Cənub incisi Masallıda turizm inkişaf edirbackend

Cənub incisi Masallıda turizm inkişaf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bölgələrində mövcud olan turizm potensialı, ilk növbədə, regionlarımızın əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora-faunası və gözəl təbiəti ilə şərtlənir. Son vaxtlar müasir tələblərə cavab verən istirahət mərkəzlərinin və turizm obyektlərinin tikintisi, yol infrastrukturunun yenilənməsi turistlərin bölgələrə axınına səbəb olub. Azərbaycanın cənub hissəsi ölkənin ən çox ziyarət edilən bölgələrindən biridir. Talış dağları və Xəzər dənizi ilə həmsərhəd olan bu bölgə təbiəti, sitrus meyvələri və fərqli çayları ilə məşhurdur. Özünə məxsus mətbəxi ilə digər bölgələrdən seçilir. Daha çox balıq yeməkləri olan cənub mətbəxi çox ləzzətlidir. Bu bölgə Azərbaycanın ən çox qorunan bölgəsi hesab olunur. Bu, təbiətinin zənginliyindən irəli gəlir və təbiiliyi qorumağa çalışırlar. Cənub bölgəsində turizmin inkişaf etdiyi rayonlardan biri də Masallıdır. Unikal təbii coğrafi mövqedə yerləşməsi, zəngin flora-faunası və əsrarəngiz təbiəti Masallını təkcə regionda deyil, həmçinin ölkəmizdə turizm məkanı kimi tanıdıb. Təbiət gözəlliklərini bu yerlərə səxavətlə bəxş edib. Xəzər dənizi, Talış sıra dağları, Viləş çayının, bumbuz bulaqların, kiçik göllərin yaratdığı fərqli mənzərələr bu məkana ayaq basan insanları sözün həqiqi mənasında heyran edir.Son vaxtlar müasir tələblərə cavab verən istirahət mərkəzlərinin və turizm obyektlərinin tikintisi, yol infrastrukturunun yenilənməsi, həyata keçirilən abadlıq işləri turistlərin bu bölgəyə axınına səbəb olur.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları çərçivəsində bütün bölgələrdə olduğu kimi Masallıda da mühüm infrastruktur layihələri reallaşdırılıb. Genişmiqyaslı abadlıq və quruculuq işləri turizmin inkişafına öz müsbət təsirini göstərir. Rayon ərazisindən axan Viləş, Alvadiçay və Tatyan çayları Xəzər dənizinə tökülür. Mənbəyini Yardımlı və Lerik rayonlarının ərazisindən, Talış dağlarından götürən, uzunluğu 115 kilometr olan Viləş çayında 1976-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə su dəryaçasının bünövrəsi qoyulub. Viləşçay dəryaçası bu gün ulu öndər Heydər Əliyevin adını daşıyır. Masallı yeraltı və yerüstü sərvətlərilə də zəngindir. Dağlar qoynunda yerləşən “İsti[1]su” istirahət mərkəzi turistlərin daha çox gəldiyi şəfa ocağıdır. Yerin dərinliklərindən çıxan isti sudan yel, oynaq, əzələ, əsəb sistemi, dəri, mədə-bağırsaq və qadın xəstəliklərinin müalicəsində istifadə edilir. Rayonda mövcud olan 32 turizm obyektində gün ərzində 1300- ə yaxın turistin istirahəti üçün hər bir şərait yaradılıb. turistlər üçün, həmçinin milli mənəvi dəyərlərimizin daşıyıcısı olan xalq tətbiqi sənəti nümunələrindən ibarət satış yarmarkaları, müxtəlif əyləncəli oyunlar, musiqili gecələr keçirilir. Bütün bunların nəticəsidir ki, Masallıda turizm mövsümi xarakter daşımır.

