Tribuna İnformasiya Agentliyi

Deputatlar dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına təhvil verəcəklər

27 Noyabr

Bu gün “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin növbəti plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

TİA.AZ-ın məlumatına görə, qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, birinci və ikinci oxunuşdan sonra bir sıra maddələrdə ciddi dəyişikliklər edilib.

Bildirilib ki, bundan sonra deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər.

Qanunun 10-cu (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

Əlavə edilən 10.3-cü maddəyə əsasən isə, deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, millət vəkili onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.