Tribuna İnformasiya Agentliyi

DÇ-2018-də 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

30 İyun

Bu gün DÇ-2018-də 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki cütlük meydana çıxacaq.

 

Dünya çempionatı başlamamışdan əvvəl turnirin əsas favoritlərindən hesab olunan iki komanda ilk 1/8 final mübarizəsində üz-üzə gələcəklər. C qrupunda Danimarka, Peru və Avstraliya ilə mübarizəni lider tamamlayan Fransa D qrupunun ikincisi Argentina ilə qarşılaşacaq. Müasir dünya futbolunun ən güclü oyunçularını qarşı-qarşıya gətirəcək matç gərgin mübarizə və maraqlı oyun vəd edir.

 

Qrup mərhələsinə istədiyi kimi başlamayan, yalnız son oyundan sonra pley-offlara yüksəlməyi bacaran cənubi amerikalılar həlledici məqamda onlara bəslənən ümidləri doğrultmaq üçün əllərindən gələni edəcəklər. Fransızlar isə qrup liderliyinin təsadüfi olmadığını sübuta yetirmək iddiasındadır.

 

Günün ikinci matçında isə Uruqvayla Portuqaliya münasibətlərinə aydınlıq gətirəcəklər. Qrupu qol buraxmadan və naməğlub lider kimi bitirən ilk dünya çempionu Uruqvay bu uğurunu pley-offda da davam etdirmək əzmindədir. Portuqaliya millisi isə çətinliklə yüksəldiyi növbəti mərhələdə işini şansa buraxmaq istəmir.

 

DÇ-2018

 

1/8 final

 

30 iyun

 

18:00. Fransa – Argentina

 

Baş hakim: Alirza Fagani (İran)

 

Kazan, “Kazan Arena”

 

22:00. Uruqvay – Portuqaliya

 

Baş hakim: Sezar Arturo Ramos (Meksika)

 

Soçi, “Fişt Stadionu”