DEPUTAT: “ERMƏNİSTAN İKİ SEÇİMDƏN BİRİNİ ETMƏLİ İDİ”backend

DEPUTAT: “ERMƏNİSTAN İKİ SEÇİMDƏN BİRİNİ ETMƏLİ İDİ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur Məmmədov: “Ya tarixi səhvlərindən nəticə çıxararaq gələcəyə baxmalı, ya da…”

“Ermənistanda keçirilən son parlament seçkiləri Azərbaycanın Ermənistan üzərində növbəti taktiki qələbəsi idi. Artıq Ermənistanda müharibə istəmirlər və seçkilərin nəticələri “Qarabağ klanı” adlandırılan qüvvələrə çox ağır zərbə oldu”.

Milli Məclisin deputatı Məşhur Məmmədov Ermənistanda keçirilən son parlament seçkilərini TİA.az-a şərh edib.

Deputat bildirib ki, işğalçılıq siyasətini Ermənistana gətirənlər yenidən iqtidarı ələ keçirməyə cəhd etsələr də, buna nail olmadılar:

“44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər Ermənistanda etirazlara səbəb oldu. Uzun illərdir “Böyük Ermənistan” xülyasını yaşayan ermənilər bir də ayıldılar ki, Azərbaycan öz doğma torpaqlarını işğaldan azad edib. Baş verənlərin məsuliyyətini Ermənistan iqtidarının boynuna qoymağa çalışan “Qarabağ klanı” vəziyyətdən sui-istifadə edərək, yenidən iqtidara sahiblənməyə çalışdı. Baxmayaraq ki, onları dəstəkləyən xarici qüvvələr var idi və kifayət qədər təşkilatlana bildilər, erməni xalqı onlara etimad göstərmədi. Ermənistanda keçirilən son parlament seçkiləri ermənilərin müharibə istəmədiyi mənzərəsini ortaya çıxardı. Müharibədə məlğub olmuş şəxsin yenidən inamlı qələbə qazanması bunun bariz nümunəsidir. Məhz işğalçılıq siyasəti səbəbindən Ermənistan bütün regional iqtisadi layihələrdən kənarda qalıb. Təcrid siyasəti ilk növbədə erməni xalqına ağır zərbələr vurub. Bir tərəfdə boğazdan yuxarı ideyalar, digər tərəfdə isə sosial-iqtisadi şəraitsizlikdən mühacirətə üz tutan ermənilər. Ermənistan iki seçimdən birini etməli idi: Ya tarixi səhvlərindən nəticə çıxararaq gələcəyə baxmalı, ya da əsassız işğalçılıq siyasətinin əsiri olmalı idi. Göründüyü kimi, ermənilər birinci yolu seçdilər. Bu isə öz növbəsində Azərbaycanın Ermənistan üzərində böyük siyasi və diplomatik qələbəsi idi”.

Millət vəkilinin sözlərinə görə, Xankəndində separatçıların aksiyası Ermənistan və Qarabağ erməniləri arasında gərgin münasibətlərin növbəti mərhələsidir:

“Göründüyü kimi, “Qarabağ klanı” məğlubiyyət eyforiyasından qurtula bilmir və müxtəlif təxribatçı hərəkətlərə yol verir. Xankəndində bir qrup erməninin separatçı rejimin rəhbərini istefa dəvət etməsi, səbəb olaraq onun Paşinyanın seçki təbliğatında fəal iştirak etməsini qabartması göstərir ki, maraqlı dairələr yenə iş başındadır. Qarabağ erməniləri Ermənistan ermənilərindən ibarət götürməli, Azərbaycanın tərkibində normal vətəndaşlar olaraq hüquqlar qazanmalıdırlar. Yox əgər bunu etməyəcəklərsə, ilk növbədə özlərinə zərbə vuracaqlar. Unutmasınlar ki, artıq Qarabağ və işğalçılıq mövzusu Ermənistan ictimaiyyəti üçün aktuallığını itirir. Ermənistanda seçkilərin yekunu icraedici və qanunverici orqanın bir şəxsin üstünlüyü əsasında formalaşdığını, bu xüsusda qarşıda böyük sülh sazişinin imzalanacağı ehtimallarını artırır. Azərbaycan tərəfi bununla bağlı ortaya iradə qoyub və son qədər öz mövqeyini müdafiə edəcək. Onların şansı var ki, keçmişdən imtina edərək gələcəyə baxsınlar. Barış əhval-ruhiyyəsində regionun parlaq gələcəyi layihələrində yer alsınlar”.

 Azər Niftiyev, TİA.az