DEPUTAT: “BAKI BƏYANNAMƏSİ”NDƏN DANIŞDI: “YENİ GÜC MƏRKƏZİ FORMALAŞIR”backend

DEPUTAT: “BAKI BƏYANNAMƏSİ”NDƏN DANIŞDI: “YENİ GÜC MƏRKƏZİ FORMALAŞIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur Məmmədov: “Üçtərəfli bəyannamənin imzalanması mühüm tarixi hadisədir”

“Bakı bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır”.

Bu sözləri TİA.AZ-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanan “Bakı bəyannaməsi”ni şərh edərkən belə deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi üç dövlət arasında münasibətləri yeni müstəviyə daşıyıb:

“Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Bir milyondan artıq vətəndaşımızı öz doğma yurd-yuvasından didərgin salıb. Xocalıda misli görünməmiş soyqırıma imza atıb. Müharibə dövründə Gəncədə, Bərdədə, Tərtərdə növbəti terrorlar həyata keçirib. Lakin dünya birliyi həm işğal, həm də müharibə dövründə baş verənlərə münasibətdə susqun mövqe nümayiş etdirib. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, biz daha uzun illər bu işğala dözə bilməzdik. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər erməni terroruna və işğalına qarşı mübarizədə şanlı şərəf tariximizdir. Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana mənəvi dəstəyi, beynəlxalq təzyiqlərə rəğmən ölkəmizin haqq işini qətiyyətlə müdafiə etmələri münasibətlərimizi yeni müstəviyə daşıyıb. Bütün bunların fonunda üç qardaş ölkə arasında “Bakı bəyannaməsi”nin imzalanması tarixi hadisədir”.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanın həm Türkiyə, həm də Pakistanla strateji münasibətləri mövcuddur:

“Azərbaycan və Pakistan arasında indiyə qədər 30 sənəd imzalanıb. Bu iki dost ölkə arasında iqtisadi, siyasi münasibətlər ən yüksək həddədir. Türkiyə isə bizimlə qardaş dövlətdir. Son dövrlər münasibətlərimiz sürətlə inkişaf edir və ən yüksək tarixi səviyyəyə çatıb. Bu münasibətlər strateji əlaqələr səviyyəsindən daha yüksəyə qalxaraq, qardaşlıq mahiyyəti daşıyır. Bu əlaqələrin möhkəmlənməsində iki dövlətin başçıları – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında olan sıx münasibətlər xüsusi rol oynayır. Açıq şəkildə etiraf etmək lazımdır ki, dünyada bu münasibətlərin bənzəri yoxdur. Təkcə son aylarda bütün sahələrdə əməkdaşlıq sazişləri imzalanıb və bu müqavilələr ikirətəfli əməkdaşlığı ən yüksək səviyyəyə daşıyır”.

Deputat əlavə edir ki, “Bakı bəyannaməsi” beynəlxalq miqyasda yeni güc mərkəzinin formalaşması kimi də xarakterizə oluna bilər:

“Bir-birini dəstəkləyən üç ölkə vacib bəyannamə imzalayır, əlaqələrin inkişafına dair öhdəliklər götürürlər. Hər üç dövlətin parlamentləri tərəfindən imzalanan bu bəyannamə tarixi hadissədir və hər üç ölkənin qarşısında böyük imkanlar açır” – Məşhur Məmmədov fikrini yekunlaşdırır.

Xatırladaq ki, bu gün Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli iclasının yekunu olaraq Bakı bəyannaməsi imzalanıb. Bəyannaməni Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

// Azər Niftiyev, TİA.AZ