DEPUTATDAN GÜNDƏM AÇIQLAMALARI: QAZİLƏR, SƏRHƏD, QARABAĞ… – MÜSAHİBƏbackend

DEPUTATDAN GÜNDƏM AÇIQLAMALARI: QAZİLƏR, SƏRHƏD, QARABAĞ… – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyevin TİA. Az-a müsahibəsi:

– Musa müəllim, bu yaxınlarda atanızın məzarının dağıdılmış görüntüləri yayıldı. O mənzərəni görmək sizin üçün çətin olmalı.

– O mənzərəni görmək çox ağrılıdır. 2006-ci ildə Ermənistanda olan zaman kəndimizin dağıdılan qəbiristanlığını görmüşdüm. O mənzərəni görəndən sonra iki gün özüm gələ bilməmişdim. Çox ağrılı və faciəvi bir hisdir. Ancaq bizim ümidimiz var, biz o yerlərə qayıdacağıq. O yerləri də, qəbirləri də bərpa edəcəyik. Qarabağda 44 günlük müharibədən sonra qələbə çaldıq və işğal olunmuş Qarabağın və Şərqi Zəngəzurun ərazilərini işğaldan azad etdik. Gördük ki, orda daş-daş üstündə qalmayıb. Burda da eyni mənzərədir. Öz atanın, babanın, əzizlərinin məzarlarını dağıdılmış görürsən və heç nə edə bilmirsən. Müharibə belədir, müharibə hər bir xalq üçün məhrumiyyətlər deməkdir. Təəssüflər olsun ki, bizim xalqımız otuz il bu faciə ilə yaşadı. Şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər ordumuz, xalqımız bir yumruq kimi birləşdik, torpaqlarımızı işğaldan azad etdik. Bu gün Qarabağda böyük quruculuq işləri gedir.

– Qarabağda quruculuq işlərinin görülməsi külli miqdarda vəsait tələb edir.

