Çörək bahalaşdı: Bazara nəzarət edən qurum hələ susur – FOTOFAKTbackend

Çörək bahalaşdı: Bazara nəzarət edən qurum hələ susur – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür ki, çörəyin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılsa da, hələlik marketlərdə ənənəvi zavod çörəyinin qiyməti 50 qəpik idi.

Hətta dünən qiymətlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yaydı.

Məlumatda deyilirdi ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb:

“Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur. Bununla əlaqədar nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib. Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinq zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə ciddi tədbirlər görüləcək”.

TİA.AZ cebhe.info-ya istinadən xəbər verir ki, artıq bu gün bir sıra marketlərdə çörəyin qiymətində artım müşahidə edilir.

Belə ki, Səbail rayon Bayıl 20-ci yaşayış sahəsindəki marketdə dünən 50 qəpik olan dairəvi çörək bu gün 60 qəpiyə satılırdı. Alıcıların etirazına cavab olaraq satıcı heç özünün də bu qiymət artımından razı olmadığını bildirdi.

Satıcı qeyd etdi ki, bu gün səhər marketə çörək gətirilib və qiymətin 60 qəpik olduğu bildirilib:

“Mən bu satışdan cəmi 5 qəpik qazanıram. Bu məbləğlə mən nə qazanıram?”

Onu da qeyd edək ki, marketə təqdim edilən sənəddə də qiymət artımı öz əksini tapıb. Sənəd isə “İsrafiloğlu MMC”-yə məxsusdur. Həmin MMC-isə “Nur” çörək zavodudur. Əgər rəsmi olaraq çörəyin qiymətində artım təsdiq edilməyibsə, demək, ayrı-ayrı qurumların belə artımlara getməsi onların “şəxsi təşəbbüsündən” irəli gəlir. Yəni dünən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “gücləndirdiyi nəzarətə” məhəl qoyan yoxdur. Mövcud vəziyyətlə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlamaq istəsək də hər zaman olduğu kimi qurumun telefonları cavab vermədi.

Çörək bahalaşdı: Bazara nəzarət edən qurum hələ susur