Deputat: “Nilayın ahı, Gəncə qurbanlarının qanı yerdə qalmadı”backend

Deputat: “Nilayın ahı, Gəncə qurbanlarının qanı yerdə qalmadı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Gəncə, Bərdə, Tərtər və mülki əhalinin yaşadığı digər şəhərləri atəşə tutmaqla öz çirkin mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Halbuki, bundan öncə Xocalıda misli görünməmiş bəşəri soyqırıma imza atmışdı”.

Bu sözləri Gəncə terrorunun ildönümü ərəfəsində TİA.AZ-a danışan Milli Məclisin deputatı Məşhur Məmmədov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistana layiq olduğu cavabı verdi: “Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə dəfələrlə bəyan etdi ki, biz düşmənlə yalnız hərbi cəbhədə döyüşürük. Çox qısa müddətə “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni ordusu darmadağın edildi. Demək olar ki, hər gün onlarla şəhər, qəsəbə və kəndi azad edirdik. Görəndə ki, döyüş meydanında uduzurlar, mülki əhalini hədəfə aldılar. 30 ilə yaxın müddətdə və Xocalı soyqırımına münasibətdə olduğu kimi, Gəncə, Bərdə, Tərtər terrorlarına münasibətdə də dünya birliyi susdu”.

Deputatın sözlərinə görə, Gəncə teroru zamanı şəhid olan uşaqların, qocaların, qadınların, bacı-qardaşlarımızın xatirəsi daim qəlbimizdə əbədi yaşayacaq: “Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də Cenevrə Konvensiyasının, Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda ötən ilin 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozdu. Baxmayaraq ki, ona qədər Ermənistan rəhbərliyi atəşkəsin bərpası üçün dünya birliyinə yalvarırdı. Şübhəsiz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu onlara layiq olan cavabı verdi. Nəhayət 30 ildən sonra biz öz ərazi bütövlüyümüzü bərpa etdik”.

Millət vəkili əlavə edir ki, savaşın da bir əxlaqı var: “Ermənistan bütün “qırmızı sərhədləri” keçdi. Gəncədə mülki insanlara qarşı raket atəşi açdı. Nilayın ahı və onun kimi günahsız körpələrin qanına əlini bulaşdıran Ermənistan rəhbərliyi buna görə cavab verməlidir və verəcək. Necə ki, Cənab Prezident İlham Əliyev vaxtında onlara müraciət edir, daha çox insan tələfatının olmaması üçün düz yola gəlməyə dəvət edirdi. O zaman da onlar buna məhəl qoymadılar. Nəticədə Ermənistan Ordusu aqoniya vəziyyətinə düşdü. Və nəhayət bu qədər cinayətdən sonra onlar düz yola gəlməli, işğalçılıq, terror siyasətindən birmənalı imtina etməlidirlər. Əks halda “Dəmir yumruğ” bu dəfə də onların başını əzəcək” deyə Milli Məclisin üzvü fikrini yekunlaşdırır.

// Azər Niftiyev, TİA.AZ