Cəsur döyüşçülər – Hər iki gözünü itirən əsgər: “Azacıq ümid var, mənə kömək göstərilsin” – FOTOLARbackend

Cəsur döyüşçülər – Hər iki gözünü itirən əsgər: “Azacıq ümid var, mənə kömək göstərilsin” – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3 minə yaxın hərbçimiz şəhidlik zirvəsinə, 1200-dən çox əsgər və zabitimiz isə qazilik şərəfinə yüksəlib. Neçə-neçə oğullarımız müharibəni sağ-salamat, veteran kimi başa vurdu. Vətənə, bizim əmin-amanlığımıza görə canından keçən şəhidlərimizi, qazilərimizi, veteranlarımızı heç vaxt unutmamalıyıq.

Modern.az saytı “Cəsur döyüşçülər” rubrikasına davam edir.

Bu dəfə rubrikamızda haqqında danışacağımız şəxs İkinci Qarabağ müharibəsinin qazisi Kamil Səfərlidir.

Arayış: Səfərli Kamil Məzahir oğlu 1999-cu il də Tərtər rayonu Cəmilli kəndində anadan olub. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətə başlayıb. Hərbi xidmətini başa vuran ərəfədə Vətən müharibəsi başlayıb və o, döyüşlərə qatılıb.


“Ən qaynar döyüş Suqovuşan istiqamətində oldu”

– Sentyabrın 26-sı artıq bizə döyüş haqqında məlumat verildi, ayın 27-si xüsusi texnikalarla döyüşə başladıq. Döyüş başlayan gündən oktyabrın 4-ə kimi düşmənin əlində olan 26 postu tutduq. Oktyabrın 4-ü Talış kəndi uğrunda döyüşlər başladı. 2-3 gün müddətində Talış kəndini düşməndən azad etdik.

Döyüşdə çox hadisələr baş verdi, dostlarım gözümün qarşısında şəhid oldu. İnsana çox təsir edir, özünə gələ bilmirsən, amma ayaqda durmağa, güclü olmağa çalışırsan.  Ən güclü döyüş Suqovuşan istiqamətində oldu. Hava yağıntılı olduğuna görə yer palçıq idi və hərəkətimiz çətinləşmişdi.  Çox çətin anlar yaşadıq.

“Atamın ürəyi dözmədi, yanıma gəldi”

– Sentyabrın 26-sı son dəfə atama zəng etdim və dedim ki, “Ata biz türk qardaşlarımızla təlimlərə başlayırıq, ola bilər ki, günlər-aylar keçər təlimlərdən qayıtmaram, danışa bilmərik , narahat olmayın, özünüzə yaxşı baxın”.

Lakin bu zəngimə atam dözməyib hərbi hissəyə yanıma gəldi. Artıq şübhələnmişdi, mən müharibə olacağını gizlətməyə çalışırdım, amma o hiss etmişdi. Atama dedim ki, mən şəhidlik zirvəsinə ucalsam, siz mənim üçün ağlamayın, sevinin ki, oğlunuz o zirvəyə ucaldı.

Hər adama şəhidlik, qismət olmur, mənə də qazilik qismət oldu. Hər iki gözümü itirdim. Mən də şəhid olub o müqəddəs zirvəyə ucalmaq istəyirdim, amma istəməklə deyil ki, hər kəsin bir taleyi, qisməti var.


“Döyüş xatirələri unudulmazdır”

– Müharibə zamanı əsgər qardaşlarınla yağış, qar demədən  çiyin-çiyinə vuruşmaq, yeməyin az olsa belə onlarla bölüşmək – bu hissləri ətraflı ifadə etmək çətindir. Döyüş xatirələri hər gün bir anlıq da olsa insanın gözü qarşısına gəlir. Hər gün oturub şəhidlərin xatirəsinə ithaf olunan musiqilərə qulaq asıram. Həmin an döyüşlər gözümün önündə canlanır.

Döyüşlər zamanı çox dostumu, qardaşımı itirdim. Dostlarımı itirmək mənim üçün çox çətindir.

