Dilqəm Əsgərovla Mübariz Əsgərov arasında narazılıqbackend

Dilqəm Əsgərovla Mübariz Əsgərov arasında narazılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mübariz Əsgərovun dəvəti ilə Şuşaya getdik. Şuşa türməsi haqqında sənədli film çəkildi. Zəfər günündə təqdim edilməli idi. Amma təqdimata icazə verilmədi”.
Bu fikirləri Modern.az-a açıqlamasında keçmiş girov, 7 il Şuşa həbsxanasında cəza çəkmiş əslən kəlbəcərli Dilqəm Əsgərov bildirib.
“O film yayımlansa, məhkəməyə verəcəm”
D. Əsgərov deyib ki, Milli Televiziya və Radio Şurasının üzvü, telejurnalist Mübariz Əsgərovla aralarında narazılıq yaranıb:
“Türmənin içərisi, ətrafında günlərlə çəkiliş aparıldı. 3 gün orada qaldım. Mübariz müəllimin əvvəl dediyi sözlər başqa idi. Sonra mənə zəng elədi ki, gəl Bakıya. Bakıya çatanda məlum oldu ki, filmin təqdimatını məsləhət bilməyiblər. Orada zəncirləndiyim, döyüldüyüm yerləri göstərmişdim, mənə olan zülmlərdən danışmışdım. Çox təəssüflər ki, Qələbə günü onu göstərmədilər.
Mənim üçün artıq maraqlı da deyil. Mübariz bəy mənə filmin yayımlanmasına çalışacağını deyəndə söylədim ki, o film yayımlansa səni məhkəməyə verəcəm. Həmin film Zəfər günündə nümayiş olunmalı və xalq da baxmalı idi”.
Dilqəm Əsgərov yaşanan bütün xoşagəlməz hallara rəğmən Şuşanı azadlıqda və Azərbaycan əsgərinin nəzarəti altında görməyin gözəl olduğunu bildirib:
“Bu gün Şuşanı Azərbaycan əsgərinin nəzarətində olduğunu görmək gözəl hissdir”.
Dövlət strukturları araşdırma aparır
“Mən Xüsusi Təyinatlılar haqqında “Şuşa necə azad olundu” filmimi bitirmişəm. Bizim Şuşa türməsində saxlanılmış əsir və girovlarla bağlı layihəmiz var. Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların hərəsi haqqında kiçik film planlaşdırırıq. Dilqəm Əsgərov, Şahbaz Quliyev və digər əsir və girovların da çəkilməsi nəzərədə tutulub. O layihəyə yanvar ayında başlayacağıq”.
Bu fikirləri isə Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının üzvü, telejurnalist Mübariz Əsgərov bildirib.
“Birincisi, onun çəkildiyi məqam filmin dramaturgiyasına uyğun gəlmədi. İkinci səbəb də odur ki, onların – Şahbaz və Dilqəmin arasında olan qalmaqalın araşdırılma prosesi gedir. Dövlət strukturları bununla bağlı araşdırma aparır. Ara sakitləşəndən sonra ayrıca film kimi veriləcək. Əgər Dilqəm bəy istəməzsə, o zaman filmi yayımlamayacağam, problem yoxdur. Əsir və girovlarımız kifayət qədərdir. Onların hər biri haqqında ayrıca film çəkəcəyik”.
Mübariz Əsgərov bəzi məsələlərin ondan asılı olmadığını qeyd edib:
“Bunun günahkarı mən deyiləm. Onlar arasında olan problem araşdırılmalıdır. Vaxtı gələndə məsləhət edərik. İstəməzsə, onun haqqında film hazırlanmayacaq”.