DEPUTAT: “PREZİDENT AYDIN MESAJLAR VERDİ, NƏTİCƏ ÇIXARMAQ İSƏ…”backend

DEPUTAT: “PREZİDENT AYDIN MESAJLAR VERDİ, NƏTİCƏ ÇIXARMAQ İSƏ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur Məmmədov: “Seçicilər müxtəlif kanallarla həm mənimlə, həm də köməkçilərimlə rahat əlaqə yarada bilirlər”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin üzvü, millət vəkili Məşhur Məmmədovun TİA.AZ-a müsahibəsi

– Məşhur müəllim, “Əsrin müqaviləsi”nin imzalanmasından 27 ili ötür.  Bununla da Azərbaycanda neft doktrinasının əsası qoyuldu. Sizcə, bu kontrakt ölkəmizə nə verdi?

– Əvvəlcə onu qeyd edim ki, “Əsrin müqaviləsi” kifayət qədər həssas bir dövrdə imzalandı. Çünki ona qədər yenicə müstəqillik qazanan Azərbaycan böyük ixtlifatlardan keçmişdi. Ölkəmiz faktiki olaraq dağılmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Daxildə separatçılıq meylləri baş qaldırmışdı və torpaqlarımız işğal altında idi. Belə bir şəraitdə Azərbaycanda məkrli niyyətlərini həyata keçirmək istəyən qüvvələr hər vəchlə daxildə sabitliyi pozmağa çalışırdılar. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Ölkəmizdə marağı olan qüvvələr yaxşı başa düşürdülər ki, Heydər Əliyev kimi təcrübəli bir siyasətçinin dövlətimizə rəhbərliyi onların istək və arzularını gözlərində qoyacaq. Bu səbəbdən mərhum prezident Heydər Əliyevin hakimiyyətinin ilk illərində müxtəlif təxribatlara şərait yaradır, dəstək göstərir, daxildə sabitliyi pozmağa yönəlik ssenarilər hazırlayırdılar. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri bunun bariz nümunəsi idi. Ancaq Azərbaycan bütün bu sınaqlardan üzüağ çıxdı.

Dövlətimizin iqtisadi cəhətdən güclənməsi kimi mühüm addımlar isə hələ qarşıda idi. Necə ki, ümummilli lider deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. 1994-cü ilin sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” müstəqil Azərbaycan dövlətinin qurulmasında olduqca mühüm mərhələ idi. Bu tarixi kontrakt müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin şah əsəri idi. Bununla Azərbaycan beynəlxalq arenaya çıxış əldə etdi, iqtisadi imkanlarını gücləndirdi, nizami ordu quruculuğuna başladı. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan regionun lider, dünyanın isə önəmli dövlətidir. Təsadüfi deyil ki, ölkəmizin rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. O ki qaldı konkret sualınıza, “Əsrin müqaviləsi” Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan güclənməsində böyük zəmin oldu. Sözsüz ki, burada praqmatik və rasional dövlət idarəetməsini, balanslaşdırılmış xarici siyasət kursunu da xüsusi qeyd etmək lazımdır.

– 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazandı. Lakin daxildə və xaricdə olan qüvvələr hər vəchlə bu Zəfərə kölgə salmaq istəyirlər…

– Cəmi bir il qabaq desəydilər ki, işğal altında olan torpaqlarımızı azad edəcək, Şuşaya qayıdacaq, Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edəcəyik, çox adam buna inanmazdı. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Qələbə qazandı. Biz torpaqlarımızı işğaldan azad etdik. Bu qələbəni şəhidlərimizin canı və qanı, Cənab Prezident İlham Əliyevin müdrik siyasəti bahasına əldə etdik. Ali Baş Komandan hər cəbhədə mübarizə aparırdı. İnformasiya cəbhəsində, diplomatik cəbhədə, hərbi cəbhədə və s. Bu qələbə Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin inkişafında da müstəsna əhəmiyyət kəsb etdi. Təbii ki, bundan narahat olan qüvvələr də olmamış deyil. Onlar artıq başa düşürlər ki, ölkəmizə daxildəki emissarları vasitəsilə təzyiq edib istədiyini ala bilməyəcəklər. Bu səbəbdən müəyyən təzyiq alətlərini yenidən işə salıblar. Lakin göründüyü kimi, bu təzyiqlər nəticəsizdir və heç bir vəchlə Azərbaycanı haqq yolundan döndərə bilməyəcəklər. Dünyada çox nadir ölkələrdən sayılırıq ki, müharibədən çıxmış dövlət olaraq iqtisadi və hərbi imkanlarımızı da artırmağa nail oluruq.

– Bu gün Azərbaycanda çoxvektorlu islahatlar həyata keçirilir. Bu instusional islahatlar hakimiyyətin bütün qollarını əhatə edir. Gözləntiləriniz nədən ibarətdir?

