DEPUTAT: “ERMƏNİSTANIN BİR ÇIXIŞ YOLU VAR: SÜLH SAZİŞİ İMZALAMAQ”backend

DEPUTAT: “ERMƏNİSTANIN BİR ÇIXIŞ YOLU VAR: SÜLH SAZİŞİ İMZALAMAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hakimiyyəti reallıq hissini itirib. Rəsmi İrəvanın son təxribatları aydın şəkildə göstərdi ki, onlar başlarına gələnlərdən lazımi nəticə çıxarmayıblar”.

Bu sözləri TİA.az-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov dünən sərhəddə baş verən erməni təxribatlarından danışarkən belə deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu erməni tərəfinin təxribatlarının qarşısını qətiyyətlə alıb: “Görünən odur ki, Ermənistan rəhbərliyi elementar mühakimə yürütmək qabiliyyətini itirib. 44 günlük döyüşlər zamanı Ermənistan ordusu darmadağın edildi. Hazırda onların nə iqtisadi, nə də hərbi baxımdan Azərbaycanın qarşısında dayanmağa potensialı yoxdur. Əgər bir dövlətin başçısı ki, bunu görə bilmir və üstəlik erməni əhalisini silaha sarılmağa dəvət edir, onun öz maraqları naminə hər şeyə hazır olduğu bir daha ortaya çıxır. Hətta öz xalqını qurban vermək bahasına olsa belə, öz çirkin maraqlarını həyata keçirməyə çalışır. Sözsüz ki, erməni xislətidir və bunu başa düşürük. Lakin bu cür təxribatçı fəaliyyətə son verməsələr, Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, “Dəmir yumruq” yenidən başlarına dəyəcək”.

Onun sözlərinə görə, Ermənistanın əsas məqsədi Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdır: “Diqqət yetirsək görərik ki, istər 44 günlük döyüşlər, istərsə də son təxribatları zamanı Ermənistan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycana qarşı hərbi müdaxiləyə çağırıb. Bu o deməkdir ki, Ermənistan açıq şəkildə Rusiya ilə Azərbaycanı hərbi müstəvidə qarşı-qarşıya qoymaq istəyir. Çünki bu dövlətin heç zaman müstəqil siyasət kursu olmayıb. Həmişə forpost dövlət olublar və iqtidarda kimin olmasından asılı olmayaraq, nökərçilik mahiyyətindən əl çəkə bilmirlər. Xüsusən Azərbaycanla Türkiyənin yüksələn münasibətləri, İstandulda Türk Şurası dövlət başçılarının Zirvə Görüşü, ölkəmizin beynəlxalq miqyasda artan nüfuzu Ermənistanı və havadarlarını ciddi şəkildə narahat edir”.

Millət vəkili əlavə edib ki, Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir: “Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətləri bərpa etməyə hazırıq. Bu Ermənistan üçün böyük güzəştdir. Baxmayaraq ki, onlar torpaqlarımızı işğal altında saxladıqları dövrdə insanlıq əleyhinə bəşəri cinayətlər törədiblər. Biz böyüklük edib, onlara sülh təklif edirik. Onlar bununla razılaşmalıdırlar. Son parlament seçkilərində erməni ictimaiyyəti də məğlub dövlətin başçısına etimad göstərməklə, sülhdən yana olduğunu nümayiş etdirdi. İndiki halda rəsmi İrəvan həm də daxildən gələn sosial sifarişi yerinə yetirməli, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirməli, sülh sazişi imzalamalıdır. Bunu etməsələr, yekunda peşman olan yenə özləri olacaq” deyə  deputat fikrini yekunlaşdırır.

// Azər Niftiyev, TİA.AZ