Tribuna İnformasiya Agentliyi

Çimməyə hara gedək? – Həyatımız təhlükədədir!

10 İyul

Artıq 20 gündür ki, yay mövsümü başlayıb. “Qafqazinfo” xəbər verir ki, yayın gəlişi özüylə bərabər bir neçə məsələni də aktual edib. Bunlardan ən vacib olan mövzulardan biri isə çimərliklərdəki ekoloji  vəziyyətdir. Belə ki, isti yay günlərində insanlar sərinləmək üçün dənizə üz tutur. Ancaq dəniz suyunun çirkliliyi onların sağlamlığına zərər vurur. Adıyla məşhur və  pulsuz olan bir sıra çimərliklərdə dəniz suyu mikrobioloji baxımdan çirklidir. Elə bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimərlik ərazilərində keçirdiyi növbəti monitorinqin nəticəsində də bu vəziyyəti müşahidə etdik.  Monitorinq onu deməyə əsas verir ki, əgər insanlar Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərində çimmək istəsə, bu heç də onların sağlamlığı üçün yaxşı olmayacaq. Eyni zamanda, Nabran, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin dəniz suyu da mikrobioloji baxımdan çirklidir.

Bu vəziyyətdə yayın gəlişini həsrətlə gözləyən insanlar nə etməlidirlər? Pullu çimərliklər cibə uyğun deyil, sözügedən çimərliklər  isə sağlamlıq üçün risklidir.

Problemin mahiyyətinə vardıqda isə, görünür ki, həmin çimərliklərin çirkli olmasının səbəbi kanalizasiya sularının birbaşa dənizə axıdılmasıdır. Yəni, fəaliyyət göstərən ictimai-iaşə obyektlərində kanalizasiya sularının dənizə axıdılmasının qarşısını almaq üçün lazım olan qurğular yerləşdirilməyib.

Bu sahədə məsul olan nazirlik yaranmış vəziyyətə  görə bir sıra obyekt  sahibi olan vəzifəli şəxsləri 4000 manat məbləğində cərimələyir. Amma bu vəziyyətdən çıxış yoludurmu? Obyekt sahibi hər dəfə 4000 manat cərimələnməkmi istəyir?! Yəqin ki, alternativ variant  kimi qurğuların quraşdırılması onun üçün  daha məqbul hesab oluna bilər. Bəs niyə quraşdırmır?

Məsələnin digər tərəfi isə həmin obyektin icarədarı ilə bağlıdır. Məlum olur ki, çimərlikləri sahibkara ya bələdiyyələr, ya da icra nümayəndələri icarəyə verir. Bu zaman hər iki qurumun sahibkarla bağladığı müqavilədə sanitar-gigiyenik qaydalara əməl etməyin vacibliyi əks olunurmu?

“Qafqazinfo” bu problemlərdən yola çıxaraq həm bələdiyyə, həm də icra nümayəndəliklərinə müraciət edib.

Novxanı bələdiyyəsinin sədri ilə əlaqə saxlamaq mümkün olmasa da, Türkan bələdiyyəsinin sədri telefonda sualları eşidib cavab verəcəyini söyləsə də, sonradan zəngləri açmayıb.

Hövsan bələdiyyəsinin sədri Elburus Xəlilov isə bu ərazidə olan çimərliklərin heç bir sahibkara icarəyə vermədiklərini vurğulayıb. Həmin torpaqların dövlət mülkiyyətində olduğunu qeyd edib.