– Cənab Prezident İlham Əliyev döyüşlər zamanı həm yerli, həm də xarici mətbuata müsahibələrində bildirirdi ki, müharibədə əldə edəcəyimiz qələbə ölkəmiz üçün keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq. Dövlət başçısı aydın şəkildə mesaj verirdi ki, müharibədən öncə başlayan islahatlar prosesi müharibədən sonra da davam edəcək. Bəli, bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Bu islahatlar idarəetməyə yeni nəfəs gətirir, bürokratik əngəlləri aradan qaldırır. Artıq bu islahatların real nəticələrini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir. Təbii ki, Cənab Prezidentin də söylədiyi kimi, bu islahatlar bundan sonra da davam edəcək. Şübhəsiz ki, bu islahatların mahiyyətində dövlətimizin daha da güclənməsi, normal rəqabət mühitinin yaradılması dayanır. Dövlət başçısının da dediyi kimi, kim özünü bu siyasətin tərkib hissəsi olaraq görməyəcəksə, özü uzaqlaşdmalıdır. Əks halda aqibəti ağır olacaq. Necə ki, son aylarda biz dəfələrlə bunu müxtəlif məmurların timsalında aydın şəkildə gördük.

– Deputat seçilənə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmusunuz. Bu sahədə necə, ciddi dəyişikliklər müşahidə olunurmu?

– Azərbaycanda bütün sahələrdə olduğu kimi, özəl sektorda da böyük inkişaf var və bunu görməmək mümkün deyil. Açıq etiraf etmək lazımdır ki, indiyə qədər idarəetmə sahəsində olan bürokratik əngəllər, məmur korrupsiyası, sahibkarlara qarşı törədilən süni maneələr, inhisarçı meyllər xeyli azalıb. Qanunvericilik bazası kifayət qədər təkmilləşdirilib və icra mexanizmi tam işlək haldadır. Azərbaycan İnvestisiya Holdiqinin yaradılması, dövlət müəssisələrində nəzarət və rəhbərlik funksiyasının bu quruma tapşırılması, qurumun rəhbərliyinə isə müasir idarəetmə anlayışları olan şəxslərin gətirilməsi bu qəbildəndir. Cənab Prezident son çıxışlarından birində açıq şəkildə bildirdi ki, məmur özbaşınalıqları olmasaydı, biz daha ciddi nəticələrə nail olacaqdıq. Bu mesaj aydın və konkretdir. Artıq hər kəs başa düşməlidir ki, vəzifə xalqa xidmət vasitəsidir, şəxsi məqsədlərini həyata keçirmək vasitəsi yox. Ölkəmizə investisiyaların cəlbi, iş adamlarının müxtəlif assosiativ birliklərdə təmsil olunması, kiçik və orta biznesin inkişafına göstərilən dəstək sahibkarların qarşısında böyük imkanlar yaradır.

– Deputat kimi fəaliyyətə başlamanızdan iki ilə yaxın zaman ötür. Parlament fəaliyyətiniz barədə danışardınız…

– Deputatın əsas missiyası qanunvericilik təşəbbüslərinin irəli sürülməsində və parlamentin beynəlxalq əlaqələr sahəsində fəaliyyətində yaxından iştirak etmək, seçicilərin problemlərini müvafiq qurumlar qarşısında qaldırmaq, onların həllinə nail olmaq, təmsil etdiyi dairənin ərazisində vətəndaşlar arasında uğurlu kordinasiyanın formalaşmasına töhfə vermək, ictimai hesabatlılıqdır. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, deputat kimi fəaliyyət göstərdiyim 18 ay müddətində qeyd etdiyim bütün istiqamətlər üzrə fəal iştiraka çalışmışam. Koronavirus pandemiyasının hökm sürdüyü şəraitdə karantin qaydalarını gözləməklə, seçicilərlə mütəmadi təmaslar qurmağa müvəffəq olmuşam. Yəni, seçicilər çox asanlıqla mənimlə və köməkçilərimlə təmas yarada bilirlər. Bu zaman problem və təkliflərini qaldırırlar və əksər hallarda biz onların həllinə nail oluruq. Eyni zamanda deputatı olduğum Masallı rayonu ərazisində gənclərin təhsil haqlarının ödənilməsi, qızların təhsilə cəlbi məqsədilə Təhsil Fondunu təsis etmişik. Bu fond çoxsaylı layihələr həyata keçirir. Onlardan biri də “Masalli ensiklopediyası”nın hazırlanması ilə bağlıdır. 44 günlük müharibə və koronavirus pandemiyası dövründə çoxsaylı xeyriyyə aksiyaları təşkil etmişik. Rayondan olan və hazırda kənarda yaşayan sahibkarlar da bu prosesdə fəal iştirak ediblər. Eyni zamanda şəxsimə aid sosial media hesabları, səhifələri də mövcuddur. Seçicilərim bu yolla da öz istək və təkliflərini çatdıra bilirlər. Bütün istiqamətlər üzrə fəaliyyətimiz davam edir və öz fəaliyyətimizi ölkədə həyata keçirilən islahatlar prosesi ilə uyğunlaşdırmağa çalışırıq.

// Azər Niftiyev, TİA.AZ