Tribuna İnformasiya Agentliyi

“Dəmirbank”ın sabiq filial rəhbərinin məhkəməsində prokuror çıxışa hazır olmadığını bildirib

11 May

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Dəmirbank” ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçının çıxışa hazır olmadığı elan olunub.

Məhkəmə iclası mayın 22-dək təxirə salınıb.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib.

Bundan başqa, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Pərvanə Əliyevanın 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını dələduzluq yolu ilə mənimsəyib.

F.Rəşadətli məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyiblər.

Prosesdə “DəmirBank”ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

Qeyd edək ki, F.Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq məhkəməyə göndərilib.

Məhkəmənin hazırlıq iclasında zərərçəkmişlər vəsatət qaldırıb. O, təqsirləndirilən F.Rəşadətlinin barəsində ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə zərərçəkmişin vəsatətini təmin edib.