Tribuna İnformasiya Agentliyi

DİN jurnalistə qarşı zorakılığı araşdırır

11 Aprel

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində jurnalist Famil Fərhadoğluna (İbrahimov) qarşı zorakılıq hadisəsi baş verib. Belə ki, Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan Famil Fərhadoğlu hücumuna məruz qalıb.

Unikal.org saytının əməkdaşı üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin, mobil telefonu əlindən alınaraq, sındırılıb. Hadisə ilə bağlı KİV-lərdə xəbər yayımlandıqdan sonra Səhiyyə Nazirliyi dərhal açıqlama verib. Nazirlik baş verənləri üzərindən ataraq, hadisənin mərhum nazir müavininin qohumları tərəfindən törədildiyini bildirib.

“Yeni Müsavat” əməkdaşı “Unikal.org” saytının əməkdaşı Famil Fərhadoğlunun peşə fəaliyyətini yerinə yetirərkən təhqir və təzyiqə məruz qalması barədə məlumatlara aydınlıq gətirilməsi üçün DİN-ə sorğu ilə müraciət edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən musavat.com-un sorğusuna cavab olaraq bunlar bildirilib: “Aprelin 9-da vətəndaş Famil İbrahimov nazirliyin “102 xidməti”nə zəng edərək Yasamal rayonu ərazisindəki qəbiristanlıqda keçirilən dəfn mərasimində telefonla çəkiliş apararkən orada iştirak edən iki nəfərin təzyiqinə məruz qalması və sonda ona məxsus mobil telefonu zorla əlindən almalarını bildirib. Məlumat dərhal ərazi aidiyyatı üzrə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə ötürülüb. Famil İbrahimov bölməyə dəvət olunaraq ərizəsi və izahatı alınıb. Hazırda onun müraciəti ilə əlaqədar müvafiq araşdırmalar aparılır”.