Tribuna İnformasiya Agentliyi

Daşkəsən rayonunda bələdiyyə sədri 3000 manat cərimələnib

17 Avqust

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa kəskin qoxunun yayılması ilə bağlı şikayət daxil olub. Şikayəti Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a verilən xəbərə görə, həmin əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəndin müxtəlif ərazilərində qeyri-mütəşəkkil şəkildə qalaqlandığı və ətrafa kəskin qoxunun yayıldığı faktı təsdiqini tapıb.

Faktla bağlı Xoşbulaq Bələdiyyəsinin sədri Rasim Allahverdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə olunub.

Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.