Deputat: “Elə bir məsələ olmayıb ki, onu dilə gətirməyim” – MÜSAHİBƏbackend

Deputat: “Elə bir məsələ olmayıb ki, onu dilə gətirməyim” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsib Məhəməliyev: “Fəaliyyətimin əsas hissəsi isə, seçicilərlə, ələlxüsus şəhid ailələri, qazilər, imkansız insanlarla bağlıdır”

O, hər kəsə açıq adamdır. Bəli, ADAMdır! Tam ciddi deyirik, Azərbaycan Parlamentində ən uğurlu deputatlardan biri Nəsib Məhəməliyevdir. Qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, seçicilərlə sistemli fəaliyyət, beynəlxalq əlaqələr, ictimaiyyətlə təmaslar Məhəməliyevin aktivinə yazılan məqamlardır. Zatən, deputatdan tələb olunan və ictimaiyyətin gözlədikləri də elə bunlardır.

Onu müsahibəyə razı salmaq çətin olmadı. Bununla bağlı müraciətimizi bir qədər yubatsa da, imkan tapan kimi müsahibəni ala bildik. Və bir çox mətləblərə işıq saldıq.

Beləliklə, müsahibimiz Milli Məclisin deputatı, Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin üzvü, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyevdir.

– 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfərə imza atdı. Uzun illər torpaqlarımızın işğal faktına göz yuman beynəlxalq dairələr hərəkətə keçiblər. Və ən qəribəsi də odur ki, Azərbaycanı ittiham edirlər. Sizcə, bunun səbəbləri nədir?

– Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəni həzm edə bilməyən qüvvələrin olması, faktdır. Reallıqla barışmayan qüvvələr, son 30 ildə torpaqların işğalına göz yuman, “böyük ermənistan” illyüzaları ilə yaşayan və onları dəstəkləyən qlobal güclərdir. 100 ildən artıqdır ki, həmin qlobal güclər, öz geosiyasi maraqlarını həyata keçirmək üçün erməni xalqından, “marionet” olaraq istifadə edirlər. Erməni xalqının milli şüuru isə, yalançı tarixin yaradılmasına, xristian dininin ilk daşıyıcıları olduqları, özlərinin ən qədim, qeyri-adi istedad sahibi olmaları kimi mifik yalanlara köklənib. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz əsrlər boyu aşılanan bu süni mifləri darmadağın etdi. Dünya erməniliyinə sağalmaz zərbələr vurdu. Bölgədəki geosiyasi konfiqurasiyanı dəyişdirdi. Ölkəmizin hədəfə alınmasında “türkəfobiya”, “islamofobiya” elementlərinin rolunu da danmaq olmaz. Ona görə də, Azərbaycanın inkişafına, güclənməsinə, müstəqil siyasət aparmasına qısqanclıqla yanaşılır.

– Prezident İlham Əliyev Azərbaycanın iqtisadi rayonlarının yeni siyahısını təsdiq etdi. Şərqi Zəngəzür iqtisadi rayonu yaradıldı. Qarşıda bizi kifayət qədər çətin və məsuliyyətli dövr gözləyir…

– Prezidentin sərəncamı ilə, Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarının yaradılması, iqtisadi, siyasi və strateji cəhətdən olduqca əhəmiyyətlidir. Məsuliyyətlə demək olar ki, inqlabi, tarixi qərardır. Hesab edirəm gələcək nəsillər hər iki iqtisadi rayonların yaradılması haqqında qərarın nə dərəcədə əhəmiyyətli olduğunu böyük minnətdarlıq hissi ilə xatırlayacaqlar. İlk növbədə ölkə başçısı, tarixi keçmişimizdən çıxış edərək, ədaləti bərpa etdi və həmin bölgələrin coğrafi şəraitini düzgün qiymətləndirməklə, iqtisadi inkişaf üçün zəmin yaratdı. Müharibədən az vaxt keçməsinə və ərazilərin minalanmasına baxmayaraq, azad olunmuş ərazilərdə, milyardlarla maliyyə tutumu olan infrastruktur, nəqliyyat-loqistika, bərpa layihələri icra olunur. Dünya bunu görür və hansı millətin barbar, hansı millətin qurucu olduğu aşkar şəkildə özünü göstərir. Təəssüf ki, yenə də ikili standartlar, ədalətli yanaşmada ən böyük maneə olaraq qalmaqdadır.

– Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirnovski Azərbaycan dövlətinin və dövlət rəhbərliyinin əleyhinə yeni hədyanlar yağdırıb. Rəsmi Bakı məsələ ilə bağlı Rusiyaya etiraz notası təqdim edib. Bu özfəaliyyətdir, yoxsa sifariş?

