Çövkən oyunu sıradan çıxır: “Atlarımız üçün yem, dərman ala bilmirik” – VİDEO-FOTObackend

Çövkən oyunu sıradan çıxır: “Atlarımız üçün yem, dərman ala bilmirik” – VİDEO-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda atçılıq idman klublarının əksəriyyəti sıradan çıxıb. Qalanları da çıxmaq üzrədir. Səbəb isə ölkədə atçılıq yarışlarının keçirilməməsi, məsul qurumların üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmələridir.

TİA.AZ xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Omar Atcılıq klubunun kapitanı Xəyal Abdurahmanov bildirib.
Onun sözlərinə görə, 2009-cu ilə qədər ölkədə mütəmadi olaraq at yarışları keçirilirdi ki, bu da bu sahəyə marağın artmasına səbəb olmuşdu. Yeni klublar yaradılırdı, yarış atları yetişdirilirdi, idmançıların sayı artırılırdı və s:
“2009-cu ildə Atçılıq Federasiyası yaradıldı. Federasiya yaradılandan sonra 2-3 il atçılıq idmanına böyük diqqət göstırildi. 35-ə qədər atçılıq klubları vardı. 2013-cü ildən sonra vəziyyət pisləşməyə doğru getdi. Cıdır yarışları, Çövkən atçılıq oyunlarına diqqət azaldıldı. Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi. Gözləyirdik ki, bundan sonra Atçılıq Federasiyası bu sahəyə böyük diqqət ayıracaq, tez-tez yarışlar keçiriləcək, klublara, qaliblərə dövlət dəstəyi artırılacaq. Amma gözləntilərimizin əksi baş verdi. İndi 4-5 klub qalıb ki, onlar da Sərhəd Qoşunlarının, SOCAR-ın və bir də bir neçə özəl qurumlarındır. Sərhəd Qoşunları və SOCAR-ın atçılıq klublarının əməkdaşları maaş alırlar, amma özəl klublarda vəziyyət acınacaqlıdır. Mənin kapitanı olduğum Omar Atçılıq Klubu 2019-cu ildə Çövkən yarışlarının qalibi oldu. Kuboku bizə Dünya Etnosport Konfederasiyasiyasının prezidenti Bilal Ərdoğan və Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təltif etdilər.
Bizə 50 min pul mükafatı verilməli idi. Amma o pul bizə hissə-hissə, böyük faizlə vergiləri çıxılmaqla verildi. İndi bu yarışlar da keçirilmir ki, biz orada iştirak edib atlarımızı saxlayaq, ailəmizə maaş aparaq. Bu gün mən evimə pul apara bilmirəm. Maddi durumumuz utancvericidir. Bizi dilənçi halına salıblar. Bizim klubda 6 idmançı, 1 atabaxan vardı. Bu gün onlar başqa-başqa yerlərdə fəhlə işləyirlər. Atlarımızı saxlamaq üçün yem, dərman ala bilmirik. Cins yarış atlarını satmaq məcburiyyətində qalmışıq”.
Xəyal Abdurahmanov bildirdi ki, o, atçılıq idman yarışları üzrə peşəkar məşqçidir:
“Bir neçə klubun yaradılmasına yaxından iştirak etmişəm. İdmançılar yetişdirmişəm. Bir klubun formalaşması üçün 5 ilə qədər vaxt lazımdır. Atçılıq Federasiyasının fəaliyyətsizliyi ucbatından bizim bütün zəhmətimiz yerlə bir oldu. Respublika Atçılıq Federasiyası atçıları təmir adı ilə Binə ippodromundan kənarlaşdırdı. Bakı Dövlət Cıdır Meydanı isə bərbad haldadır. Orada antisanitariya hökm sürür”.
Atçılar Kənd təsərrüfatı naziri cənab İnam Kərimova müraciət edərək xahiş edirlər ki, bütün dünyada olduğu kimi, atçılıq idmanı yenidən nazirliyin balansına qaytarılsın.
Qeyd edək ki, qədim tarixə malik olan Azərbaycan milli atüstü oyunları 1950-ci illərdə bərpa edilib.
2006-cı ildən Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialında çövkən üzrə “Prezident Kuboku” keçirilib. Həmin ildə çövkənlə məşğul olan və yarışlarda iştirak edən cəmi 3 Azərbaycan rayonu vardısa, sonradan onların sayı bir neçə dəfə artdı. “Qarabağ atı ilə oynanılan çövkən oyunu” 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.