Deputatların maaşı Azərbaycanda və qonşu dövlətlərdə… – MÜQAYİSƏLİ RƏQƏMLƏRbackend

Deputatların maaşı Azərbaycanda və qonşu dövlətlərdə… – MÜQAYİSƏLİ RƏQƏMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin deputatları və onların aylıq əməkhaqları barədə kiçik bir araşdırma aparmaq fikrinə düşdüm. 3 ildir ki, postpandemiya şəraitinə uyğunlaşmağa çalşan dünya ölkələri və həmçinin öz ölkəmizin sadə vətəndaşları bu zaman çərçivəsində bir çox iş yerlərindən məhrum oldu. Ölkədə işsizliyin səviyyəsi yenidən yüksəldi. İnflyasiya yenidən yüksək qrafiklərlə göstərilməyə başlanıldı. 190 manat sosial yardıma ciddi tələbatın olduğu bu balaca Cənubi Qafqaz ölkəsində görəsən, ölkəmizin “şəffaflıq” simvolu hesab olunan Milli Məclisimizdə deputat kürsüsünü “şərəfləndirən” və ya kürsünün şərəfləndirdiyi deputatlar nə qədər maaş alır?
Əldə etdiyim bəzi məlumatlara görə, hətta Milli Məclisin bufetində belə, deputatlara verilən yeməklər onlara ödənişsiz başa gəlir.

Keçən müddət ərzində Milli Məclisin deputatlarının sayında müəyyən dəyişikliklər baş verdi. Hətta indi “Parlamentdə neçə deputat var?” sualına belə “təbii ki, 125 deputatımız var” demək yerinə, azca düşünüb, çəkinə-çəkinə cavab verməli oluruq. Ona görə ki, onlar arasında dünyasını dəyişəni, öz mandatını qumarda uduzanı, həbsə düşəni və ictimaiyyətə naməlum olan başqa səbəblərdən dolayı “qeybə” çəkilənləri var. Elə bunu aydınlaşdırmaq üçün Milli Məclisin saytına nəzər yetirməli oldum. Orda 120 deputatın adını saydım. Ancaq bir deputat var ki, o, nə “qeyb”ə çəkilib, nə də “zühur” edəcəyi barədə hər hansısa ümid var. Yəni mən bilmədim. Onu da həmin deputatlar sırasında sayıb rəqəmi “120” qeyd etməliyəm, ya onu çıxıb “119” qeyd etməliyəm?! Həmin deputatın bu ilin yayında əlbəyaxa olduğu polis əməkdaşına görə toxunulmazlığına xitam verilib, birdəfəlik “istirahətə” göndərilən Eldəniz Səlimov olduğunu aydınlaşdırıb rəqəmi “120” yox, “119” kimi qeyd etdim. Onu da əlavə edim ki, Milli Məclisdən verilən məlumata görə, hal-hazırda həbsdə olan Eldəniz Səlimov həminki deputat maaşını indi də vaxtı-vaxtında almağa davam edir…

Beləliklə, indi hal-hazırda Milli Məclisimizdə 119 deputat fəaliyyət göstərir. Daha doğrusu, siyahıda elə göstərilir. Fəaliyyətləri barədə konkret fikir söyləmək indiki mərhələdə bir qədər adekvat olmaz.

İndi isə istəyirəm “zəhmətkeş” deputatların aylıq əməkhaqları barədə oxucularımızı bilgiləndirim. Bu ilin fevral ayında Parlament tərəfindən deputatların əməkhaqları barədə mətbuata müəyyən açıqlamalar verilib. Həmin məlumatları qeyd etmək istəyirəm. Beləliklə, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki;

Milli Məclisin Sədri 2 min 475 manat aylıq vəzifə maaşı alır.
Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 min 227,5 manat) ,
Milli Məclis Sədrinin müavini – 85 faizi (2 min 103,75 manat),
Milli Məclisin komitə və komissiya sədri – 80 faizi (1 980 manat),
Milli Məclisin komitə və komissiya sədrinin müavini – 75 faizi (1 856,25 manat),
Milli Məclisin deputatı isə, Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi məbləğində (1 732,5 manat) aylıq vəzifə maaşı alır.
Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Hal-hazırda Milli Məclisdən deputatların rəsmi əməkhaqları barədə açıqlama bundan ibarətdir. Ancaq təbii ki, bir çox deputatların şəxsi biznes fəaliyyətlərinin də olması, heç də ictimaiyyətə yad informasiya deyil. Həmin deputatlardan biri, son zamanlar adı dərman monopoliyasında tez-tez hallanan, İngiltərədəki mülklərinə həbs qoyulan Cavanşir Feyziyevdir. Yəqin ki, onu 1732,5 manat əməkhaqqı qane etməyib. Təbii ki, açıqlanan bu rəqəmlərlə şəxsi biznes imperiyasını daha da böyüdən digər deputatların əlavə gəlir yerlərini də siyahıya daxil etsək, görərik ki, bu qəbildən olan “deputat”lar illərlə o kürsünü zəbt edərək, millət üçün vəkillikdən başqa nəyi desən, bacarırlar – qumar oynamağı, adam döyməyi, dərman alverini və sair…

İndi isə, gələk qonşu ölkələrin deputatlarının aylıq əməkhaqqına:

Qardaş Türkiyədə millət vəkilinin aylıq maaşı 25 min lirə, yəni bizim məzənnə ilə 3 min 112 manatdır. Gürcüstanda deputatların aylıq maaşı 6 min 414 lari (3 min 709 manat), Ermənistanda 661 min 400 dram (2 min 391manat) təşkil edir.

Rusiyada isə mövzu bir qədər fərqlidir. Duma üzvü deputatın qanuni maaşı 85 min rubl ikən, əlavə ödənişlərlə birlikdə onun maaşı aylıq 500 min rubl (11 min 900 manat) təşkil edir. Bu ölkədə sabiq deputatların pensiyaları da digər yüksək vəzifəli məmurların qazancından yüksəkdir.

Cənub qonşumuz İranda isə millət vəkillərinin maaşları barədə dəqiq rəqəmlər əldə edə bilməsəm də, məlumata görə, adıçəkilən ölkədə deputatların maaşları ilə sıravi yol polislərinin maaşları arasında cəmi 20 dollar fərq var.
Bizimyol.info