“Çıxış yolu yeni qadağalar deyil” desələr də… – Noyabrın 15-dən karantin sərtləşdiriləcək?backend

“Çıxış yolu yeni qadağalar deyil” desələr də… – Noyabrın 15-dən karantin sərtləşdiriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxma sayında artım yenidən əhali arasında qapanmaların olacağı barədə məlumatların yayılmasına səbəb olub. Deyilir ki, bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi təşkil olunacaq. Brifinqdə pandemiya ilə bağlı bəzi məhdudlaşdırıcı qərarların veriləcəyi istisna olunmur. İlkin ehtimallara görə, Azərbaycanda da bəzi Avropa ölkələrində olduğu kimi, açıq havada maskasız gəzmək qadağası bərpa edilə bilər. Ardınca, toy, xınayaxdı, nişan və digər böyük mərasimlərin keçirilməsinə məhdudiyyət qoyula bilər. Hətta noyabrın 15-dən sonra təhsil müəssisələrində də ikihəftəlik ənənəvi dərslərin dayandırılacağı barədə xəbərlər yayılır.

Məlumatlara görə, bölgələrdə hətta bəzi restoranlar el şənliklərinin keçirilməsi üçün noyabrın 15-dən sonrakı tarixə aldıqları behi geri qaytarırlar. Onlar bunu həmin tarixdən toylara qadağaların qoyulacağı ilə izah ediblər.
Sputnik Azərbaycan ölkəmizdə mövcud şəraitdə karantin qaydalarının sərtləşdirilməsinə ehtiyacın olub-olmadığını araşdırıb.
İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə son həftələr koronavirusa yoluxma və ölüm sayında artım var: “Azərbaycanda koronavirusa yoluxanlar hələ də sağalanları üstələyir. Gündəlik ölüm sayı 27-30 arasındadır. Aktiv xəstə sayı 28 minə yaxınlaşır. Hər gün 2300 civarında yeni yoluxma halı qeydə alınır. Yəni pandemiya ilə bağlı vəziyyət həddindən artıq pis olmasa da, yaxşı da deyil. Amma bu hal gözlənilən idi. Təhsil müəssisələrinin fəaliyyətə başlaması, toylara icazə verilməsi istər-istəməz yoluxma sayını və ölüm hallarını artırır”.
İnfeksionist bildirir ki, bununla belə hansısa sahələrdə qapanmalarla bağlı qərar vəziyyəti çox az müddət üçün yaxşılaşdıra bilər.
“Sosial platformada da qapanmaların olacağı, bəzi sahələrdə yenidən işlərin məhdudlaşdırılacağı bildirilir. Biz təhsil müəssisələrini bir müddətlik bağlamaqla, yaxud da bir neçə ay toylara qadağa qoymaqla ciddi bir nəticə əldə edə bilməyəcəyik. Çünki bu qadağalar aylarla davam edə bilməz. Yenidən fəaliyyət bərpa olunduqda eyni vəziyyətlə üzləşəcəyik. Ona görə də düşünürəm ki, yenidən karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac yoxdur”.
V.Cavadzadənin sözlərinə görə, koronavirusa yoluxma sayını azaltmaq üçün nəzarət tədbirləri gücləndirilməlidir: “Yenidən qadağaların sərtləşdirilməsindənsə nəzarət gücləndirilməlidir. Avtobuslarda, metroda, qapalı yerlərdə maska taxma tələbinə riayət olunmur və sosial məsafə qorunmur. Bu isə yoluxma və ölüm sayını artırır. Biz artıq bu virusla yaşamağa öyrəşməliyik. Bunun isə çıxış yolu yeni qadağalar və qadağaların sərtləşdirilməsi yox, qaydalara əməl etməkdir”.
Həmsöhbətimiz koronavirusa yoluxma zamanı ölüm sayında artımın qarşısını almaq üçün vaksinasiyanın da diqqətdə saxlanılmasının vacib olduğunu söyləyir.
Ekspert bildirir ki, təhsil müəssisələrində dərslərin dayandırılması da effekt verməyəcək. Çünki şagirdlərin xeyli hissəsi məktəblər bağlı olduğu müddətdə repetitor hazırlığını davam etdiriblər.

Məlumat üçün bildirək ki, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddiasına cavab verib. O, bununla bağlı qərarın olmadığını xatırlatsa da, hər şeyin yoluxma ilə bağlı rəqəmlərdən asılı olacağını bildirib.
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin qaydalarının yenidən sərtləşdirilməsinə ehtiyac yoxdur. Deputat deyir ki, indiyədək tətbiq edilən sərt qadağalar da qapanmaların mənasız olduğunu sübut edib.
“Bir sıra sahələrin fəaliyyətini dayandırmaq, bağlamaq mənasızlaşıb. Biz çalışmalıyıq ki, əhali qaydalara əməl etsin. Qapatmaq çıxış yolu deyil. Ən azı qaydalara əməl etməklə virusa yoluxmadan qorunmalıyıq”.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan isə bildirildi ki, karantin qaydaları ilə bağlı yeni qərarlar olacaqsa, bu, ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, hazırda paytaxtda ən yüksək yoluxma Binəqədi rayonundadır. Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.4 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.6 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib. Bölgələr üzrə bu siyahıya Abşeron başçılıq edir.