Deputat Mədəniyyət Nazirliyini kəskin tənqid etdi: “Deyir dar şalvar geyinmə, “yupka”nı dizdən bu qədər aşağı sal”backend

Deputat Mədəniyyət Nazirliyini kəskin tənqid etdi: “Deyir dar şalvar geyinmə, “yupka”nı dizdən bu qədər aşağı sal”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bunun adına gözdən pərdə asmaq deyirlər. İslahat keçirə bilmirsən, hər hansı bir şəkildə mədəniyyət sahəsində problemləri həll etmə qabiliyyəti ortaya qoya bilmirsən, baxırsan neyləyəsən, başlayırsan insanlara deməyə ki, dar geyinmə, dar şalvar geyinmə, “yupka”nı dizdən bu qədər aşağı sal, yaxud boya vurma. Elə bu boya-filan, bunlar mədəniyyət sahəsinə aid məsələlərdir. Bununla gündəlik həyatda kimdir ki, çox aludə olan?”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Fazil Mustafa Mədəniyyət Nazirliyinin müəyyən etdiyi bir sıra qadağalara münasibət bildirərkən deyib.
 
Deputat qeyd edib ki, bu cür qadağalar gözdən pərdə asmaq üçündür:
 
Ona görə də bu sahədə hər hansı iş görməməyi, islahat aparmamağı pərdələmək üçün guya bir yeniliklər tətbiq olunur. Sən bu yenilikdənsə, binaları təmir elə, mədəniyyət evlərinin normal iş rejimini yarat, insanlara əlçatan musiqi məktəbləri yarat, şahmat məktəbləri yarat, rəqs dərnəkləri yarat, müxtəlif özəl mədəniyyət müəssisələrinin inkişafına köməklik göstər ki, əlçatan olsun, xidmət keyfiyyətli olsun. İnsanlar uşaq vaxtında bunlara alışsınlar, müəyyən vərdişlər əldə etsinlər, daha mədəni bir mühitin insanına çevrilsinlər. Bakıda gecəqondulaşma mühiti daha çox genişləndiyinə görə, elə yerlər var ki, hansısa bir musiqi təhsili almaq imkanı yoxdur. Məktəblərin vəziyyəti acınacaqlıdır, infrastrukturu çökmüş vəziyyətdədir. Məktəblərin təmirini həyata keçirmək lazımdır. Mən yaşadığım bu boyda Zabratda bir musiqi məktəbi yoxdur. Faciədir. Yüz minə yaxın əhali var, musiqi məktəbi yoxdur. Çökürdü, köçürdülər Maştağaya, indi buradan bir uşaq gedib Maştağada təhsil almalıdır? Bundan böyük biabırçılıq varmı? Adamları qəbul edib dinləmək lazımdır, mədəniyyət işçiləri bizə müraciət edir ki, onları qəbul edən yoxdur”.
 
F. Mustafa qeyd edib ki, insanların geyiminə qarışmaq olmaz:
 
“Açığı, bu məsələlər gülməli görünür, kimsə dar geyindi, bütöv geyindi mənə nə dəxli var? Mənə keyfiyyətli xidmət lazımdır. Məktəbdə keyfiyyətli tədris həyata keçirmək lazımdır. İstedadlı mədəniyyət xadimlərinin inkişafına dəstək vermək lazımdır. Opera, baletin inkişafına təminat vermək lazımdır. Uşaq teatr şəbəkəsini gücləndirmək lazımdır. Bu məsələlər üzərində daha çox düşünmək lazımdır. Mədəniyyətin təbliği, mədəni vərdişlərin cəmiyyətə aşılanması lazımdır. Yoxsa kimsə şalvar geyinəcək, “yupka” geyinəcək mənə nə dəxli, bu, işdirmi? Kimsə dodağına boya çəkəcək, ya çəkməyəcək, mənə nə dəxli var? Biz buna niyə qarışmalıyıq? Bu cür absurd məsələlərlə baş qatmaq olmaz. Mədəniyyətimiz çökür”.
 
Deputat həmçinin bildirib ki, əsl sənət adamlarına dəstək vermək lazımdır:
 
Mən baxıram, Prezident təqaüdü verilən insanların içərisində ən dəyərli sənət adamlarını görə bilmirəm. Mənə müraciət edirlər, ürəyim ağrıyır. Heç bir köməklik göstərə bilmirsən, çünki siyahıya düşə bilmirlər. Bu, necə ola bilər? Neçə ilin fortepiano ustası, neçə il ansamblda olan adam təqaüdə düşə bilmir. Bunun üzərində düşünmək lazımdır. Oradakı tanışlığı, dostluğu, himayədarlığı yığışdırmaq lazımdır. Əsl sənət adamlarına dəstək vermək lazımdır. Adların verilməsində çəki-düzən yaratmaq lazımdır”.