– Bu barədə feysbuk səhifəmdə ətraflı yazmışam. Qısa olaraq, təkrar edirəm. Jirinovski, populist təlxəkliklə, daha doğrusu (oxuculardan min dəfə üzr istəyirəm) siyasi fahişəliklə özünə var-dövlət, karyera qurmuş adamdır və elə bir şoumenin sözləri, Azərbaycan ictimai-siyasi fikrinə milyonda bir faiz təsir edə bilməz. Ola bilər, adəti üzrə müəyyən siyasi dairələrin açıq deyə bilmədiklərini dilə gətirir. Boş şeydir. Azərbaycan xalqı, müharibədən əvvəl və sonra dəmir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşməyi, dövlətini qorumaq bacarığını bütün dünyaya nümayiş etdirdi. Elə variantlara bizdə yer yoxdur. Azərbaycan xalqına əmin amanlıq, sabitlik lazımdır. Onu da təmin edən ölkə rəhbəridir. Düşünürəm ki, Jirinovskinin dedikləri, özfəaliyyətdir.

– İddialar var ki, payız aylarında Kontitusiya dəyişiklikləri ediləcək və bununla bağlı referendum keçiriləcək. Ardınca isə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu iddiaların həqiqət yükü nə qədərdir və siz bu dəyişikliyə labüd hesab edirsinizmi?

– Belə iddiaların əsası yoxdur. Parlament islahatları keçirilib və hesab edirəm ki, Milli Məclis kifayət qədər effektiv şəkildə fəaliyyət göstərir və qarşısında duran vəzifələri icra edir.

– Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri olaraq Türkiyəyə səfər etdiniz. Səfər çərçivəsində bir sıra mühüm tədbirlərdə iştirak etdiniz. Səfər təəssüratlarınızı eşitmək maraqlı olardı…

– Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Səməd Seyidovun rəhbərliyi ilə, Türkiyə və Şimali Kipr Türk cümhuriyyətində səfərdə olduq. Hər iki dövlətin rəsmiləri, parlament strukturları ilə görüşlərimiz oldu. Türkiyədə 15 iyul, Kıbrızda isə, 20 iyul tədbirlərində iştirak etdik. Səfər olduqca əhəmiyyətli oldu. Beynəlxalq müstəvidə haqlı hüquqlarımızın müdafiəsi, milli məsələlərdə vahid mövqedən çıxış etmək, mədəni əlaqələrin daha inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıldı. Səfər barədə, Kıprız xalqını, tarixini, mədəniyyətini tanıtdırmaq üçün ətraflı yazı yazmağı düşünürəm.

– Qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, seçicilərlə ünsiyyət, beynəlxalq əlaqələr və digər sahələrdə ən fəal deputatlardansınız. İstərdik hazırki fəaliyyətinizlə bağlı oxucuları məlumatlandırardınız?

– Ən fəal deputat statusunda özümü qətiyyən görmürəm. Bir neçə qanunvericilik təşəbbüsü ilə, bizdə olmayan qanunlarln qəbul olunması ilə bağlı təkliflərim olub. Azərbaycan Prezidentli Respublikadır və əksər qanunlar administrasiyadan, yəni icra orqanlarından daxil olur. Mən Milli Məclisin iki komitəsində və intizam komissiyasında təmsil olunuram. Müzakirəyə çıxarılmış bütün məsələlərlə bağlı istisnasız olaraq çıxışlar edirəm, münasibət bildirirəm. Mətbuatda, sosial şəbəkələrdə, televiziya kanallarında ictimai-siyasi proseslər, beynəlxalq və regional siyasət barədə hər gün yazılarım, müsahibələrim gedir.

Fəaliyyətimin əsas hissəsi isə, seçicilərlə, ələlxüsus şəhid ailələri, qazilər, imkansız insanlarla bağlıdır. Köməkçilərim vasitəsilə, onların problemləri ilə fasiləsiz məşğul oluruq. İmkan daxilində, hər hansı reklam olmadan, əksər problemləri, dövlət orqanlarını gözləmədən həll etməyə çalışırıq. Bu da xüsusilə həssas təbəqə arasında sosial gərginliyin aradan qaldırılması ilə nəticələnir.

Tam məsuliyyətlə deyə bilərəm ki, seçicilərimin qaldırdıqları elə bir məsələ olmayıb ki, mən onları səsləndirməyim. Müəyyən iri maliyyə tələb edən problemlər var. Onların həlli üçün Nazirlər kabinetinə müraciətlərim olub. Ancaq, Qarabağın işğaldan azad olunması ilə, yeni reallıqlar yarandı və təbii olaraq, milyardlarla vəsaitin o bölgələrin bərpasına yönəlməsi zərurətini hər kəs yaxşı başa düşür.

Deputatın fəaliyyəti çoxşaxəlidir. Çalışırıq ki, seçicilərin və Partiyamızın Sədrinin etimadını doğruldaq.

// Azər Niftiyev