Tribuna İnformasiya Agentliyi

Deputatlar bu qanunları dəyişdi

29 Noyabr

Azərbaycanda şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişlər aparılmayacaq. 

Azərbaycanda şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişlər aparılmayacaq.

TİA.AZ xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəllənin 246-cı maddəsinə (şəxsi axtarış və götürmə) yeni bənd əlavə edilməsi təklif edilib.

Dəyişiklik layihəsinə əsasən, şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişlər aparılmır. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.

Bundan başqa, dəyişikliklə hadisə yerinin baxışı zamanı azı 2 hal şahidi iştirak etmədikdə video çəkilişdən istifadə məcburi olacaq. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Eyni zamanda Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb. “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə əsasən, dövlət qulluğunda olan 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulub.

Həmçinni Azərbaycan Respublikasına gələn turistlər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala biləcəklər. Bu barədə “Turizm haqqında” qanununa dəyişiklik layihəsində yer alıb. Layihəyə əsasən, elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.

Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Dəyişiklikliklər səsverməyə çıxarılaraq qəbul edilib.