Deputat: “Prezident aydın mesajlar verdi və hər kəs bundan nəticə çıxarmalıdır”backend

Deputat: “Prezident aydın mesajlar verdi və hər kəs bundan nəticə çıxarmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur Məmmədov: “Azərbaycan bu günə qədər dünyada neft ölkəsi kimi tanınırdısa, artıq qaz ölkəsi kimi də tanınır”

Milli Məclisin deputatı Məşhur Məmmədovun TİA.AZ-a müsahibəsi

– Prezident İlham Əliyev “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin liderlərinin sammitində bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı deyib ki, Azərbaycan Avropa İttifaqı ilə “bərabərhüquqlu saziş” imzalamağa hazırlaşır və sənəd 90 faiz hazırdır. Sammitin yekunları ilə bağlı təssüratlarınızı eşitmək maraqlı olardı?

– İlk öncə onu qeyd edim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə “Tərəfdaşlıq prioritetləri” sənədi paraflanıb. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, artıq bu istiqamətdə işlərin 90 faizi yekunlaşıb. Yalnız müəyyən məsələlər qalıb ki, onların müzakirəsinə ehtiyac var. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan Avropanı enerji ilə təmin edən əsas ölkələrdən biridir. Azərbaycanla Avropa İttifaqına üzv dövlətlər arasında strateji münasibətlər mövcuddur. İttifaqa üzv olan 9 dövlətlə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənədlər imzalanıb.

Hesab edirəm ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasət kursu, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfər ölkəmizin beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Regionda Azərbaycanın rolu və iştirakı olmadan hər hansı layihənin baş tutması real deyil. Təbii ki, dövlətimizin başçısı Azərbaycanın milli maraqlarını rəhbər tutmaqla bütün dövlətlərlə normal əməkdaşlığın davam etməsində maraqlı olduğunu dəfələrlə bəyan edib. Hesab edirəm ki, “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin liderlərinin sammiti kifayət qədər məhsuldar keçdi və Cənab Prezident İlham Əliyev Azərbaycanın haqq səsini Avropanın tribunasından da növbəti dəfə dünyaya çatdırdı.

– Sammit çəçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutdu. Ölkə başçısı ATƏT-in Minsk Qrupunun 28 il ərzində hər hansı nəticəyə nail olmadığını diqqətə çatdırdı və onların gələcək fəaliyyətinin sülh sazişinin hazırlanması, delimitasiya və humanitar istiqamətlərdə ola biləcəyini söylədi…

– ATƏT-in Minsk Qrupu fəaliyyət göstərdiyi müddət ərzində münaqişənin nizamlanması işinə heç bir töhfə verə bilmədi. Fəaliyyəti dövründə yalnız ümumi görüşlər və bəyanatlar verməklə işini bitmiş saydı və BMT-nin çoxsaylı qətnamələrinin yerinə yetirilməsməsinə, Azərbaycan torpaqlarının işğal faktına da göz yumdu. Təbii ki, bu qurumdan heç bir gözlənti yox idi və yalnız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi. Bundan sonra isə artıq bu qurumun fəaliyyətinə ehtiyac qalmırdı. Görünən odur ki, Ermənistan yenidən Minsk Qrupunu münaqişəyə cəlb etməklə öz məğlubiyyətini kompensasiya etməyə çalışır. Münaqişə əsas etibarilə başa çatıb və Azərbaycanın aydın mövqeyi ortadadır.

Cənab Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyət istiqamətləri ilə bağlı söylədiyi fikirlərdən onlar nəticə çıxarmalıdırlar. Bundan sonra bu qurum yalnız sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər humanitar məsələlərdə səylərini ortaya qoya bilər.