– Bilirsiniz, biz bir qədər çətin dövrə düşdük. Həm iki il davam edən hələ də sonunu dəqiq bilmədiyimiz koronavirus pandemiyası, həm də 44 gün davam edən müharibə Azərbaycan iqtisadiyyatını kifayət qədər məhdudlaşdırdı. Pandemiyadan sonrakı dövrdə də iqtisadiyyatın yüksəliş tempi bizim arzu etdiyimiz səviyyədə deyil. Buna baxmayaraq Azərbaycan dövləti qüdrətli dövlət olduğunu da göstərdi və pandemiya dövründə bizim xalqımız ən az zərər çəkən xalqlardan biri kimi tarixə düşdü. BMT- nin hesabatında göstərildiyi kimi, Azərbaycan pandemiyadan uğurla çıxan on dövlətdən biridir. Bu, olduqca yaxşı göstəricidir. Amma müəyyən bir məhdudiyyətlər oldu. Ötən ilin yay aylarından başlayaraq dünya bazarlarında çox işlənən malların, ərzağın qiymətinin kəskin surətdə qalxması, şübhəsiz ki, Azərbaycan bazarına da öz mənfi təsirini göstərdi. Təəssüflər olsun ki, qiymət artımı bu gün də davam edir, stabilləşmə hələ də yoxdur. Ona görə də ötən ilin sonunda cənab Prezident əhalinin sosial rifahının qorunması ilə bağlı tədbirlər görülməsi üçün sərəncam verdi. Yanvardan başlayaraq bizdə müavinətlər, pensiyalar, əmək haqlarının artımı baş verdi. Əgər qiymət artımları davam edərsə, təbii ki, hökümət əhalinin sosial müdafiəsini qorumaq üçün növbəti addımlar da atacaqdır. Pensiya və əmək haqlarında artımların edilməsi hökümətin gündəmində olan məsələdir. Sadəcə burda mexaniki olaraq məbləğin artırılması ilk baxışda insanların sadə gəlir, ancaq bir-birinə bağlı çoxlu mexanizmlər var. Qiymət artanda bazarda tələb və təklif arasındakı uyğunluq pozulduğuna görə, “qar topası” effekti yaradır. Bunun qarşısını almaq üçün hökumət bir çox tədbirlər görür: sağlam rəqabət, məhsul bolluğunun yaradılması, möhtəkirliklə mübarizə, əhalinin aztəminatlı hissəsinin rifahını qorumaq üçün maaşların qaldırılması və s. Biz bunlarla yanaşı əmək məhsuldarlığını da artırmalıyıq. Bazara çoxlu öz istehsal etdiyimiz məhsullar daxil olmalıdır. Yalnız bundan sonra qiymət tənzimlənə bilər.
Hər bir hökümətin həm xarici, həm də daxil siyasətində prioritet istiqamətlər var. Məsələn, 2020-2021- ci illərdə prioritet istiqamətlər pandemiya ilə mübarizə, müharibə və postmüharibə dövründə şəhid ailələri, qazilərin sosial müdafiəsinin gücləndirilməsi olduğuna görə bu istiqamətdə büdcədən xeyli vəsait ayrıldı. Düşünürəm ki, 2022-ci ildən başlayaraq bizim prioritet istiqamətimiz Qarabağın və Şərqi Zəngəzurun bərpası olmalıdır. İşğaldan azad olunmuş ərazilərimizin bərpası ilə bağlı büdcədən bu il 2 milyard 200 milyon manat vəsait ayrılıb. Bu vəsait yetərli deyil və biz daha böyük işlər görəməyi qarşıya məqsəd qoymuşuq.
Eyni zamanda, bildirmək istəyirəm ki, biz növbədənkənar sessiyada büdcənin profisitinə də baxacağıq. Çünki neftin qiymətinin artımı mühüm amildir, biz ilkin olaraq 2022- ci ilin büdcəsində neftin qiymətini 50 dollardan götürsək də, ancaq orta hesabla neftin qiyməti 80 dollar civarıdır. Büdcəmizin profisiti yəqin ki, olacaq, bununla da Qarabağın bərpasına əlavə vəsaitlər ayıracağıq. Yəni əhalinin sosial müdafiəsi həmişə prioritetdir. Ancaq Qarabağ düyünləri bizim ən böyük prioritetimizdir.
Digər istiqamət isə şübhəsiz ki, əhalinin sosial müdafiəsində aktiv sosial müdafiə tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Pensiya və əmək haqqının qaldırılması passiv sosial müdafiə tədbirləridir. Yeni iş yerlərinin açılması, istehsalatda əmək məhsuldarlığının yaranması, dünya bazarında yüksək təlabat olan malları Azərbaycan brendi ilə çıxarmaq-bunlar aktiv müdafiə tədbirləri kimi əhəmiyyətlidir. Bu istiqamətdə də işlər gedir, ancaq burda işlər ləng gedir və doğrusu, bizi qane etmir.

– Siz qazi və şəhid ailələrinin sosial müdafiəsi məsələsinə toxunduğunuz. Yeri gəlmişkən, bir neçə gün öncə qazilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasında şüşələri qırmasına sizdən münasibət öyrənmək istəyərdim.

