Çörək yenə bahalaşacaq, un istehsalçılarına dotasiya verilməlidir – Ekspertbackend

Çörək yenə bahalaşacaq, un istehsalçılarına dotasiya verilməlidir – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yaxın zamanlarda çörəyin çəkisinin azaldığını görəcəyik. Bir müddətdən sonra çəkini azaltmaq mümkün olmayanda qiyməti yenidən qaldıracaqlar”.
Bu fikirləri açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, çörəyin qiymətini tənzimləmək üçün dövlət un istehsalçılarına dotasiya verməlidir:
“Azərbaycanda taxılla təminat çox aşağı səviyyədədir. Cəmi 25% özümüzü taxılla təmin edə bilirik, 75% isə xaricdən alınır. Son 2-3 ayda Rusiya və Qazaxıstandan alınan taxılın qiyməti təqribən 100 dollar bahalaşıb. Bir ton taxılın qiyməti 340-370 dollar arası dəyişir. Çox güman ki, yaxın gələcəkdə biz bu artımın yeni dalğasını da yaşayacağıq. Yerli istehsalı az olan ölkə bunu gözə almalı, hökumət əlini daşın altına qoymalıdır. Əvvəllər un istehsalçılarına dotasiyalar verilirdi. Nədənsə o dotasiyalar ləğv edildi”.
İqtisadçı hesab edir ki, hökumət un istehsalçıları ilə anlaşma əldə edə bilər:
“Müəyyən dotasiya müqabilində unun qiymətini artırmaya bilərlər. Bu zaman un məhsulları və çörək də bahalaşmaz. Amma təəssüf ki, belə bir addımın atılacağı hələ ki şübhə altındadır. Bununla bağlı heç bir danışıqlar yoxdur. Nəticə etibarı ilə çörəyin, unun qiyməti artır və artacaq”.
N.Cəfərli Azərbaycan hökumətinin əlində bahalıqla mübarizə üçün kifayət qədər alətlər olduğunu diqqətə çatdırıb:
“Ay yarıma yaxındır ki, təkliflər paketilə çıxış edirik. Ölkədə əlavə dəyər vergisini, gömrük rüsumlarını, vergi yükünü azaltmaq olar. İstənilən gömrük rüsumu və vergi dərəcəsi Azərbaycan vətəndaşının cibindən çıxır. İstənilən halda Azərbaycanda vergilər yüksəkdir, əsasən də əlavə dəyər vergisi. ƏDV-nın 18% olması alış-veriş edərkən əhali üçün bu vergini, gömrük rüsumlarını ödəmək məcburiyyəti yaradır. Lakin hökumətin əlində bu bahalığı azaltmaq üçün kifayət qədər alətlər var. Sadəcə, məsələyə səthi yanaşma narahatlıq doğurur. Antiinflyasiya tədbirləri hazırkı vəziyyətə adekvat deyil”.