Deputat: “ABŞ-Rusiya münasibətlərinin Azərbaycana təsiri yoxdur”backend

Deputat: “ABŞ-Rusiya münasibətlərinin Azərbaycana təsiri yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 17-də ABŞ prezidenti Co Bayden jurnalist Corc Stefanopulosa müsahibəsində Rusiya prezidenti Vladimir Putini qatil adlandıraraq Rusiyanı ötən ilki prezident seçkilərinə müdaxilə etməkdə ittiham etdi. Bu müsahibədən sonra Kreml öz Vaşinqtondakı səfirini geri çağırdı. Hazırda ABŞ və Rusiya münasibətləri gərgin olaraq qalır. Bəs, görəsən, gərginləşən ABŞ-Rusiya münasibətləri regiona, o cümlədən Azərbaycana nə vəd edir?

Mövzu ilə bağlı Tia-az-a danışan millət vəkili Arzu Nağıyev deyir ki,ABŞ və Rusiya münasibətlərinin Azərbaycana təsiri məsələsində ciddi bir problem yoxdur:

“Mən düşünürəm ki, ABŞ və Rusiya arasında gərginlik davam edəcək. Çünki bu iki dövlət müxtəlif qütblərdə yerləşən hələ SSRİ dönəmindən soyuq müharibə aparan dövlətlərdir. Digər tərəfdən hər iki dövlət nüvə silahına malik olduğu üçün bir-birini bununla hədələyə bilirlər. Əsas mübarizə dünyada nəzarəti ələ almaq üçün gedir. Son dönəmlərdə istər Əfqanıstanda istərsə də Ərəb dünyasında biz bu prinsipləri görürük. Həmçinin ABŞ iqtisadi sanksiyalardan istifadə edərək Rusiyaya qarşı çox ciddi addımlar atır. Rusiyada qarşılıq olaraq müvafiq addımlar atmağa çalışır. Rusiya bu gün xammal və hərbi-sənaye kompleksinə güvənərək bu addımları atır.

MDB məkanı və Cənubi Qafqaza gəldikdə isə ABŞ bu gün Gürcüstana daha çox nəzər yetirməyə çalışır. Azərbaycanla ABŞ arasında da iqtisadi, siyasi, hərbi tərəfdaşlıq var. Bu gün Azərbaycan enerji təhlükəsizliyinə təhdidin qarşısını alan bir dövlətdir. Bu istiqamətdə ABŞ-la işlər görülür. Antiterror məsələlərində də iki dövlətin əməkdaşlığı var. Rusiyaya gəldikdə isə məlumdur ki, Rusiya bizim həmsərhəd olduğumuz regional dövlətdir, açar fiqurdur. Biz Rusiya ilə müvafiq münasibətlər saxlayırıq. Yəni bu gün Azərbaycanı nə ABŞ nə də Rusiya ilə olan münasibətlərə görə tənqid edə yaxud da bundan istifadə edə bilməzlər. Bir sözlə, ABŞ və Rusiya münasibətlərinin Azərbaycana təsiri məsələsində ciddi bir problem yoxdur”.

TİA.AZ