DEPUTAT: “BU TARİXİ QƏLƏBƏ ÖLKƏMİZİN QARŞISINDA GENİŞ İMKANLAR AÇIR”backend

DEPUTAT: “BU TARİXİ QƏLƏBƏ ÖLKƏMİZİN QARŞISINDA GENİŞ İMKANLAR AÇIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur Məmmədov: “Zəfər Günü tarixi Zəfər, milli birlik günü olmaqla yanaşı, müstəqil və qüdrətli Azərbaycanı dünyaya qalib xalq olaraq tanıtdı”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin üzvü, millət vəkili Məşhur Məmmədovun TİA.AZ-a müsahibəsi:

– Məşhur müəllim Zəfər Günü ərəfəsindəyik. Ötən ilin bu günü Azərbaycan Ordusu şanlı tarix yazırdı. Zəfər Günü ilə bağlı təəssüratlarınızı eşitmək maraqlı olardı?

– 44 günlük Vətən müharibəsi Azərbaycanın şərəf tarixidir. Məlumdur ki, işğalçı Ermənistan rəhbərliyi 30 ildir ki, doğma torpaqlarımızı işğal altında saxlayırdı. Bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüş, Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə insanlıq əleyhinə terror törədilmişdi. Təbii ki, bütün bu olanlara göz yuma bilməzdik. Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edirdi ki, Azərbaycan öz doğma torpaqlarınnı işğaldan azad edəcək. Müharibədə qələbəni təmin etmək üçün ciddi işlər görülməlidir. Ermənistan iqtisadiyyatı sürətlə məhv olduğu dövrlərdə Azərbaycan gələcək parlaq qələbəsi üçün zəmin hazırlayırdı. Ölkəmizin iqtisadi və hərbi qüdrəti artır, peşəkar Azərbaycan Ordusu formalaşdırılırdı.

44 günlük Vətən müharibəsi dövründə Cənab Prezident dəfələrlə Ermənistan rəhbərliyinə müraciət etdi ki, işğalçılıq iddialarına son qoysun. Hətta onlara şans da tanıyırdı. Açıq söyləyirdi ki, işğal etdiyiniz torpaqları tərk edəcəyiniz təqvimi verin, müharibə bitsin. Əslində bu erməni tərəfi üçün böyük fürsət idi. Lakin Ermənistan rəhbərliyi öz saxta iddialarından əl çəkmədi. Onlar buna getmədilər və getmədiklərinə görə də, “Dəmir yumruq” başlarına dəydi. Məhz uzun illər yürütdüyü işğalçılıq siyasəti üzərindən Ermənistan bütün regional iqtisadi layihələrdən kənarda qalıb. Azərbaycanın iqtisadi və hərbi imkanları artır, Ermənistanda isə sosial səfalət böyüyürdü. Bu uğursuz siyasət nəticəsində yekunda Ermənistan ordusu darmadağın oldu. Halbuki, Cənab Prezident İlham Əliyev onlara tarixi şans vermişdi. Çox təəssüf ki, rəsmi İrəvan bunu dəyərləndirmədi.

Biz bu qələbəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin canı və qanı bahasına əldə etdik. Harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız böyük birlik nümayiş etdirdilər. Hər kəs Ali Baş Komandanın ətrafında sıx birləşmişdi. 44 gün ərzində böyük şərəf tarixi yazdıq. Doğma torpaqlarımızı azad etdik, tarixi həsrətimizə son qoyduq, Şuşanı Azərbaycan mədəniyyət paytaxtı elan etdik. Şübhəsiz ki, bu qələbə Azərbaycanın qarşısında böyük imkanlar açır. Zəfər Günü tarixi Zəfər, milli birlik günü olmaqla yanaşı, müstəqil və qüdrətli Azərbaycanı dünyaya qalib xalq olaraq tanıtdı. Fürsətdən istifadə edib, torpaqlarımızın azadlığı uğrunda canında keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm.