Suraxanı rayon İcra Hakimiyyətinin məsul işçisi Bərxudar Bərxudarov isə saytımıza bildirib ki, Hövsan çimərliyində  çimməyin qadağan olması barədə elan yerləşdirilib: “ Amma buna baxmayaraq insanlar yenə dənizə girirlər. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişik. Orada hər hansı sahibkarın fəaliyyət göstərməsinə icazə verilməyib. Çünki dəniz suyu çirklidir.  Biz dənizə axıdılan kanalizasiya sularının qarşısını almaq üçün “Azərsu”ya təklif vermişik. Təklifimiz 2019-2023-cü ildə icra ediləcək Dövlət Proqramına salınıb. Orada  çirkab suların dənizə axıdılmasının qarşısını almaq üçün şəbəkə tikiləcək. Bundan əlavə, rayon ərazisində Duzlu göl kimi tanınan yer də sağlamlıq üçün zərərlidir. Amma insanlar yenə də xəbərdarlığa məhəl qoymurlar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bununla bağlı həyəcan təbili çalır. Xəzəri çirkləndirənlərə qarşı hər bir vətəndaşın aktiv olmasını, ictimai qınağın başladılmasını tövsiyə edir.

Qurumun sözçüsü İradə İbrahimova  bildirib ki, Xəzəri çirkləndirənlərə qarşı xeyli vaxtdır ki, mübarizə aparırlar: “Dəniz kənarında fəaliyyət göstərən obyekt sahiblərinə, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza dəfələrlə müraciət etmişik ki, obyektlərində və evlərində formalaşan tullantı sularını dənizə axıtmasınlar. Çimərlik mövsümü başlamamışdan xeyli əvvəl obyekt sahiblərinə çağırışlar etdik, eyni zamanda xəbərdarlıq və tövsiyə məktubları göndərdik ki, çimərlik mövsümü başlayana kimi tullantı sularının Xəzərə axıdılmaması üçün təmizləyici qurğular quraşdırsınlar. Artıq çimərlik mövsümü başlayıb, hər həftə vətəndaşlarımıza suyu çirkli olan çimərliklərlə bağlı məlumatlar veririk və həmin çimərliklərə getməməyi tövsiyə edirik. Bələdiyyələrə, yerli icra orqanlarına səslənirik ki, onlar da bu işdə fəal olsunlar. Çimərliklərin çirkli çıxmasına səbəb əsasən çimərlik ərazilərində fəaliyyət göstərən xidmət sahələridir ki, bu obyektlər bələdiyyələrin ərazisində fəaliyyət göstərir, bu ərazilər onlara məxsusdur. Nə vaxta qədər Xəzəri çirkləndirənlərə qarşı belə biganə münasibət göstəriləcək? Hamımız bilirik ki, bunu edənlər ozümüzük, bizim qonşumuz, dostumuz, qohumumuzdur. Nəyə görə Xəzəri çirkləndirənlər ictimaiyyət tərəfindən qınaq olunmur? Hamı gözləyir ki, nazirlik gəlsin cərimə yazsın? Cərimə məsələnin həlli yolunda vasitə deyil, çirkləndiricilər ictimai qınaq obyektinə çevrilməlidir. Dənizə bu cür laqeyd münasibət davam edərsə, önümüzdəki illərdə təmiz çimərlik qalmayacaq. Dənizi çirkləndirənlərə qarşı ictimai qınaq olarsa, bəlkə, onda çirkləndiricilər uşağının, qohumunun, dostunun, qonşusunun səhhətinə, dənizin ekologiyasına zərər verdiyini daha tez basa düşər və işlərində dönüş yaradarlar”.