– Tarixdə ilk pensiya, ilk əlillik verilməsi məhz qazilərlə bağlı olub. Azərbaycanda da bu belədir. Bir məsələ var ki, onu heç birimiz yaddan çıxarmalı deyilik. Postmüharibə sindromu deyilən tibbdə, psixologiyada və siyasətdə bir anlayış var. Bu anlayış həm birinci həm də ikinci dünya müharibəsində hiss olundu, ancaq bu problem daha geniş və elmi şəkildə Vyetnam müharibəsində araşdırıldı. Belə ki, müharibədən qayıdan amerikan əsgərlərində çox ciddi psixoloji pozuntu, normadan kənarlaşma hiss olundu. Bunun iki səbəbi vardı: birincisi, psixoloji travma. Düşmən olsa belə, insan öldürmək asan məsələ deyil. Hər kəsin sinir sistemi də belə yüklənmələrə hazırlıqlı olmur.
Problemin digər tərəfi hərbiçinin müharibənin gedişində aldığı ancaq özünün də hiss etmədiyi kontuziyalar.ə,dır ki, zaman ötdükcə özünü biruzə verə bilir. Buna görə də belə insanların psixoloji dəstəyə ehtiyacı olur. Təəssüflər olsun ki, Azərbaycanda psixoloji xidmət arzu etdiyimiz səviyyədə inkişaf etməyib. Peşəkar psixoloqlarımızın sayı barmaqla sayıla biləcək qədər azdır. Psixoloji xidmət şəbəkəsi də qurulmayıb, baxmayaraq ki, biz bu sahədə qanun da qəbul etmişik. Təsəvvür edin ki, 44 günlük müharibədə 100 minə yaxın insan veteran kimi geri qayıdır. Onların bir çoxu orada ən azı mina partlayışı eşidir. Nəzərə almalıyıq ki, onların keçirdikləri psixoloji travma aradan qalxmayıb. Biz qazilərə xüsusi qayğı ilə yanaşmalıyıq, onlar özlərini qəhrəman saymaqda haqlıdırlar. Bəlkə onların içərisində müharibə vaxtl bir güllə atmayan da var. Tutaq ki, sürücü olub ön cəbhəyə ərzaq, silah aparıb. Bundan asılı olmayaraq onların hər birini qəhrəman kimi qəbul etməliyik. Burada ikili münasibətdən söhbət gedir: birincisi, cəmiyyətin, məmurların onlara münasibətindən, ikincisi isə o insanların cəmiyyətdə formalaşdırdığı münasibətdən. Mən heç bir halda qanun pozuntusuna haqq qazandıra bilmərəm. Qanun hər şeydən ucadır. Məmurdan da, qazidən də, qəhrəmandan da. Qanunu pozmağa heç kimin ixtiyarı yoxdur. Amma biz onların travmalı olduğunu nəzərə alıb onları anlamalıyıq.

– Qazilərə əlillik dərəcəsinin verilməsi ilə bağlı şikayətlərə də rast gəlinir.

Əlillik dərəcəsi o halda verilir ki, aldığın yara, travma, yaxud xəstəlik sənin həyat fəaliyyətini müəyyən qədər məhdudlaşdırsın. Bu, dünyanın qəbul etdiyi standartdır. Tibbi-sosial ekspert komisiyasında olan həkimlər də burdan çıxış edirlər. Mən özüm həkiməm və vaxilə respublikanın baş tibbi-sosial eksperti olmuşam. Əlikkik təyinatı zamanı kontuziyalar və onların gec fəsadları mütləq nəzərə alınmalıdır. Əgər şəxsin mina partlayışı nəticəsində ayağı amputasiya olunursa və buna görə ömürlük əlillik dərəcəsi verirlərsə, bu doğrudur. Ola bilər ki, adam mina partlayışı zamanı kontuziya alar, həmin kontuziya ekspert müayinəsi zamanı özünü göstərməz. On ilə qədər kəllə-beyin travması gizli dövrünü keçirə bilər. Məsələyə çoxşaxəli baxmaq lazımdır. Ən təhlükəlisi odur ki, bu insanların psixoloji və xəstəliyin törətdiyi sağlamlıq imkanlarının məhdudlaşdırılması, maddi ehtiyacdan doğan vəziyyətlərindən kimlərinsə sui-istifadə etməsidir. Biz belə insanları doxsanıncı illərdə gördük. Radikal qrup müxalifət partiyaları onlardan istifadə etdilər. Onların aclıq aksiyasını, mitinqlərini təşkil etdilər. Bu, çox çirkin bir şeydir. Hər kəs öz haqqını almalıdır, ədalətli olan budur. Ancaq hər kəs də özünün haqq etmədiyini tələb etməli deyil. Bu insanlara dövlətin dəstəyi kifayət qədərdir. Qazilərin cəmiyyətə inteqrasiyası üçün işlə təmin olunması vacibdir. Cəmiyyətin də doğru münasibəti lazımdır.
Sosial şəbəkələrdə qəhraman olana kimi işlədiyimiz təşkilatda boş iş yeri varsa, tanıdığımız bir qazinin həmin iş yerinə cəlb etmək üçün əlimizdən gələni edək. Orta və böyük sahibkarlar sinifi var, onların hərəsi bir nəfər qazi yaxud şəhid ailəsi üzvünü işə götürsəydi, artıq bütün veteranlarımız işlə təmin olunmuş olardı.