Turistlər bu gözəl məkana ilin bütün fəsillərində gəlirlər. Buna müvafiq olaraq buradakı otellərdəki şərait qonaqları qarşılamağa uyğunlaşdırılıb. Rayonun turizm obyektlərində və istirahət mərkəzlərində turistlərə üç istiqamət üzrə xidmətlər təklif olunur. Buraya rayonun təbiəti, gəzməli-görməli yerləri, zəngin flora və faunası, tarixi abidələri ilə tanışlıq daxildir. Rayon ərazisində yerləşən Qızılağac qoruğu da diqqətçəkən məkanlardandır. Masallı özünün qalaları, ziyarətgahları, hamamları, bulaqları ilə məşhurdur. Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarına əsasən Masallı rayonu ərazisində dövlət qeydiyyatına götürülmüş 210 abidə, o cümlədən 2 ədəd ölkə əhəmiyyətli memarlıq abidəsi, 97 ədəd ölkə əhəmiyyətli arxeoloji abidə, 89 ədəd yerli əhəmiyyətli memarlıq abidəsi, 1 ədəd yerli əhəmiyyətli bağ-park abidəsi, 12 ədəd yerli arxeoloji abidə, 9 ədəd dekorativ-tətbiqi sənət abidəsi mövcuddur.

2012-ci ildə rayonun “Azərbaycanın folklor paytaxtı” elan edilməsi, daha sonra ardıcıl olaraq Beynəlxalq Folklor Festivallarının keçirilməsi Masallının adını ölkədən xaricdə də xeyli tanıdıb. Festivallarda Azərbaycanın folklor kollektivləri ilə bərabər Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna, Qazaxıstan, Latviya və digər ölkələrin folklor kollektivləri də iştirak ediblər. Ölkəmizin milli mədəniyyətinin təbliğində və tanınmasında bu festivalların mühüm əhəmiyyəti olub. Rayona gələn turistlərin ziyarət edəcəyi məknalar sırasında Heyər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin xüsusi yeri var. Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrədilməsi ilə yanaşı, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq emalatxanaları, həmçinin kinostudiya, müxtəlif xalq sənətkarlığı və poliqrafiya dərnəkləri fəaliyyət göstərir.

Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, Masallı Tarix-Diyarşünaslıq muzeyinin fəaliyyəti də yenidən təşkil olunub. Hazırda muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir. Muzeyin əsas fondunda müxtəlif dövrləri əhatə edən 8000 eksponat var ki, onlardan 2000-i ekspozisiyada sərgilənib. Nümayiş etdirilən eksponatlar bölgənin təbiətini, qədim dövrünü ( daş silahlar, qablar, müxtəlif gil qablar), etnoqrafiyasını (əmək alətləri, toxuculuq məişət əşyaları, geyim və bəzək əşyaları), antik və müasir dövrə aid sikkə və əskinaslarını əks etdirir. Muzeydə əmək və müharibə qəhrəmanlarına, Masallı şəhidlərinə aid materialları özündə əks etdirən guşələr var. Muzeydə eksponatlar qədim dövrdən tutmuş müasir dövrə qədər illəri əhatə edir. Bölgədə ilk dəfə olaraq muzeydə təbiət və eksponatlar həm də monitorlar vasitəsilə nümayiş etdirilir.

Muzeydə müstəqillik və zəfər tariximizə də xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin həyat və fəaliyyətini, rayona səfərlərini əks etdirən fotolardan, həmçinin birinci Qarabağ və 44 günlük Vətən müharibəsində şəhid olmuş vətən övladlarının və qəhrəmanlarımızın fotolarından ibarət guşlələr də yaradılıb. Rayonda müxtəlif turizm növlərini inkişaf etdirmək üçün də münasib şərait var. O cümlədən, ekoturizm, mədəni turizm, kənd turizmi və s. turizm növləri üçün geniş potensial mövcuddur. Turizmin inkişafı isə təkcə Masallı üçün deyil, ümumilikdə Cənub bölgəsi üçün yeni sima və rifahdan xəbər verir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir.

YAP Masallı rayon təşkilatı
Masallı Regional Mədəniyyət idarəsinin ərazi partiya təşkilatının sədr müavini
Muxtarlı Dadaş Muxtar oğlu