Deputatlığa namizəd xarici ölkə vətəndaşıdır?backend

Rəşad Camalovla bağlı sənədli-sübutlu ittihamlar

Araşdırmaçı jurnalist Cavanşir Həsənli hələ seçki kampaniyası başlamamışdan əvvəl 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Rəşad Camalovla bağlı maraqlı paylaşım etmişdi.

“AzPolitika.info” xəbər verir ki, C.Həsənli həmin paylaşımda mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu R.Camalovun Rusiya vətəndaşı olduğunu iddia edib.

Jurnalist həmçinin, R.Camalovun deputat seçilməsi üçün Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Samid Abıyevin xüsusi canfəşanlıq göstərdiyini bildirib: “Mərhum Yavər Camalovun oğlu Rəşad Camalovun namizədliyi 46 saylı Şirvan şəhər seçki dairəsindən qeydə alınıb. Rəşad Camalov faktiki olaraq 2017-ci ildə Rusiya vətəndaşı olub və iş adamı kimi tanınıb.

Onun namizədliyi Şirvan şəhər rəhbərliyində ikitirəlik yaradlb. Belə ki, Şirvanın keçmiş icra başçısı Mərdan Camalov (hazırda Zərdab rayon İcra Hakimiyyətinin rəhbəri) qardaşı oğlu Rəşad Camalovun seçilməsi üçün öz nüfuz və təsir imkanlarından istifadə edir. Baxmayaraq ki, bu dairədən YAP-ın namizədi şəhərin Gənclər və İdman İdarəsinin rəisi Quliyev Azər Əli oğludur.

Keçmiş icra başçısına sadiqliyi ilə tanınan birinci müavin Samid Abıyev (Mərdan Camalovun vaxtilə köməkçisi olub) Rəşad Camalovun imzatoplama kampaniyasını təşkil edib. Bu işdə Şirvanın axundu Hacı Əvəz Mehrəliyev, bələdiyyə sədri Hacı Kürdoğlu Muradov, Şirvanın Olimpiya İdman Kompleksinin rəhbəri, eyni zamanda bələdiyyə üzvü İlham Səfərov yaxından iştirak ediblər.

C.Həsənli qeyd edir ki, Samid Abıyev Şirvanda məhz R.Camalovun deputat seçiləcəyinə dair rəy yaradır: “Şirvanda seçki macəraları başlayıb. 46 saylı dairədən namizədliyini vermiş Camalov Rəşad Yavər oğlu rahat-rahat ənam paylayır… İndidən Şirvanda belə rəy yaradıb ki, Rəşad Camalovun xeyir-duası verilib, “seçilib””.

Maraqlıdır ki, “Turan” Agentliyinin əməkdaşı Hafiz Babalı isə R.Camalovun Türkiyə vətəndaşlığının olmasına dair status paylaşıb: “Keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu, hazırda dövlət qurumlarından birində çalışan Rəşad Camalovun doğma şəhərindən Milli Məclisə deputatlığa namizədliyini verdiyi bildirilir. Türkiyədəki kommersiya reyestrinin aktual məlumatlarına istinad edərək, bu namizədin də aktiv biznes fəaliyyəti ilə məşğulı olduğunu iddia etmək olar. R.Camalov 2005-ci ildə İstanbulda qurulan “Olimpik Lojistik Turizm de Dış Ticaret Limited” şirkətinin sahibi və iki direktorundan biridir.

Digər payçılardan səhmləri satın alan Rəşad şirkəti 2006-cı ildə faktiki olaraq tam nəzarətə götürüb. O, 2011-ci ildə şirkətin kapitalını 100 000 lirədən 1 500 000 lirəyə çatdırıb. Şirkət müxtəlif malların topdansatışı ilə məşğul olur. Hazırda şirkətin ofisi İSTWEST rezindensinin A1B blokunda yerləşir.

Rəşadın əmisi, iş adamı Əlikram Camalovun Türkiyədə biznesi var. Hələlik onun indiyədək təkcə bir şirkətdə iri pay sahibi və direktor olduğu məlumdur. O, “Ak-Ak Turizm Sanayi ve Dış Ticaret Limited” şirkətini 2003-cü ildə İstanbulda türkiyəli ortağı ilə qurub. 2017-ci ildə isə şirkəti tərk edib. Şirkətdəki səhmlərinin dəyəri 700 min lirədən yuxarı idi.

Maraqlıdır ki, İkitelli Vergi Dairəsində vergi mükəlləfiyyətçisi olan Rəşad Camalovun Vergi Kimlik Nömrəsi artıq onu əcnəbi olaraq təqdim etmir. Başqa sözlə, onun Türkiyə vətəndaşlığını da aldığını güman etmək olar.” (sənədlərin şəkilləri aşağıda verilib)

Ötən gün isə C.Həsənli R.Camalovun vətəndaşlığı və Rusiyadakı biznesilə bağlı daha bir status paylaşıb. Həmin məlumatda göstərilir ki, artıq deputatlığa namizədliyi qeydə alınan R.Camalov Moskva 46 saylı Regional Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyata alınıb. Onun fikrincə, bu fakt təsdiq edir ki, Camalovun Rusiya vətəndaşlığı olub. Və həmin vergi reyestrdəki məlumatlar 2017-ci ildə də aktual olub: “Bilmirəm, MSK 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Camalovun başqa ölkə vətəndaşlığının olub-olmadığını müəyyənləşdirə bildimi?

 

Sizə təqdim etdiyim məlumatlardan aydın olur ki, keçmiş müdafiə sənayesi naziri mərhum Yavər Camalovun oğlu Rusiya vətəndaşı olub. Rəşad Camalovun hələ 2008-ci ildə Moskva 46 saylı Regional Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyata alınarkən Rusiya vətəndaşlığı olub. Reyestrdəki məlumatlar 2017-ci ildə də aktual olub və Camalovun üç il öncə də Rusiya vətəndaşlığının olduğunu göstərir.

Təəssüf ki, deputatlığa namizədin Azərbaycan vətəndaşlığını nə vaxt alması haqda məlumat yoxdur. Amma Camalovların Rusiyadakı biznesi haqqında daha geniş yazı olacaq.”

Qeyd edək ki, Azərbaycanın seçki qanunvericiliyi xarici vətəndaşın, yaxud ikili vətəndaşlığı, həmçinin başqa dövlət qarşısında öhdəliyi olan şəxslərin parlament üzvü olmasını qadağan edir.