– Musa müəllim, son dövrlərdə aktual məsələlərdən biri quru sərhədlərin açılmasıdır. Sizcə, sərhədlər niyə açılmır?

-Sərhədlərin açılmasının şəxsən mən tərəfdarıyam. Ölkədə son zamanlar epidemioloji vəziyyət sabitdir. Dəfələrlə bu barədə demişəm ki, yay dövründə turizm üçün sərhədlərin açılması vacibdir. Həmçinin Rusiyada yaşayan iki milyon azərbaycanlımız vətənə gəlmək, xeyirdə-şərdə iştirak etmək istəyir. Bəlkə də bizim bilmədiyimiz məsələlər var. Operativ qərargah ən azı cəmiyyətə məlumat verməlidir ki, nə səbəbə görə, sərhədlər açılmır. Narazılıq həm də informasiyanın olmamağından yaranır. Ən azından deyilməlidir ki, bu səbəbə görə açmırıq, falan vaxt sərhədləri aça bilərik. Hazırda epidemioloji situasiya da ölkədə sabitdir, qonşu ölkələrdə də epidemioloji vəziyyət sabitdir. Bizim bilmədiyimiz bir məsələ varsa, yaxşı olardı ki, Operativ Qərargah bu barədə cəmiyyətə informasiya versin.

– Brüssel görüşləri, sülh danışıqları – proses haqda nə deyə bilərsiniz?

Bu gün Azərbaycan bölgənin titul dövlətidir. Danışıqlar Azərbaycanın diktəsi və istəyi əsasında gedir. Bu, təkcə ona görə belə deyil ki, Azərbaycan qalib dövlətdir həm də ona görə belədir ki, Azərbaycan haqlı tərəfdir və Azərbaycanın irəli sürdüyü təkliflər beynəlxalq qanunlara uyğundur. Hazırda Ermənistanın siyasi rəhbərliyində güclü, özünəinamlı komanda yoxdur. Paşinyan öz qərarlarını qəbul etmək üçün lazım olan gücü və dəstəyi tapa bilmir. Çünki Ermənistan özü qondarma dövlətdir, digər tərəfdən də orada revanşist qüvvələr kifayət qədər aktivləşiblər. Bizi məmun edən bir məsələ var ki, artıq erməni xalqı həqiqəti anlayır, onlar başa düşür ki, qonşuları-Azərbaycan və Türkiyə ilə uzun müddət düşmənçilik vəziyyətində yaşaya bilməyəcəklər. 44 günlük müharibədən sonra ermənilər növbəti bir məğlubiyyət yaşamaq istəmirlər. Cənab prezidentin son bəyanatlarından birində də deyildiyi kimi, əgər onlar Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq. Bizim də kifayət qədər haqlı və tarixi iddialarımız var. Onlar artıq başa düşür ki, növbəti bir müharibə Zəngəzur və İrəvanın işğaldan azad olunmasına gətirib çıxara bilər.

– Musa müəllim, sonuncu sualım sizin özünüzlə bağlıdır. Həm şair həm həkim, həm siyasətçi. Üçü ilə də yola getmək çətin deyil?

– Bu, tale məsələsidir. Şairlik, yaradıcılıq insanın özündən asılı deyil, bu, Allahın verdiyi nemətdir. Həkimlik insanın əldə etdiyi bir peşədir. Həkimlik də görünür, mənim qismətim idi, onu da deyim ki, pis həkim olmamışam. Baxmayaraq ki, 20 ildir həkimliklə məşğul deyiləm, ancaq hələ də məni xatırlayan, konsultasiya üçün zəng vuran xəstələr var.

– Bəs siyasət?

Poeziya müəyyən mənada siyasətə kömək olur: çıxışlarımızda, yazılarımızda bu ruh hiss olunur. Ancaq siyasət heç vaxt poeziyaya kömək etmir, əksinə qəsdinə durur.

Söhbətləşdi:AYTAC

TİA. Az