Çoxumuzun yararsız hesab etdiyimiz orqan immunitetimizin “təlim-məşq” düşərgəsi imişbackend

Çoxumuzun yararsız hesab etdiyimiz orqan immunitetimizin “təlim-məşq” düşərgəsi imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apendiks insanın immun sistemində mühüm rol oynayır, ona görə də onu qorumaq lazımdır.

Bu barədə ali kateqoriyalı rusiyalı həkim Aleksey Vodovozov danışıb.

Onun sözlərinə görə, əvvəllər apendiks insanda gərəksiz bir orqan hesab olunub.

“Apendiks, bir tərəfdən, rudimentdir, digər tərəfdən isə immunitetimiz üçün son dərəcə vacib orqandır. Bu, nisbətən yeni məlumatdır. Orada çox sayda immun lövhə, limfosit var. Məcazi mənada desək, apendiks – bir növ təlim-məşq düşərgəsidir. Limfositlər “yad” və “doğma”nı ayırmağı burada öyrənir. Üstəlik, orqandan qida ilə daxil olan müxtəlif yad bakteriyalar keçir”, – deyə Aleksey Vodovozov izah edib.

Terapevt əlavə edib ki, apendiks mikrofloranın bərpasına kömək edə bilər. Onun sözlərinə görə, bu orqanda mikrofloranın “ehtiyat nüsxəsi” saxlanılır. Məsələn, əgər orqanizmə mikrob düşsə və yoğun bağırsaqdan keçərək oradakı mikrob icmasının əhəmiyyətli hissəsini (o cümlədən faydalıları) məhv etsə, onda “sığınacaq”da ehtiyatda qalan bakteriyaların köməyi ilə sağalma prosesi başlaya bilər.

“Yəni oradan bizə lazım olan bakteriyaların sporları çıxır və repopulyasiya başlayır”, – deyə Vodovozov qeyd edib.

Beləliklə aydın olur ki, apendiksi əməliyyatla götürülmüş insanlar hər hansı bir infeksiyaya yoluxanda bağırsağın mikroflorasını bərpa etmək daha çətin olur.

Həkim vurğulayıb ki, iltihabın ilkin mərhələsində apendiksi dərmanla müalicə etmək olar.

“Lokal antibiotik terapiyası (boşluğun antibiotiklərlə yuyulması) yaxşı təsir göstərir. Yaxud bəzən qarın divarını deşmədən, antibiotiklərlə belə, müalicə mümkündür. Adətən bu, uşaqlarda tətbiq olunur. Aydındır ki, bütün bunlar yalnız erkən mərhələlərdə işləyir, buna görə də erkən diaqnoz məsələsi inanılmaz dərəcədə vacib olur. Lakin apendisit irinləyibsə, o zaman əməliyyatla götürülməlidir”, – deyə o, fikrini yekunlaşdırıb.

Mənbə: Ura.ru