Tribuna İnformasiya Agentliyi

DÇ-2018: Meksika və İsveçin 1/8 finaldakı rəqibləri müəyyənləşib – VİDEO

28 İyun

Rusiyada keçirilən dünya çempionatında 1/8 finalın cütlərindən daha 2-nin tərkibi müəyyənləşib.

“Report”un məlumatına görə, F qrupundan mərhələ adlayan İsveç və Meksikanın ardından Braziliya və İsveçrə yığmaları da bu hüquqa yiyələnib.

Beşqat dünya çempionları Serbiya ilə görüşdə 2:0 hesablı qələbə qazanıb. Qolları 36-cı dəqiqədə Paulinyo, 68-ci dəqiqədə isə Tyaqo Silva vurub.

İsveçrə isə Kosta-Rika ilə görüşdə iki dəfə hesabda önə çıxdığı halda, qələbəni qoruya bilməyib. 31-ci dəqiqədə Blerim Cemalinin vurduğu qola 56-cı dəqiqədə Kendall Uoston cavab verib. 88-ci dəqiqədə Yosif Drmiç yenidən İsveçrəni önə çıxarıb. Lakin uzatma dəqiqələrində Kosta-Rika penalti qazanıb. Brayan Ruisin zərbəsindən sonra top dirəyə dəyib və geri qayıdarkən, qapıçı Yann Sommerin kürəyinə dəyərək, tora daxil olub.

Bununla da Braziliya 7 xalla qrup lideri olub. “Pentakampeonlar” 1/8 finalda Meksika ilə üz-üzə gələcək. İsveçrə isə 5 xalla 2-ci yeri tutub və növbəti mərhələdə İsveçə rəqib olub.

Braziliya — Meksika matçı iyulun 2-də Samarada, İsveç – İsveçrə qarşılaşması iyulun 3-də Sankt-Peterburqda keçiriləcək.

DÇ-2018, III tur, E qrupu

27 iyun

22:00. Serbiya – Braziliya – 0:2

Qol: Paulinyo, 36. Tyaqo Silva, 68

Hakimlər: Alireza Fağani, Reza Soxandan, Məhəmmədreza Mansuri (hamısı İran), Jair Marrufo (ABŞ), Anuar Hila (Tunis)

Moskva, “Spartak” stadionu

22:00. İsveçrə – Kosta-Rika – 2:2

Qollar: Blerim Cemaili, 31. Yosip Drmiç, 88 – Kendall Uoston, 56. Yann Sommer, 90+3 (avtoqol)

Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Norbert Hauata (Taiti), Bertran Brial (Yeni Kaledoniya)

Nijni Novqorod, “Nijni Novqorod” stadionu

Daha əvvəl 1/8 final cütlərindən 4-ü məlum olub. İyunun 30-da Soçidə Uruqvay – Portuqaliya, Kazanda Fransa – Argentina və iyulun 1-də Moskvadakı “Lujniki” stadionunda İspaniya – Rusiya, Nijni-Novqorodda Xorvatiya – Danimarka görüşləri keçiriləcək.