Ekoloji məsələlər üzrə ekspert Fikrət Cəfərov isə  açıqlamasında bütün  istirahət mərkəzlərində eyni qaydalar olmasının labüdlüyünü nəzərə çatdırıb: “Nazirlik tullantı sularının dənizə axıdılmasına ciddi nəzarət etməlidir. Həmin suların birbaşa dənizə axıdılmasına qadağan qoyulmalıdır. Çimərlik təmiz olmalıdır. Çimərliklərin bəziləri bələdiyyələrindir. Bələdiyyələr çimərliyi sahibkara icarəyə verəndə  bunun üçün konkret qaydaları olmalıdır. Birinci növbədə, onlar sanitar-gigiyenik qaydalara əməl etməlidirlər. Eyni qaydalar bütün obyektlərə şamil edilməlidir.  Çimərliklərə kölgə salan “zontik”lərə də  qaydalar qoyulmalıdır. Təhlükəsizlik qaydalarına riayət edilməlidir. Külək əsəndə həmin çətirlər insanların üstünə aşa bilər.  Bu insanı öldürə, zədələyə bilər. Belə qaydalar nə bələdiyyədə,  nə dövlət tərəfindən verilən aktlarda yoxdur.  Bunlar hazırlanmalıdır. Həmin qaydalar əsasında da müqavilə bağlanılmalıdır.  Restoran sahibi də biləcək ki, çirkab suyunu dənizə tökə bilməz. Belə etsə, cərimə ediləcək. Heç nə də olmasa, orada sambolar tikilməlidir. Bu zaman dəniz suyu çirklənməz. Bunun quraşdırılması o qədər də bahalı deyil.  Bu zaman dənizin bir hissəsi təmizlənəcək. Çirkabın bir hissəsini həmin sambodan təmizlik çəkən qurğular daşıyacaq.

Vətəndaşlara da başa salınmalıdır ki çimərlikdə istirahət edərkən gətirdiyi zibili özüylə aparsın.  Sən bunu eləmədinsə, deməli, səni də cərimələməlidirlər. Bu hansısa kiçik məbləğ də ola bilər”.

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə saytımıza açıqlamasında ekologiyanın kompleks məsələ olduğunu vurğulayıb: “Bunu ancaq dövlətin, hansısa bir sahibkarlıq strukturunun və ya özünüidarəetmə orqanının işi hesab etmək olmaz. Ekologiya bizim sağlamlığımız və gələcəyimizdir. Azərbaycan əhalisi üçün 2-3 ay davam edən yay fəsli əhəmiyyət daşıyır. Xəzər dənizi böyük bir su hövzəsidir. Onun ətrafında olan obyektlərin dəniz suyunu çirkləndirməsi əlbəttə ki həmin insanların yay istirahəti arzularına bəzi hallarda son qoyur. Hesab edirəm ki, ilk növbədə, dənizi çirkləndirən obyektlərin üzərinə ciddi nəzarət qoyulmalıdır. Bu qaydanı pozanlar cərimələnməlidir. Söhbət böyük müəssisələrdən getmir. Kiçik sahibkarlıq obyektinin də vurduğu zərərləri topladıqda  böyük nəticəyə gətirib çıxarır. Burada ekologiyanın  qorunması məsələsini həllini tapmalıdır.

Çirkab sularının axıdılması, eyni zamanda, təsərrüfat fəaliyyət zamanı yığılan zibillərin daşınması çox təəssüf ki formal xarakter daşıyır, ya da bu məsələyə diqqət yetirilmir. Sanki təbiət insanın vurduğu zərbəni öz-özünə həll edəcək. Bu baxımdan mənə elə gəlir ki, kompleks tədbirlər görülməlidir. Qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir. Bələdiyyələrin bu istiqamətdə həm hüquqları, həm də məsuliyyəti artırılmalıdır.  Bəzən hüquqlar var, amma ondan istifadə edilmir. Eyni zamanda, cərimə metodundan yararlanmırlar. Bundan əlavə, ictimai nəzarət olmalıdır. Demək olmaz ki, ətraf mühiti ancaq böyük müəssisələr çirkləndirir. Azmı görürük, avtomobil yollarının kənarına atılan butulkaları, yemək qalıqlarını, zibilləri?! Bunun üçündəmi dövlət qurumu yaradılmalıdır?! Düşünməliyik ki, təbiətin özünü sağaltmağı uzun müddət çəkir.  Onun zərərini  insanın özüylə yanaşı sonrakı nəsillər də çəkir. Bu istiqamətdə verilişlərin aparılmasına, sosial çarxların hazırlanmasına çox böyük ehtiyac var. Nazirlik bu istiqamətdə işlər görür.  Onlar reydlər keçirir, cərimələyir və xəbərdarlıq edir. Bu istiqamətdə səylər birləşdirilməlidir”.