Sapyor komandirlərinin belə bir sözü var “Əgər sapyor bir səhv edərsə, onunla bərabər mini gedər”. Mən özüm getməyə razı idim, çünki min nəfərin içində evli, nişanlı, övladı olanlar var. Məni isə ailəmdən başqa gözləyən yox idi, ona görə heç vaxt qorxmurdum. Sadəcə istəyirdim ki, anamın-atamın yanına üç şərtlə qayıdım: qazi, şəhidlik ya da ki, sağ-salamat. Hamıya sağ-salamat qayıtmaq qismət olmur.



“Mən gözlərimi, dostum isə ayağını itirdi”

– Əsgər yoldaşım və mən müəyyən silahlar götürmək üçün geri qayıdırdıq, hava çox qaranlıq idi, qəfildən yanımızda mina partladı, mən gözlərimi, dostum isə ayağını itirdi.

Partlayş zamanı diz üstə çökdüm üzüm sanki yanırdı, ayaqlarımı da hiss etmirdim, düşündüm ki, artıq ayaqlarımı itirdim. “Allah məni niyə bu günə qoydun?” deyib qışqırırdım. Minanın təsirini hələ də bədənimdən çıxara bilmirəm. Yaralandıqdan sonra məni Naftalana gətirdilər, həkimlər hər şeyin yaxşı olacağını dedilər.

Oktyabrın 20-si mən artıq Bakıda xəstəxanada idim, danışa da bilmirdim. Ağzım bütöv yanmışdı, şlanklar vasitəsi ilə boğazıma su ötürürdülər, günlərlə yemək yeyə bilmədim.



“Qələbə xəbərini eşidədə göz yaşlarımı saxlaya bilmədim”

– Həmin vaxt vəziyyətim o qədər də yaxşı deyildi, hər yerim sarıqlı idi. Cənab Prezidentdən qələbə xəbərini eşitdim. Onu gözlərimlə görməsəm belə, səsinə qulaq asdım. Həmin an elə bir hiss keçirdim ki, onu söz ilə ifadə edə bilmərəm. Qələbə xəbərini eşidən zaman göz yaşlarımı saxlaya bilmədim. Anam yanınıma gəlib dedi ki, “oğlum, bu sənin kimi oğulların qələbəsidir”. O söz nəyə desən dəyərdi. Bir oğula dövləti və valideyni tərəfindən təşəkkür edilirsə, bu böyük bir şeydir.


“Sən niyə ağlayırsan şəhid anası?”

– Qazilərə demək istəyirəm ki, ola bilər yataqdan qalxa bilməyək, ayaqlarımız yer tutmasın, gözlərimiz görməsin,  lakin biz səbr etməliyik…

Şəhid anası, sənin oğlun Allahın ən sevimli bəndələrindən oldu. O sübut etdi ki, qeyrətli bir ailənin oğludur. Ayaq basılmayan torpaqlarımıza öz qanları ilə yol açdılar. Şəhid anası, mən sənin ağladığını eşidəndə pis oluram… Hər zaman bilin ki, sizin oğlunuz ən ali zirvəyə ucalıb.


“Dövlət başçıma müraciət edirəm”


– Mənim hər iki gözüm görmür. Sol gözüm zil qaranlıqdı. Həkimlərin də dediyinə görə ümid yoxdur. Bunu özüm də bilirəm. Lakin sağ gözüm ilə günəşin işığını, yanımda olan insanların kölgəsini duya bilirəm, havanı hiss edirəm. Qohumlarımın araşdırmasına əsasən öyrənmişik ki, mənim sağ gözümə “çip göz” taxılarsa, görmə şansım olacaq. “Çip göz” Amerikada, Yeni Zelandiyada və Almaniyada taxılır. İsrail həkimləri isə ümidin olmadığını bildirib. Mən yalnız öz dövlətimə inanıram və güvənirəm.

Azərbaycanlı həkimləri də ümidin olduğunu dedilər. Əgər həqiqətən sağ gözümün görməsinə ümid varsa, mənə kömək göstərilsin. Anamın göz yaşlarına dözə bilmirəm. Gözüm 10 faiz də olsa görsün, ailəmin üzünə baxa bilim. Gözümə işıq verilsə, özümü dünyanın ən xoşbəxt insanı sanaram.

Xalqıma onu demək istəyirəm ki, harada yaşamağınızdan aslı olmayaraq, heç vaxt Vətəni unutmayın. Mən hər zaman azərbaycanlı olduğum üçün fəxr etmişəm. Onu da bilirəm ki, biz hələ Vətənə olan borcumuzu tamamlamamışıq.