– Prezident İlham Əliyev Füzulidə Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoydu. Bəyan etdi ki, işğaldan azad edilən hər bir şəhər, qəsəbə və kəndlər bərpa ediləcək, bu torpaqlara yenidən nəfəs gələcək…

– Vətən müharibəsi dövründə Cənab Prezident İlham Əliyev xalqa müraciətlərində, yerli və xarici mətbuata müsahibələrində bəyan edirdi ki, əldə olunan qələbə Azərbaycanın həyatında çox şeyi dəyişəcək. O, açıq şəkildə deyirdi ki, daha heç nə əvvəlki kimi olmayacaq. Məlumdur ki, Ermənistan torpaqlarımızı işğal altında saxladığı dövrdə insanlıq əleyhinə ekoloji terrora yol verib. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz xarabalığa çevrilib. Daşı daş üstdə qoymayıblar. Düşmən düşünürdü ki, bu əraziləri xarabalığa çevirməklə orada faktiki yaşayışı mümkünsüz edəcəklər. Lakin müharibə bitəndən sonra Cənab Prezident söylədi ki, biz bu yerləri cənnətə çeirəcək, yenidən həyat verəcəyik. Baxmayaraq ki, üzərindən cəmi bir il keçib, kifayət qədər ciddi işlər görülüb. Qarşıdakı illərdə isə quruculuq, abadalıq işləri daha geniş vüsət alacaq. Biz doğma torpaqlarımızı dirçəldəcək, həmin məkanları dünyanın ən gözəl şəhər, qəsəbə və kəndlərinə çevirəcəyik. Bunun üçün ortada ciddi siyasi iradə var. Çox şanslı xalqıq ki, İlham Əliyev kimi praqmatik, rasional və qurucu liderimiz var. Onun rəhbərliyi altında görəcəyimiz işlər isə hələ qarşıdadır.

– Dövlət başçısı xalqa son müraciətində ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafdan bəhs edərək, əsas görüləcək işlərin hələ qarşıda olduğunu anons etdi. Bu istiqamətdə hansı yenilikləri gözləyirsiniz?

– 2018-ci ilin prezident seçkilərindən sonra Cənab Prezident İlham Əliyev bəyan etdi ki, ölkədə köklü islahatlar həyata keçiriləcək. Bu müddətdə ölkə vətəndaşları olaraq kompleks islahatlar siyasətinə şahid oluruq. Bu islahatlar hakimiyyətin bütün qollarını əhatə etməklə yanaşı, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edir, idarəetməyə yeni nəfəs gətirirdi. Təbii ki, bu islahatların mahiyyətində dövlətimizin daha da inkişaf etdirilməsi, vətəndaşların rifah halının yüksəldilməsi dayanır. Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, ağır müharibədən çıxmasına baxmayaraq, iqtisadi sabitliyini qoruyub saxlayıb. Bütün bunlar isə Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş, məntiqli və uğurlu siyasətin nəticəsində mümkün olacaq. Bir daha söyləmək istəyirəm ki, Azərbaycan uğurlu inkişaf yolundadır və bu inkişafın məntiqi nəticələrini hər bir vətəndaş öz gündəlik həyatında hiss edir.

– Rəsmi İrəvan ATƏT-in Minsk Qrupunun fəaliyyətini yenidən gündəmə gətirir. Uzun illər münaqişənin nizamlanmasına nail olmayan bu qurumdan hansı gözləntiləriniz var?

– ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı göstərdiyi 30 illik fəaliyyət bütün zamanlarda Azərbaycan tərəfindən narazılıqla qarşılanıb. Çünki uzun illər göstərilən fəaliyyətin heç bir müsbət nəticəsi olmayıb. Hətta müharibədən əvvəlki dönəmlərdə də dəfələrlə Azərbaycanda ATƏT-in Minsk qrupunun mandatından imtina etmək məsələsi gündəmə gəlib. Minsk qrupunun fəaliyyətsizili nəticəsində Azərbaycan hərbi yola əl atmağa məcbur qaldı və öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etdi. Bütün bunlar isə beynəlxalq ədalətsizlik və “ikili standartlar” siyasətinin təzahürü idi. İndi bu qurumun yenidən dirçəldilməsi ilə bağlı Ermənistan tərəfinin təklifləri əsassızdır. Artıq Qarabağ münaqişəsi hərbi müstəvidə öz həllini tapıb və Minsk Qrupu bundan sonra yalnız humanitar fəaliyyət göstərə bilər.

// Azər Niftiyev, TİA.AZ