Tribuna İnformasiya Agentliyi

Dahi bəstəkar Asəf Zeynallının doğum günüdür

05 Aprel

Bu gün Azərbaycanın dahi bəstəkarı Asəf Zeynallının doğum günüdür.  

Bu gün Azərbaycanın dahi bəstəkarı Asəf Zeynallının doğum günüdür. 

Cəmisi 23 il sürən ömründəki 7 illik yaradıcılığı onun adını musiqi sənəti tariximizə əbədi yazıb. “Ölkəm” romansı kimi bir çox əsərləri öz bədii təravətini itirməyərək müasir zamanda da sevilə-sevilə oxunur.

20-ci illərin axırı – 30-cu illərin əvvələrində Azərbaycan musiqisinin və milli bəstəkarlıq məktəbinin inkişafında Asəf Zeynallının böyük rolu olmuşdur. O, Konservatoriyanı bitirən ilk Azərbaycanlı bəstəkardır. Çox az yaşamasına baxmayaraq, A.Zeynallı böyük istedada malik bir sənətkar olmuş, Azərbaycan musiqisini qiymətli əsərlərlə zənginləşdirmişdir. O, milli musiqi mədəniyyətində kamera-instumental musiqinin, simfonik musiqinin rüşeymlərinin əsasını qoymuş, milli musiqimizin inkişafinda əlindən gələni əsirgəməmişdir. A.Zeynallı öz yaradıcılığında xalq mahnılarının toplanmasına, nota salınmasına və işlənməsinə xüsusi əhəmiyyət vermişdir.

Onun ictimai fəaliyyəti, musiqi haqqında məqalələri və əsərləri müasir həyatda baş verən hadisələrə cavab kimi səslənir və doğma incəsənətə dərin sevgi duyğuları aşılayır.

Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ilin 5 aprelində Dərbənddə anadan olmuşdur. İlk təhsilini Dərbənd real musiqi məktəbində (klarnet sinfi üzrə), sonra isə Bakıda almışdır. 1923-cü ildə Bakı musiqi texnikomunda təhsil alan Zeynallı 1926-cı ildə Konservatoriyaya əvvəl orkestr sinfinə, sonra isə bəstəkarlıq fakultəsinə daxil olur. Elə bu illərdə bəstəkarın yaradıcılığı və ictimai musiqi fəaliyyəti çiçəklənməyə başlayır.

Oxuduğu illərdə bəstəkar Ü.Hacıbəylinin rəhbərliyi altında Azərbaycan xalq musiqisinin əsaslarını dərindən öyrənir ki, bu da bəstəkarın bir sıra əsərlərində özünü büruzə verir. Belə ki, A.Zeynallı bu əsərlərdə xalq mahnı intonasiyalarından bəzən sitat şəklində, bəzən isə yaradıcılıq fantaziyası ilə istifadə edir: “Şikəstə” (orkestr üçün xor), “Çahargah”, “Durna” (fortepiano üçün), skripka və fortepiano üçün “Muğamsayağı”, “Qoyunlar” (violonçel üçün) əsərləri bunlardandır.

20-ci illərin sonunda A.Zeynallı Azərbaycan Satiraqit teatrında musiqi hissəsinin müdiri vəzifəsində çalışır. Az müddət ərzində o, C.Cabbarlının “Hindistan qızı”, “Sevil”, A.Yankovskinin “Qəzəb” pyeslərinə musiqi bəstəyir.

Konservatoriyanı bitirdikdən sonra bəstəkar iri həcmli əsərlər üzərində işləiyr. Bu illərdə o, musiqi ictimaiyyətində böyük maraq oyadan “Fraqmentlər” simfonik suitasını yazır.

20-30-cu illərdə bəstəkar özünün ən yaxşı əsərləri olan “Ölkəm”, “Sual”, “Seyran”, “Sərhədçilər” romanslarını qələmə alır. Bu əsərlər həqiqətən milli vokal lirikasının əsasını qoyan, onun inkişafı üçün geniş imkanlar açan əsərlər idi.

A.Zeynallı milli musiqimizin təbliğatçısı kimi də fəaliyyət göstərirdi. O, Leninqradın (indiki Sankt-Peterburq), Moskvanın musiqi sevərlərini Azərbaycan bəstəkarlarının yeni əsərlərilə tanış etmişdir. O zaman Leninqradda təhsil alan Niyazinin köməyilə A.Zeynallı 1930-cu ildə Leninqrad Filarmoniyasında konsert təşkil etmişdir.

Bəstəkarın fortepiano ücün “Çahargah”, fortepiano və skripka üçün yazılmış “Muğamsayağı” əsərləri ilk dəfə olaraq muğam janrının bədii məzmununun, quruluş xüsusiyyətlərinin birbaça bədii yaradıcılıq fantaziyası ilə ümumləşdirilmiş işlənməsidir.

A.Zeynallının fortepiano üçün yazılmış “Uşaq suitası” məcmuəsi də qeyd edilməlidir. Bəstəkar burada sadə cizgilərlə uşaq aləmini böyük həssaslıqla təsvir etməyə nail olur. Əsər “Kuklaların yürüşü”, “Uşaq və buz”, “Oyun”, “Rəqs”, “Qoyunlar”, “Mubahisə” nömrələrindən ibarətdir.

Bu pyeslərlə A.Zeynallı Azərbaycan musiqisində kamera-vokal, kamera-instumental janrların əsasını qoyan bəstəkar kimi tanınmışdır. Vokal əsərlərinin əksəriyyəti qəhrəmanlıq, vətənpərvərlik mövzusuna həsr edilmişdir. Vətənpərvərlik mövzusuna həsr olunmuş “Ölkəm”, “Sual” romansları ilk milli romans nümunələri olmaqla bərabər, xalq mahnı-muğam ifaçılıq sənətinin tipik ünsürlərini Avropa, rus musiqi ənənələri ilə cilalaşdıran əsərlərdir. “Ölkəm” romansında insan nitqinin xüsusiyyətləri təbii halda melodiyada təsvir edilir. Burada fortepiano partiyası yalnız müşayiət əhəmiyyəti daşımır, vokal partiyası ilə eyni dərəcəli əhəmiyyətə malikdir.