– Prezident Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunub. Bəyan edib ki, bu münasibətlər strateji xarakter daşıyır. Eyni zamanda Azərbaycan qazının Rusiya qazına rəqib olmadığını və bəzilərinin bu məsələni məqsədli şəkildə siyasiləşdirməyə çalışdığını diqqətə çatdırdı…

– Bu gün Avropa İttifaqına üzv olan dövlətlərin illik 500 milyard kubmetr mavi yanacağa tələbatı var ki, onun 160-170 milyard kubmetrini Rusiya idxal edir. Azərbaycan isə illik 10 milyard kubmetr qaz istehsal etmək gücündədir. Avropa alternativ qaz mənbələri axtarışındadır və tələb təklifdən daha çoxdur. Prezident İlham Əliyevin də söylədiyi kimi, bəzi qüvvələr bu məsələdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır, iki qonşu dövlət arasında münasibətləri gərginləşdirməyə səy göstərirlər. Hansı ki, dövlət başçısının da söylədiyi kimi, rəsmi Moskva, o cümlədən prezident Vladimir Putin bir dəfə olsun bu məsələ ilə bağlı hər hansı narahatlıq ifadə etməyib. Görünən odur ki, həmin qüvvələr öz məqsədlərinə nail ola bilməyiblər və olmayacaqlar.

Cənub Qaz Dəhlizi (TAP və TANAP) vasitəsilə Azərbaycanın ərazisindən keçməklə hər il 32-34 milyard kubmetr qaz Avropaya daşına bilər. Hazırda Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqli, İran, Türkmənistan və Azərbaycan arasında imzalanan saziş ölkəmizi aparıcı qaz ölkələrindən birinə çevirir. Eyni zamanda digər təbii qaz yataqları da mövcuddur və gələcəkdə onların da işlənməsi nəzərdə tutulub. Bu günə qədər Azərbaycan dünyada neft istehsalçısı kimi tanınırdısa, artıq təbii qaz hasil edən ölkə kimi də tanınmağa başlayır. Avropanın dörd dövlətini, Türkiyə, Yunanıstan, İtaliya və Gürcüstanı təbii qazla təhciz edirik. Gələcəkdə Şərqi Avropa ölkələrinin də Azərbaycandan mavi yanacaq idaxl edəcəyi gözlənilir. Bu isə ölkəmizin qarşısında böyük imkanlar açır. Həm dünya miqyasında rolumuzu artırır, həm də ölkəmiz üçün yeni iqtisadi imkanlar yaradır.

– Zəngəzur dəhlizinin açılması, Azərbaycanın digər əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsi yaradan dəmir yolunun, eləcə də avtomobil yolunun çəkilişi üçün razılıq əldə edilməsi barədə məlumatlar da diqqətdən yayınmır. Bu barədə nə deyə bilərsiniz?

– Zəngəzur dəhlizinin açılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr üçtərəfli bəyanatının tərkib hissəsidir. Bu bəyanat Ermənistan üzərində bir sıra öhdəliklər qoyub. Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Xatırlayırsınızsa, 2020-ci ilin payızında döyüşlərin getdiyi dövrdə də Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə müraciət ünvanlayırdı. Açıq şəkildə deyirdi ki, Ermənistan işğal etdiyi torpaqlardan nə zaman çıxacağı ilə bağlı təqvim verməlidir. Belə olarsa, müharibənin dayandırıla biləcəyini deyirdi. Rəsmi İrəvan buna getmədi və yekunda bu təqvimi verməyə məcbur oldular.

Bu gün də dövlətimizin başçısı Ermənistanı üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırır. Təbii ki, bunu etməlidirlər və edəcəklər. Əks halda “Dəmir yumruq” yenidən başlarına dəyəcək. O ki qaldı müəyyən razılaşmalara, Ermənistan keçmişə yox, gələcəyə baxmağı öyrənməlidir. Baxmayaraq ki, Ermənistan 44 günlük döyüşlərdə ağır məğlubiyyətə uğradı, tarixdə ilk dəfə olaraq ermənilər məğlub rəhbərə yenidən etimad göstərdilər. Bu o deməkdir ki, artıq erməni xalqı da müharibə istəmir. Sülh çağırışları həm də Ermənistanın daxilindən gələn sosial sifarişdir. Düşünürəm ki, bu gün Azərbaycan diqtə edən tərəfdir və Ermənistan iqtidarının təxribatçı manevrləri nəticəsiz qalacaq.

// Azər Niftiyev, TİA.AZ