Deputat: “Ermənistan məğlubiyyət şokundan hələ ayılmayıb”backend

Deputat: “Ermənistan məğlubiyyət şokundan hələ ayılmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur Məmmədov: “Son hadisələr seçkiqabağı siyasi şəraiti dəyişməyə yönəlib”

“Ermənistan torpaqlarımızı işğal edən zaman dövlət sərhəddində Azərbaycana məxsus digər əraziləri də öz ərazisinə qatıb. İndi biz öz tarixi ərazilərimizi bərpa edirik, onlar hay-küy qaldırırlar”.

Bu sözləri TİA.az-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət sərhəddini qurmaq imkanı var. Ermənistanda isə bu imkan yoxdur:

“O zaman həmin ərazilərdə azərbaycanlılar yaşayıb. Hər iki dövlət SSRİ-nin tərkibində olduğu üçün bu sahədə nizamsızlıq hökm sürürdü. Sərhədlərin qəsb olunması və bu kimi hallara təəssüf ki, göz yumulurdu. Soydaşlarımızı qovaraq həmin ərazilərdə özləri yerləşiblər və əvvəlki qaydada bizim torpaqlarımızdan istifadə etmək istəyirlər. Bu mümkün deyil. Ortada xəritələr var. Azərbaycan tərəfi də haqlı olaraq məhz bu xəritələrə istinad edir. Əgər rəsmi Yerevan düşünürsə ki, bu yolla Azərbaycana təzyiq edə və özü ilə hesablaşdıra bilər, böyük yanlışlığa yol verir. Bu siyasət Ermənistanı faktiki olaraq məhvə sürüklədi. Məhz işğalçılıq siyasəti üzündən düşmən ölkə bütün regional iqtisadi layihələrdən kənarda qaldı. Bu gün onlar üçün tarixi fürsət yaranıb ki, reallığı qiymətləndirsinlər. Yaranmış şəraitdən öz xeyirlərinə istifadə etsinlər. Bunun yeganə yolu – işğalçılıq iddialarına son qoymaq və keçmiş tarixi səhvlərdən birmənalı imtina etməkdir. Təəssüf ki, Ermənistan hələ də məğlubiyyət şokundan hələ ayılmayıb”.

Millət vəkili qeyd edir ki, Ermənistanda keçiriləcək seçkilər öncəsi tərəflər “Qarabağ kartı”ndan istifadə etməyə çalışır:

“Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib, onları Azərbaycana qarşı səfərbərliyə çağırır. Bilir ki, Azərbaycan Ermənistanın əraziləri ilə bağlı heç bir addım atmır, lakin bunu edir. Məqsədi odur ki, yenidən iqtidara gələrsə, Rusiyadan gələn təzyiqləri bu yolla zəiflətsin. Misal üçün, desin ki, Rusiya bizə kömək etmədi və biz onların yanında niyıə olmalıyıq? Müxalif qüvvələr də olaydan öz reytiniqini artırmaq üçün istifadə edirlər. Bütün hallarda son məğlubiyyət Ermənistan üçün böyük dərs oldu. Onlar 44 günlük Vətən müharibəsindən və Azərbaycanın parlaq qələbəsindən lazımi nəticəni çıxarmalıdırlar. İndiki halda ortaya atılan iddialar və yürüdülən siyasət effektsizdir və tərəflərin siyasi maraqlarına xidmət edir. Həm də seçki öncəsi siyasi tərəfləri dəstəkləyən beynəlxalq dairələrin maraqlarına”.

Aytac Sahəd, TİA.az