Tribuna İnformasiya Agentliyi

Deputatın “soyğunçuluqdur” dediyi yerlərdən –reportaj…

20 May

Fazil Mustafa aeroport, avtovağzal və “Binə” yarmarkasına qısamüddətli girən sürücülərdən pul alınmasını biabırçılıq adlandırdı; müxbirimiz detallarını öyrənib

Ötən həftə deputat Fazil Mustafa parlamentdəki çıxışında Bakı Beynəlxalq Avtovağzalına və Bakı Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olub-çıxan şəxslərdən ödəniş alınmasının düzgün olmadığını qeyd etmişdi.

Onun sözlərinə görə, dünyanın heç bir yerində belə biabırçılıq yoxdur. F.Mustafa feysbuk statusunda da problemə toxunaraq  “Binə” ticarət mərkəzində, avtovağzalda eyni qanunsuzluğun hökm sürdüyünü bildirmişdi: “Vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar. Heç kim buna qarışa bilmir. Çünki qaydalar belədir və qaydalara da dözməyimiz lazımdır. Ölkədə qanun işləmir”.

Həftəsonu deputatın tənqidlərinin izinə düşərək deyilənlərə şahid olmaq qərarına gəldik. Məlum oldu ki, doğrudan da F.Mustafa haqlıdır.

F.Mustafadan əvvəl də həmkarı Fəzail Ağamalı “Binə” Ticarət Mərkəzi barəsində etirazını bildirmişdi. Sitat:“Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar. Lakin orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir”.

Onun sözlərinə görə, bu məsələni artıq neçənci dəfədir qaldırır, ancaq nəzərə alan yoxdur:“Bu gün ”Binə” kimi iri ticarət mərkəzləri var və burada maşını az-çox saxlamasından və maşın sahibindən asılı olmayaraq, konkret vahid pul ödənilir. Axı gün ərzində alınan bu qədər pul hara gedir?!”

Məsələn, avtovağzala yaxınını yola salmaq və ya qarşılamaq üçün 3 dəqiqəlik girsən belə 1 manat ödəniş etməlisən. Sürücülər deyirlər ki, bunun heç bir hüquqi əsası yoxdur və Ərəbzəngi kimi yol kəsib xərac yığmaqdan başqa bir şey deyil.

Üstəlik, formal bir qəbz təqdim edirlər, guya qanuni fəaliyyət göstərilir. Hansı ölkənin avtovağzalına girən sürücüdən pul tələb olunur?

Rəsmi şəkildə bəyan ediblər ki, guya parkinqə daxil olan nəqliyyat vasitələri ilk 20 dəqiqə ödənişsiz dayanır. Amma içəri keçən sürücü 5 dəqiqə sonra qayıdanda 1 manat ödəniş etməsə, şlaqbaum qaldırılmır.

Hava limanına gəlincə, xüsusi aparatlar var. Burada 1 saata qədər qalan avtomobil 1 manat ödəniş edir. Ancaq söhbət 6-7 dəqiqəlik aeroporta daxil olanlardan gedir ki, müştərisini və ya qohumunu yola salır, qısa müddətdə geri qayıdır, onlar da həmin məbləği verməyə məcburdurlar.

Hava limanının çıxışında quraşdırılan aparatlara ödəniş edirsən, xüsusi kart çıxır, o kartı şlaqbaumun yanındakı cihaza daxil edirsən, sənə “yaşıl işıq” yandırılır.

Və ölkənin iki əsas dayanacaqları olan – aeroport və avtovağzalda hər gün böyük pullar dövriyyə edir. Əvəzində “Welcome Azerbaijan” yazılan lövhələri oxuyanda ironiyasız keçmək olmur.

Siz Romada, yaxud Berlində görə bilməzsiniz ki, vətəndaş avtovağzala, hava limanına avtomobillə daxil olmaq üçün ödəniş eləməlidir. Bakıda isə bu mənada “xırs quldurbasan” qaydaları işləyir.

Axı insan ticarət mərkəzinə, yaxud hava limanına daxil olanda niyə giriş pulu verməlidir? Sərnişin təyyarəyə çatmaq üçün aeroportun həyətinə piyada gəlməlidirmi?

Yaxud Bakı avtovağzalına 3 dəqiqəlik daxil olub yaxınını qarşılayan, yola salan şəxs hansı əsasla ödəniş etməlidir?

F.Mustafanın dediyi soyğunçuluğu “Binə” bazarlarında da müşahidə elədik. Burada heç qəbz də təqdim edilmir: Şlaqbaumun yanındakı məntəqədən üzü görünməyən bir əl açılır, dilənçi kimi sənə tərəf uzadılır və 50 qəpik verirsən, gedə bilərsən.

Əvvəllər formal bir qəbz verilirdi, gördülər ki, kağıza artıq xərc gedir, elə feodal qaydaları tətbiq elədilər, “çek”siz, eləcə yolçu kimi əl uzadıb pul alırlar. Təsəvvür edin ki, hər gün sözügedən bazarlarla minlərlə maşın daxil olur.

Onların hər birindən alınan 50 qəpiklərlə böyük bir büdcə formalaşır. Bu büdcə isə dövlətin vergisindən yayındırılır, hansısa ciblərə axışır.

Hər iki yarmarkada elə bir labirint qurulub ki, nəhəng bir ərazinin hansı istiqamətindən çıxsan nəhayətdə eyni yerə gəlib çatırsan və 50 qəpiyi ödəməli olursan, yəni alternativ gizli yol, küçə, tin, dalan belə yoxdur.

Sürücülər isə öz aralarında deyinirlər, şikayətlənirlər, bunun özbaşınalıq olduğunu söyləyirlər, amma “haram xoşları olsun” söyləyib ödəniş edirlər.

Sürücülər qeyd edirlər ki, dayanacaq üçün pul alınması normaldır. Amma 5-10 dəqiqəlik giriş-çıxış edənlərdən pul yığmaq düzgün deyil.

Region ölkələrindən Türkiyə, İran və Gürcüstanda sürücü uzunmüddətli parkinq xidmətindən istifadə etmirsə, hava limanlarına giriş və çıxışı ödənişsiz qaydada həyata keçirir.

Bundan əlavə, taksi sürücülərinə güzəştlər olmalıdır. Onlar hər gün avtovağzala, ticarət mərkəzlərinə, aeroporta müştəri daşıyırlar. Və hər girişdə ödəniş etməyə məcburdular.

Ekspertlər isə bildirirlər ki, bu xidmətlərin qiymətini obyektlər özləri yox, dövlət müəyyən etməlidir. Tarif Şurası açıqlamalıdır ki, qiymətlər nə qədərdir.

Eyni zamanda, qısamüddətli girənlər üçün güzəştlər tətbiq olunmalıdır. Hər halda iki deputat ayrı-ayrılıqda bu məsələni qaldırıb, gözləyək nə olacaq…

Emil SALAMOĞLU,
“Yeni Müsavat”