığı problemi var, sənət adamlarına gerçəkliyi olduğu kimi təqdim etməyə və necə deyərlər, dərin mətləblərə baş vurmağa imkan verilmir.

Bu məsələnin bir tərəfidir, digər məqamsa odur ki, mədəniyyətə baxış əski sovet dövründəkinin təkrarıdır – indiki “başbilənlərimiz” də sənətə və mədəniyyətə ən yaxşı halda reklam kimi baxırlar. Biz reklamı tamam inkar etmirik, reklam da sənətdir, amma ayrıca bir sənətdir.

Ədəbiyyat və yaxud da kiono, ya da teatr reklam işi deyil, bu da ayrıca bir sənətdir, ona görə də ədiblərdən və ya rejissorlardan “bizim uğurlar”ımızı, bir xalq və yaxud ölkə olaraq bizi təbliğ və təşviq etməyi tələb etmək hətta sovet dövrünkündən belə bayağı görünür, xüsusən də nəzərə alınanda ki, böyük hesabla təbliğ olunası bir şeyimiz də yoxdur.

Ona görə də əsl sənət yoxdur, əsl sənətə heç kim dəstək vermir, hakimiyyətin maraqlarında əsl sənətə yer yoxdur, müstəqil qaynaqlar isə bunu etməyə sadəcə, cəsarət etmirlər, necə ki, heç kim qorxsusundan müstəqil mediaya dəstək vermədi və nəticədə də media tamam çökdü və tamam-kamal ələbaxım bir struktura çevrildi.

Eyni mənzərə kino və teatr sahəsində də müşahidə olunur: xalq artistlərinin, fərdi təqaüdçülərin sayı durmadan artır, amma gözəl filmlər və tamaşalar yaranmır, biz hələ də “Böyük dayaq” kimi filmlərə, “Almaz” kimi tamaşalara baxmaq məcburiyyətindəyik. Əlbəttə, epizodik cəhdlər var, xüsusən də kino sahəsində hətta bir-iki filmilə diqqəti çəkən gənc sənətkarlar var, amma onlara dəstək yoxdur, üstəlik, də bu adamları heç kim tanımır…

Burada, necə deyərlər, Kərəmi lap ağlamaq tutur. Telekanallar artanda, xüsusən də ictimai və ələlxüsus da mədəniyyət təmayüllü yeni kanallar çoxalanda biz düşündük ki, gənc istedadlara həm də informasiya dəstəyi veriləcək, amma əvəzində nə gördük?

Yalnız sovet dövrünün mədəniyyət və elm adamları haqqında nəsə verirlər: çoxdan dünyasını dəyişmiş yazıçılar, akademiklər, bəstəkarlar, rejissorlar və daha nə bilim, kimlər haqqında verilişlərə baxmaqdan gözümüz qabar olub, adam əlini qulağının dibinə qoyub lap yalquzaq – canavar kimi ulamaq istəyir ki, doğrudanmı hər şey büsbütün sovetlərin dövründə qaldı, doğrudanmı daha sənət və elm adamları yoxdur?..

Hətta bağırmaq istəyirsən ki, axı onlar da var və məhz onların mövcudluğu, boğazdan yuxarı vədlər, bəlağətli təriflər yox, bəli, məhz onların varlığı ümid yaradır ki, bu xalqın da gələcəyi olacaq! Bir cağırın onları da danışdırın və göstərin, hamı da bilsin ki, müasir sənətimizdə və ya elmimizdə nələr baş verir, onlar nə nə işlə məşğuldurlar?

Amma kimə deyirsən bunu? Heç eşitmək istəyən varmı bunu? Efiri yalaq-yaltaq “sənədli” filmlər, ara və toy müğənniləri tamam zəbt edib, yalnız internetdən nəsə götürmək olar, amma bəs onda televiziyalar və radiolar nəyə lazımdır? Deyirlər ki, kosmosda üç peykimiz var, amma nə əsl müstəqil telekanallar yaranır, nə də ki, ürəyimiz istəyən verilişlər – necə deyərlər, bu elə səhralıqdır ki, hətta üfiqlərində belə əsl azadlıq, əsl sənət və əlbəttə, əsl jurnalistika görünmür…