Tribuna İnformasiya Agentliyi

Çində dünyanın ən böyük buz və qar festivalı keçirilir

25 Dekabr

Çinin Xeyluncian vilayətinin inzibati mərkəzi olan Xarbin şəhərində ənənəvi beynəlxalq buz və qar festivalı işə başlayıb.

TİA.AZ  xəbər verir ki, 1963-cü ildən keçirilən və dünyada bu növ ən böyük tədbir hesab olunan Xarbin festivalı çərçivəsində yüzlərlə müxtəlif tədbir, o cümlədən buzdan və qardan düzəldilən fiqurların sərgi və müsabiqəsi, donmuş Sonqxua çayında üzgüçülük turniri daxil olmaqla müxtəlif qış idman növləri yarışları təşkil olunacaq.

Gələn il fevralın 28-dək davam edəcək festivalın ən çox maraq doğuran hissəsi “Buz və qar dünyası” sərgisidir. Sahəsi 600 min kvadratmetr olan bu sərgidə buzdan və qardan düzəldilmiş müxtəlif ölçülərdə yüzlərlə bina və qəsrlər, cizgi film qəhrəmanlarının heykəlləri, müxtəlif fiqurlar nümayiş olunur. Ümumilikdə 10 minə yaxın usta və mütəxəssis 15 gün ərzində 110 min kubmetr buz və 120 min kubmetr qardan istifadə edərək həmin heykəl, fiqur və binaları düzəldiblər.

Festival müddətində 15 milyondan çox turistin Xarbini ziyarət edəcəyi gözlənilir.

Qeyd edək ki, qışda soyuq Sibir küləklərinin hakim olduğu Xarbində orta aylıq temperatur mənfi 20 dərəcə təşkil edir. Axşam və gecə vaxtı temperatur bəzən mənfi 40 dərəcəyə enir. Yerli hökumət bu cür hava şəraitindən səmərəli istifadə edərək, şəhərdə qış turizminin inkişafını təşviq edir. Ötən ilki festivalı təxminən 18 milyon nəfər ziyarət edib, ümumi dövriyyə 4,4 milyard ABŞ dollarına çatıb.