Corat bələdiyyəsi zibilliyə görə cərimələndibackend

Corat bələdiyyəsi zibilliyə görə cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Sumqayıt şəhərinin Corat qəsəbəsinin dənizkənarı ərazisinə tullantıların atılması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.
Xidmətin rəis müavini Ramal Bağırov TİA.AZ-a bildirib ki, həmin əraziyə keçirilən baxış zamanı tullantıların əraziyə atılaraq qalaqlanması faktı təsdiqini tapıb.
R.Bağırovun sözlərinə görə, faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Corat bələdiyyəsi barəsində protokol tərtib olunaraq hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə məcburi göstəriş verilib.
Nazirlik tullantıların idarə olunmasına cavabdeh olan bələdiyyə və yerli icra orqanlarını tabeliklərindəki ərazilərdə tullantıların qanunvericiliyə uyğun toplanmasını və daşınmasını təşkil etməyə, sanitar və ekoloji normaların pozulmasına yol verməməyə çağırır.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki